Bazar ertəsi, 15 Fevral 2016 21:00

Hicran Hüseynovaya qarşı yeni İTTİHAMLAR

Vəkil Adəm Məmmədov Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun verdiyi açıqlamanı təkzib edib.

Hüquqşünas modern.az-a şöbə müdirinin onun barəsində səsləndirdiyi fikirlərin tamamilə yalan olduğunu deyib. O, bildirib ki, bu məsələ ilə bağlı adıçəkilən Komitədə olmayıb.
“Mən hüquqlarını qoruduğum şəxsin iddiasını müdafiə edirəm. Şikayətçi bildirib ki, 170 min ABŞ dollarını keçmiş Aparat rəhbəri Səfər İmanov onun gözünün qarşısında Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya verib. Bu barədə müvəkkilimdə tutarlı dəlillər var. Hətta Səfər İmanovun aldığı pulları Komitə sədrinə verməsi haqda yazılı qeydlər də var”.
A.Məmmədov şikayətçi şəxsin öz ərizəsində Səfər İmanovla Hicran Hüseynovanın yaxın qohum olmasını da qeyd edib: “Sosial şəbəkələrdə bununla bağlı yazı ictimailəşdikdən sonra daha iki nəfər eyni motivlə zərərçəkmələri barədə müraciət edib. Lazım gələrsə, bu faktları da açıqlayacağam”.
Xatırladaq ki, məsələ ilə bağlı Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin açıqlamasına görə, Səfər İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov adıçəkilən qurumda olub. Bildirilib ki, A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 5-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
"Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib", - deyə Dövlət Komitəsindən bildirilib.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov vəkil Adəm Məmmədovun növbəti iddialarına münasibət bildirib. O, Modern.az saytının sorğusuna cavab olaraq araşdırmaların davam etdirildiyini qeyd edib:
“Biz Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin araşdırmalarının nəticələrini gözləyirik. Hələ ki, araşdırmalar davam edir”.
E.Səfərov vəkil A.Məmmədovun 170 min ABŞ dollarını keçmiş Aparat rəhbəri Səfər İmanovun şikayətçinin gözü qarşısında Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya verməsi iddiasını əsassız adlandırıb:
“Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə görə çox şey deyə bilər. Bu onun haqlı olduğunun göstəricisi deyil. Hər şey araşdırmaların nəticəsindən sonra bəlli olacaq”.
Qeyd edək ki, hüquqşünas A.Məmmədov icra hakimiyyətinin müavini postuna təyin olunmaq üçün 170 min ABŞ dolları verən şəxsin iddiaları üzrə onun hüquqlarını müdafiə edir. Adının çəkilməsini istəməyən iddiaçı, aparat rəhbəri Səfər İmanovdan 170 min ABŞ dolları müqabilində vəzifəyə təyin olunacağına təminat alsa da, aldadılıb. Aparat rəhbəri ölkəni tərk edib.
Oxunuş sayı 1443 dəfə
Şərh vermək üçün giriş edin
Top