Çərşənbə, 06 İyul 2016 22:00

Hakim ailə Azərbaycana xüsusi mülkiyyəti kimi baxır - təcrübəli vəkil yazır

Mülkiyyət hüququ və vətəndaşın təhlükəsizliyi dövlətin əsas vəzifələri hesab olunur. Yəni vətəndaşın dövlər qarşısında hansısa öhdəliyi varsa, dövlətin də vətəndaş qarşısında öhdəliyi var. Bu öhdəlik isə mülkiyyət hüququnun qorunması və təhlükəsizliyin təmin edilməsidir. Lakin Azərbaycanda dövlətin vətəndaş qarşısında götürdüyü hər iki öhdəlik kobud şəkildə pozulur. Mülkiyyət hüquqi əksər hallarda “dövlət layihəsidir” adıyla pozulur. İnsanlar zorla evlərində çıxarılır. Təhlükəsizlik məsələsi də tam açıq qalır. Hər iki məsələ ilə bağlı kifayət qədər fakt mövcuddur. Əsas narahatedici məqam isə bu faktların hakimiyət məmurları tərəfindən baş verməsidir. Hakimiyyət istədiyi kimi davranır, vətəndaşla dövlət arasında çox ciddi uçurum yaratmağa cəhd edir. Məsələn, Bakının mərkəzində yeni binaların tikilməsi və parkların salınması üçün əhalini kütləvi şəkildə digər yerlərə köçürtdülər. Elə mətbuat səhifələrində balaca araşdırma vəziyyətin necə də acınacaqlı olduğunu göstərir. Mülkiyyətçiləri zorla küçəyə töküb qul kimi davrandı bu hakimiyyət. Heç bir halda əmlakın qimətləndirilməsində mülkiyyətçinin fikri və istəyi nəzərə alınmdı və alınmır. Real bazar qiymətindən də adətən aşağı təklif olunan qiymətlə razışalmayan mülkiyyətçiyə qarşı görünməz haqsızlıq edilir. Hətta saxta ittihamlarla həbsə salınma hallarına da şahid oluruq. Evini tərk etməyən vətəndaşlara qarşı qeyri-insanı davranışlar adi hala çevrilib. Hakimiyyət həmin ailələrin kommunal xəttləri kəsir, XXI əsrdə lampa işığına möhtac qoyur. Daha dəhşətlisi isə içində yaşayış olan binaların ağır texnikalarla uçurulması faktıdır. Hakim ailənin maraqları xaricində hər şey mümkündür. Azərbaycanda yalnız bir qayda işləyir. O da hakim ailənin biznes maraqları və ehtiras həvəsidir. Ailənin maraqlarına toxunan şəxs kimliyindən asılı olmayaraq ağır cəzalandırılır. Bir fakta diqqəti çəkmək istəyirəm. Təqribən 4 ay əvvəl Bakının mərkəzində uzun illər fəaliyyət göstərən, müasir inzibati binaya malik olan, hüquqi baxımdan bütün sənədləri yerində olan bir hotel müştəriləri içində olduğu halda uçuruldu. Bu, vandalizmdir. İşçilər və müştərilər zorla canlarını qurtardılar. Sonra məlumat yayıldı ki, həmin hotelin rəhbəri hakim ailənin və yaxud hakim ailənin yanında çox böyük nüfuza sahib olan bir oliqarx-məmurun qəzəbinə tuş gəlib. Budurmu mülkiyyət hüququnun qorunması? Azərbaycanda illərini verib mülkə sahib olanlar təşviş içindədirlər ki, hökumətin harın məmurları nə zamansa gəlib dövlət adından evlərini başlarına uçurdacaqlar. Dövlət vətəndaşın evini başına uçurursa dövlət ola bilərmi? Kim ona etimad göstərəcək? Kim o dövlətin qorunması üçün qanını axıdacaq? Hakimiyyət Azərbaycan dövlətini ailə biznesinə çevirib. Sanki bu dövlət hakim ailənin qazanc obyektidir.

Vətəndaş toxunulmazlığı sahəsində daha dəhşətli faktlarla üzləşirik. Hakim ailəni tənqid edən şəxs ən ağır ittihamlarla həbs olunur. Heç bir qanun pozmayan şəxs ağır cinayətlərlə məşğul olan idarələrə dəvət olunurlar. Elə idarələr ki, orda çox ağır və xüsusən ağır cinayətkarlar mühakimə edilirlər. Belə hallar insanlara ciddi psixoloji təsir etmək üçündür. Daha bir fakt deyim. Bir jurnalist danışır ki, qaçqınların problemini çəkib ictimailəşdirdiyim üçün məni qanunsuz həbs elədilər və aparıb toyuq oğrularının yanına saldılar. Onlar da məni ən alçaq formada təhqir eləməyə başladılar. Əvəzində isə sərbəst buraxılacaqlarını dedilər. Bax budur Azərbaycan hakimiyyətinin mahiyyəti. Sağlam düşüncələri bilərəkdən məhv edir. Ağır cinayət törədən şəxslər rüşvət qarşılığında sərbəst buraxılırlar. Suçu ancaq azad yaşamaq istəyi olan şəxslər isə ən ağır maddələrin qurbanına çevrilirlər. Hakim ailə ölkəyə şəxsi obyekt kimi baxdığı üçün heç bir hüquq filan qəbul etmir. Hakimiyyətin istəyi onun şəxsi və biznes maraqlarıdır. Bu maraqlar və ehtiras ölkəni dibi bilinməyən bataqlığı salıb.

  Hakim ailə bütövlükdə Azərbaycanı öz mülkiyyəti hesab edir. Hər seçkidə də ölkənin ümumilikdə hakimiyyətin xüsusi mülkiyyətinə verilməsini təsdiqləyirr. Növbəti 5 ildə ən xırda məmur “vəzifə atını” ona verilmiş ərazidə istədiyi kimi çapa bilir. Ölkədə ancaq bir halda məmur cəzalana bilər. Hakimiyyətin başında dayanan şəxsə qarşı sədaqətsizliyi sübut olarsa, onu heç fələk də qurtara bilməz. Ölkəni talayan, əhalinin acınacaqlı duruma düşməsinə səbəb olanlar isə hər altı ayın tamamında mükafatlanır, medalla təltif olunurlar. Əhalinin necə yaşaması, hansı əziyyətlə üzləşməsi, işsizliyin, bahalığın hansı səviyyədə olması məmur tayfasının heç vecinə deyil. Hökumət başçısı da hər altı ayın tamamında nazir, komitə sədrlərini toplayıb bər-bəzəkli və ümidverici sözlərlə böhranın yan keçdiyini deyir. Əsas odur ki, hakimiyyət nümayəndələrinin xərcləri azalmasın. Belə davam edərsə, ölkənin dövlət kimi mövcudluğu sual altına düşəcək.

Xeber.İnfo,

Ramil Rüstəmov 
Vəkillər Kollegiyasının üzvü, Avropa təcrübəli vəkil

Oxunuş sayı 2347 dəfə
Şərh vermək üçün giriş edin
Top