Cümə, 10 İyun 2016 22:00

Neft sənayesi sahəsində bütövlükdə “qeyri-peşəkarlar ordusu” yaranıb

Şirzad Babayev: "Hesab edirəm ki, baş verən proseslər qarşıda hələ çoxsaylı ixtisarların gözlənildiyindən xəbər verir"

Xeber.İnfo-nun suallarını ictimai-siyasi fəal Şirzad Babayev cavablandırır

-          Bakı Neft Emalı zavodlarında fəhlələrin kütləvi ixtisarıbarədə məlumatlar dolaşır. Siz bu ixtisarları necə qiymətləndirirsiniz?

-          Təkcə Bakı Neft Emalı zavodunda deyil, həm də Heydər Əliyev adına zavodda ümumilikdə 800 nəfər əməkdaşın ixtisara salınması gerçəklikdir. Bu haqda geniş məlumatlar var. Zavodların hər birində 400 fəhlə ixtisara salınıb. Bu ixtisara səbəb kimi hasilatın aşağı düşməsi, neft emalının azalması, avadanlıqların köhnəlməsi göstərilir. Neft sənayesində durumun belə ağır vəziyyət almasına görə məsuliyyəti ARDNŞ-in idarə müdirləri daşıyırlar.

-          Neft sahəsində bu kimi kütləvi ixtisarlara artıq tez-tez rast gəlirik...

-          Yadınızda olsa keçən ilin sonlarından ARDNŞ-də ixtisarlar başlayıb. Qurum ixtisara düşənlərin ARDNŞ xəttilə proqrama qatılacaqları və iş dəvəti alacaqları haqda yağlı vədlər verirdi. Amma həmin vədlər yerinə yetirilmədi. Bu  ixtisarlar zamanı ARDNŞ-nin idarə rəhbərlərinə texniki işçilər götürmək səlahiyyətinin  verildiyi bildirilir. Əslində bu imtiyaz qurumda korrupsiya halının olacağına şərait yaradıb. Bundan istifadə edən idarə başçıları vakant yerlərə mütəxəssisləri yox, texniki işçi adı ilə yaxınlarını  götürüblər. Beləliklə, neft sənayesi sahəsində bütövlükdə “qeyri-peşəkarlar ordusu” yaranıb. Bakı neft emalının bağlanması gözlənildiyi üçün bu ixtisarların davam edəcəyini düşünürəm.

-          Bu ixtisarlar neft hasilatının azalması ilə bağlı ola bilər?

-          Həm neft hasilatının, həm də hasilatın azalması ilə bağlı emal sənayesinin iş həcmi azalır. Bu isə ixtisarların davamlı olacağını şərtləndirir. Hesab edirəm ki, baş verən proseslər qarşıda hələ çoxsaylı ixtisarların gözlənildiyindən xəbər verir. 

xeberinfo.de,

Mövlud Abdulov

Oxunuş sayı 1279 dəfə
Şərh vermək üçün giriş edin
Top