Şənbə, 15 İyul 2017 22:00

"Bakı kəndlərində sosial partlayış qaçılmazdır" – Müsahibə

Məmmədəli İsmayılov: “İnsanları kölə vəziyyətinə salmaq, fəal şəxsləri saxta ittihamlarla həbsə atmaq cəmiyyətdə qorxu yaradıb”

“Hesab edirəm ki, Dövlət və Vətən anlayışı təkcə torpaq deyil, o torpağın üzərində gəzən, nəfəs alan vətəndaşlardan da ibarətdir”

Ölkənin hər rayonunda olduğu kimi Bakı kəndlərində də vəziyyət ürəkaçan deyil. Hətta kəndlərdə yaşayış səviyyəsinin hər gün məhdudlaşması ilə bağlı mesajlar verilir. Xüsusilə də yerli əhalinin torpaqla bağlı problemləri ciddi narazlıq yaradıb. Körpü və yol çəkilişləri ilə bağlı plana düşən evlərə verilən kompensasiyalarla əlaqədar yaranan narazılıq isə vəziyyəti daha da gərginləşdirib. Məsələ ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının yanında yaradılmş Bakı Kəndlər İcmasının sədri Məmmədəli İsmayılov fikirlərini bizimlə bölüşdü.

-  Məmmədəli müəllim, Bakı kəndlərində əhalinin vəziyyətini necə xarakterizə edərdiniz?

Düşünürəm ki, Bakı kəndlərində vəziyyət pisdir, problem olduqca çoxdur. Əsas problem isə torpaqla bağlıdır. Çünki, torpaq əhalinin məskunlaşmasıdır, iqtisadiyyatdır, gələcəyidir. Azərbaycanda baş verən proseslərin əksəriyyəti isə öz əks-sədasını Bakı kəndlərində və Abşeron torpaqlarında göstərir. Bakı kəndlərində vəziyyəti pisləşdirən amillərdən biri də ölkənin digər rayon və kəndlərindəki vəziyyətin ağırlaşmasıdır. Regionlarda işsizlik və sosial problemlər əhalinin böyük əksəriyyətini paytaxta toplayıb. Bu istiqamətdə məsuliyyət birmənalı olaraq hakimiyyətin üzərinə düşür. Çünki hakimiyyətin yanlış siyasəti nəticəsində regionlarda həyat iflic vəziyyətindədir. Digər tərəfdən Dağlıq Qarabağ və Qarabağ ətrafındakı rayonların işğalı nəticəsində həmin rayonların sakinləri də Bakıda məskunlaşıb. Ən əsas səbəb isə hakimiyyətin yanlış davranışı və siyasətidir. Bu amillərə görə yerli əhali üçün xeyli çətinlik yaranıb. Rayon əhalisini günahlandırmaq fikrində deyilm. Bu mənzərə ölkənin ümumi görünüşüdür. Mən şəxsən elələrini tanıyıram ki, hansısa rayonda illərlə zəhmət çəkib tikdiyi, hektarlarla ərazisi olan evini qıfıllayıb, gəlib Bakının hansısa kəndində şəraitsiz evdə kirayə yaşayır. Bir az imkanı olan isə 1, 2 sot torpaq alıb, ev tikir, yaşayır. Yəni həyatını yenidən qurmağa məcbur olur. Sizcə normal insan niyə bu addımı atmalıdır? Rayonlardan paytaxta kütləvi axın yerli əhalinin iş yerlərinin itirməsinə və digər çətinliklərə səbəb olub. 

-Vəziyyətin bu həddə çatmasında əsas günahkar(lar) kim(lər)dir?

-Bütün halda ölkə başçısı məsuliyyət daşıyır. Əvvəla, ölkə başçısı hər bir vətəndaşın təhlükəsizliyinin və mülkiyyətinin qarantıdır, ikincisi ölkədə vəziyyəti gərginləşdirən məmurlar məhz ölkə başçısının sərəncamı ilə vəzifəyə təyin olunurlar və onların davranışını prezident hələ ki, sükutla seyr edir.  Məmurlar vəzifələrdə elə oturublar ki, sanki bu kreslo onlara verilən fərdi səlahiyyətdir. Bir şeyi başa düşmürlər ki, bu vəzifə kürsüsü onlara ona görə verilib ki, xalqın ehtiyaclarını ödəsinlər. İstər "Azəriqaz", istər ARDNŞ, istərsə də digər dövlət qurumları öz maraqlarını güdür. Ancaq ciblərini doldurmağı yaxşı hesablayırlar. Bunun nəticəsidir ki, bu gün Bakı kəndlərində hər mənada gərginlik yaranıb.

