Çərşənbə, 17 Fevral 2016 21:00

“Hökumət əhalinin vəziyyətinin yaxşılaşdırılmasında maraqlı deyil...”

Vasif Rzayev: “... ya bunu istəmir, ya da bacarmır”

“Ölkədə problemli kreditlərin sayı durmadan artır. Vətəndaş günahı olmadan ağır maliyyə zərbəsi alır. Hesab edirəm ki, hökumətin operativ şəkildə düzgün qərar qəbul etmək problemi var”.  Bu sözləri ictimai-siyasi fəal Vasif Rzayev Xeber.İnfo-a deyib. V.Rzayev diqqəti sahibkarlara qarşı təzyiqə yönəltdi: “Sahibkarların, ölkədəki müəssisə və təşkilatların, əhalinin real vəziyyətini düzgün qiymətləndirə bilmirlər. Hökumət əhalinin vəziyyətinin yaxşılaşdırılmasında maraqlı deyil, ya bunu istəmir, ya da bacarmır. Problemli kreditlərin artmasının səbəbi ölkədə aparılan yanlış kredit-pul siyasətidir. Uzun müddət elə siyasət həyata keçiriblər ki, insanlar götürdükləri kreditləri normal şəkildə pul qazanmaqla qaytara bilməyirlər. Faizlər yüksək, gəlirlər isə aşağıdır. Vətəndaşlar bankların yüksək faizlərini qaytarmaq imkanında deyillər. Bu da əhalinin vəziyyətinin ağırlaşmasına və problemli kreditlərin böyüməsinə səbəb olub. Bu azmış kimi iki dəfə milli valyutanı dəyərdən salmaq hesabına dollarla krediti olanların borc yükünü ümumilikdə 5 milyarddan çox artırdılar. Əgər vətəndaşın borcu artıbsa, ödəmək qabiliyyəti zəifləyibsə, normal hökumətlər vətəndaşına kömək edir. Bizdə isə bu proses tamamilə tərsinədir”.

V.Rzayev qeyd edib ki, manata bir müddət süni nəfəs verməklə davam etmək mümkün deyil: “İnzibati yol bu məqamda müvəqqətidir. Problem köklü şəkildə həllini tapmalıdır. Ticarət şəbəkəsinin xarici valyutaya olan təlabatı tam ödənilməlidir ki, onlar da xaricilər qarşısında olan öhdəliklərini yerinə yetirə bilsinlər.İllər uzunu atılan yanlış addımlardır ki, belə çıxılmaz vəziyyət yaradıb. Əgər ticarət şəbəkəsinin normal fəaliyyətini qoruyub saxlamaq lazımdırsa, belə çıxır ki, qiymətlər bahalaşacaq. Bu isə əhalinin sosial vəziyyətinin bir qədər də pisləşməsinə səbəb olacaq. Çünki əhalinin gəlirlərinin artım tempi, qiymətlərin artım tempindən onsuz da geri qalıb. Hələ rəsmi statistikanın açıqladığına görə, qiymətlər son üç ayda 11 faiz artıbsa, əmək haqqı 6 faiz artıb. Hələ bu qiymətlərin səviyyəsini aşağı göstərməkdə ad çıxarmış Statistika Komitəsinin rəqəmlərinin müqayisəsinə görə belədir. Növbəti bahalaşmanın hansı fəsadlara səbəb olacağını, əhalinin sosial vəziyyətinə nə dərəcədə təsir edəcəyini bu rəqəmlər daha bariz göstərir. Hökumətin əhalinin maaşlarını artırmaq istəyi və imkanları isə çox məhduddur. Təəssüf ki, hökumət buməsələdə çox həvəssiz görsənir.

Oxunuş sayı 1557 dəfə
Şərh vermək üçün giriş edin
Top