- Bakı kəndlərində plana düşən evlərlə bağlı da narazılıqların olduğu bildirilir... 

- Məndə olan məlumata görə, kənd sakinləri ilə aparılan danışıqlara əsasən, kompensasiyalar verilir. Eləsi var ki, torpağı zəbt edib, orda nəsə tikib, kiməsə rüşvət verib, qalıb. İndi gəlib onu sökəndə sənəd göstərməlidir, bəzilərinin isə sənədi yoxdur. Nardaran kəndinin abadlaşdırılması istiqamətində dövlət layihəsi həyata keçirildi. Sonra məlum oldu ki, kənd camaatının bir hissəsi aldadılıb. Əvvəlcə razılaşdırılmış məbləğ ödənilməyib. Belə hallara digər kəndlərdə də rast gəlmək mümkündür.

-  Kompensasiyaların əhalinin evlərinə və əmlaklarına adekvat olmadığı bildirilir. Bu barədə nə deyə bilərsiniz? 

-Belə halları təkzib etmək mümkün deyil. Bakının abadlaşdırılması üçün həyata keçirilən layihələr ya dövlət tərəfindən icra olunur, ya da hansısa sahibkar. Hər iki halda sakinlər aldadılır. Dövlət icra etdiyi layihələrdə Vətən, Dövlət və sair məsələləri önə çəkib sakinləri razılaşmağa məcbur edirlər. Sahibkarlar da müxtəlif təzyiqlərdən yararlanırlar. Nəticədə vətəndaş məcbur şəkildə mülkünü verməli olur. Hesab edirəm ki, Bakı kəndlərində əsas problemlərdən biri də yeni evlərin tikilməsi üçün torpaq sahələrinin olmamasıdır. Kəndlərdə boş torpaqlar digərlərinə satılıb. Yerli camaat gənc övladını evlədnirib, ev tikib ayırmaq üçün torpaq sahəsi tapmır. Bu hal yaxın gələcəkdə ciddi proeblemə çevriləcək. Bu problem nə vaxtsa şişib partlayacaq. Belə davam etsə, Bakı kəndlərində sosial partlayış gözlənilir. Burada elə bir ab-hava yaranıb ki, hər an partlayış ola bilər. Abşeron torpaqları hazırda yüz dəfə özündən artıq təzyiqə məruz qalıb. Hər tərəfdən bura axın var. Bakı kəndlərinin əksəriyyəti müəyyən təsərrüfat bölgüsü ilə mövcud olub. Maştağa ticarət mərkəzi, Buzovnada balıq, göyərti, Nardaranda bostançılıq, balıq, Bilgəhdə zəfəran, bağçılıq, Şüvəlan, Zirə əkinçilik, maldarlıqla məşğul olub. İndi isə əkin və örüş yerləri məhdudlaşıb. Satılan satılıb, tutulan tutulub, daha torpaq yoxdur. Demək olar ki, fərdi təsərrüfat məhv edilib. Vaxtiylə Bakı kəndliləri özlərini fərdi qaydada dolandırırdılarsa, Bakının bir milyon əhalisini meyvə, tərəvəz, ət məhsuları ilə təmin edirdilərsə, indi heç öz kəndlərini təmin edəcək səviyyədə deyillər. 

-Bu kimi problemlərin həlli üçün nə təklifləriniz var?

-Bakı kəndlərində baş verən hadisələrin mahiyyətini anlamırlar. Bu hadisələrə düzgün münasibət lazımdır. Kabinetdə oturub, torpağı başa düşmək olmaz. Kabinetdə oturan nazirləri torpağa doğru qovmaq lazımdır. Bir gün Bakı kəndlərində partlayış olacaq, sonra axtaracaqlar ki, nəyə görə belə oldu. Müəyyən məmurlar cinayətkar sistemi qurublar, xalqı cinayətə sövq edirlər. İlk növbədə regionlarda sosial proeblemlər və işsizlik aradan qaldırılmalıdır. Bakı nisbətən yüngülləşməlidir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi istiqamətində real işlər görülməlidir. Bu günə qədər hökumət ancaq kağız üzərində yalançı rəqəmlər səsləndirməklə məşğul olub. Boş rəqəmləri real işə çevirməsək heç nə dəyişməyəcək, əksinə vəziyyət ağırlaşan templə inkişaf edəcək.

-Artıq, keçmiş “Sovetski” deyilən ərazi söküldü, tarixə qovuşdu. Sakinlərin əksəriyyəti öz evlərindən çıxmaq istəmirdilər. Əsas səbəb kimi isə verilən kompensasiyanın azlığını göstərirdilər. “Sovetski” sakinlərinin durumu nə yerdədir?

Məndə olan məlumata görə Maliyyə Nazirliyi tərəfindən sakinlər aldanılıblar. Nə əlilə, nə körpəyə, nə də yaşlıya hörmət edilməyib. Yalan vədlərlə camaata qol çəkdiriblər, pulu vermək əvəzinə oyun qururlar. İnsan həyatı ilə bu qədər oynamaq olmaz. Bazarda alver edən adam bunlardan qeyrətlidir. Sakinlərin aldanılması ilə bağlı Komissiya sədrinin yanında oldum; mənə dedi ki, “get hara bacarırsan şikayət et”. Bu ərazidən sakinləri məcbur çıxartdılar. Təsəvvür edin əksər evlərin suyunu, qazını, işığını kəsdilər. Neçə ailə tanıyıram ki, günlərlə suzuz və qaranlığa yaşadı. Birmənalı və tam məsuliyyətlə deyə bilərəm ki, burada insanların mülkiyyət hüququ pozuldu və pozulur. XXI əsrdə bu cür vandalizm aktına şahid olmaq dəhşətdir. Hesab edirəm ki, Dövlət və Vətən anlayışı təkcə torpaq deyil, o torpağın üzərində gəzən, nəfəs alan vətəndaşlardan da ibarətdir. Vətəndaş yoxdursa, vətən də yoxdur. Hətta “dövlət layihəsi”dir adı ilə vətəndaşların fiziki təzyiqə məruz qaldığına da şahid olduq. Xüsusi olaraq qeyd edirəm ki, hər kvadrat metr üçün 1500 manat kompensasiya ödənilməsinə qarşıyam. Bu məbləğ manat dəyərdən düşməmiş ödənilirdi. O zaman bir ABŞ dolları 0.78 manat idi. İndi isə dollar iki manata yaxındır. Nəzərə alsaq ki, Azərbaycana meyvədən tutmuş, tikinti materialına qədər hər şey idxal olunur, o zaman dolların dəyərləndiyi üçün qiymət artımını anlamaq elə də çətin olmur. İndi isə müqayisə edin. Hər kvadrat metr üçün 1500 manat kompensasiya ödəmək nə qədər insaflıdır? Heç buməbləği də düzgün ödəmirlər. 

-Məmmədəli müəllim, söküntü başlayan vaxtlar bir neçə etiraz aksiyasını müşahidə etdik. Bu qədər problem varsa niyə sakinlər etiraz etmir? 

-Mən hər gün sakinlərlə görüşürəm. Onların hansı problemlərlə üzləşdiklərini də yaxşı bilirəm. Bir paralellik aparsam sizin sualın cavabı məlum olar. Azərbaycanda bütün rayon və şəhər əhalisinin problemi eynidir, hamı bir nəfər kimi narazıdır. Lakin heç kim etiraz yürüşünə çıxmaq istəmir. İnsanları qorxu içində saxlamaq, onları kölə vəziyyətinə salmaq, fəal şəxsləri saxta ittihamlarla həbsə atmaq və digər vasitələrlə hökumət cəmiyyətdə qorxu yaradıb. Cəmiyyətdə yaradılan qorxu kütləvi etirazlara hələ ki, maneə olur. Amma deməliyəm ki, bu cür idarəetmə çox uzağa gedə bilməz.

Cavid Cabbarlı

Xeber.İnfo

Oxunuş sayı 2429 dəfə
Şərh vermək üçün giriş edin
Top