Çərşənbə axşamı, 22 Noyabr 2016 21:00

“Pambıq əkmək adı ilə bizi torpağımızdan didərgin salmaq istəyirlər” – VİDEO

Torpaq var, ev var, insanlar var, amma… 

Bir neçə il öncə bir film izləmişdim. Türkiyə istehsalı olan filmdə Tinne adlı bir kənddən bəhs edilirdi. Kənddə yüzlərlə insan yaşayır, gənclər ailə qurur, evlənir və beləcə nəsil artırdı. Kəndin hər bir şeyi var idi, təkcə adından başqa. Belə ki, xəritədə belə göstərilməyən yeri dövlət rəsmi olaraq kənd kimi tanımırdı. İnsanlar bunun üçün mübarizə aparırdı. Filmdən boş yerə bəhs etmədik. Bu dəfə oxucularımıza eynən bu filmdəki hadisələrin baş verdiyi, amma bizə çox da uzaq olmayan bir yerdən bəhs edəcəyik.

Söhbət Neftçala rayonunda yerləşən mal obasından gedir. Məsələ burasındadır ki, burada yüzə yaxın ailə yaşayır. Sovet dövründə burada kolxoz olub və Lerik rayonundan gələn işçilər burada ev tikiblər. Onlar həm kolxozda işləyiblər, həm də burada yaşayıblar. Kolxoz ləğv edildikdən sonra isə gedəcək bir yerləri olmadığı üçün elə burada qalmağa qərar veriblər.

Zamanla ailələr böyüyüb, gənclər evlənib, burada yaşayıblar. Obanın məscidi, 4-cü sinfə qədər təhsil verən məktəbi və qəbiristanlığı var. Bir sözlə, balaca kənd və ya qəsəbə statusu alacaq bir yerdir. Lakin buranın sakinlərinin hamısı Lerikdə qeydiyyata alınıb. Hətta burada dünyaya göz açanları belə Lerik rayonunda qeydiyyata salırlar. Düşünün ki, balaca bir arayış üçün insanlar kilometrlərlə yol gedib, Lerikdən sənəd almalı və geri dönməli olurlar.

İllərdir qeydiyyat problemi yaşayan insanların indi ikinci bir dərdi var, onları buradan çıxarmaq istəyirlər.

Musavat.com saytının Neftçalaya ezam olunmuş müxbirinə danışan sakinlərin sözlərinə görə, onlara burada qanunsuz yaşadıqlarını deyiblər:

“Əslində qanunla haqsız deyillər. Bizim heç bir sənədimiz yoxdur. Amma bunda bizim günahımız varmı? Kolxoz vaxtında buraya çağırıblar, gəlmişik. Lerikdə nə evimiz var, nə də torpağımız. Hamımız Neftçalada yaşayırıq və bura ilə işimizi qurmuşuq. Uşaqlarımız burada oxuyur, mal-qara ilə ailə saxlayırıq. Bununla çörək qazanırıq. Amma indi bizə deyirlər ki, siz qanunsuz yaşayırsınız. Nə edək? Çıxaq gedək? Getməyə yerimizmi var? Mənim indi 57 yaşım var. Bu yaşdan sonra haraya gedib, orada yaşa və işləyə bilərəm? Mənim oğlum 21 yaşlı oğlum buradakı məzarlıqda yatır. Onu qoyum gedim?

Sakinləri pambıq əkməyə məcbur edirlər: “Bizi məcbur edirlər ki, burada pambıq əkək. Axı bizim bundan başımız çıxmır. Ömrü boyu maldarlıqla məşğul olmuşuq. Üstəlik bu şor torpaqdır. Burada pambıq əkmək üçün gərək xüsusi təmizlənmə işləri aparılsın. Bunu da gərək dövlət eləsin. Pambıq əkmək elə də asan şey deyil”.

Yüzə yaxın ailənin yaşadığı obanın heç bir sənəddə adı keçmir. Buranı nə kənd, nə də qəsəbə kimi qeydiyyata almırlar. Məmurlar vətəndaşları get-gələ salıblar: “Bizə Neftçala rayon icra hakimiyyətində deyirlər ki, gedib Lerikdən qeydiyyatdan çıxmalıyıq. Bu da mümkün deyil. Biz havada qala bilmərik axı. Gərək Neftçalada qeydiyyata düşmək üçün yerimiz olsun. Yaşadığımız yer obadır. Kənd, qəsəbə statusu da vermirlər ki, burada qeydiyyata düşək. Qalmışıq başsız atlı kimi”.

Obanın yolu dəhşətli şəkildə bərbaddır. Buna görə də, sakinlər uşaqlarını internat məktəbinə qoyurlar ki, hər gün gedib-gəlməsinlər. Çünki bu yolla hərəkət etmək mümkün deyil.

Qabil Ələkbərov oba sakinlərindən biridir. O, deyir ki, gözünü burada açıb, illərdir burada yaşayır. Oğlu buradan əsgər gedib və hazırda da xidmət edir: “1977-ci ildə bu obada dünyaya göz açmışam. Ailəliklə burada yaşamışıq. Atam kolxozda işləyirdi. Hazırda övladlarımla birgə atamın tikdiyi evdə yaşayıram. Oğlum Daşkəsəndə erməni zalımları ilə üz-üzədir. Amma evimizdə rahat otura bilmirik. Bizə deyirlər ki, “Evinizi sökəcəklər, torpağınızı əlinizdən alacaqlar, çıxın gedin burdan”. Qalmışıq odla-suyun arasında. Vəziyyətin necə olacağını bilmirik. Bizə rəsmi şəkildə bir söz deyən yoxdur”.

64 yaşlı Xudaverdi Talıbov da obada yaşayır. Xudaverdi dayı deyir ki, ömrü boyu mal-qara ilə məşğul olub. Ailəsinin çörəyini belə qazanıb. Bundan sonra da belə davam etmək istəyir: “Biz nəsilliklə təsərrüfatla məşğuluq. Sovet dövründə bizə mal-qara verdilər və dedilər ki, ev tikək, burada yaşayaq, həm də işləyək. Kolxoz dağıldı, biz qaldıq. Heç kimlə işimiz yoxdur. Çörəyimizi zəhmətlə qazanırıq. Burada yaşayanların çoxunun Lerikdə heç bir mülki yoxdur. Lap evi olsa belə, orada necə yaşayacaqlar? İşi burada, qazancı burada. Bizim xüsusi bir istəyimiz yoxdur. Sadəcə bizə əyməsinlər, çörəyimizi qazanmaqda davam edək”.

Mirağa Musayev də obanın ağsaqqallarından biridir: “1980-ci ildə buraya gəlmişəm. Obada 300 hektar torpaq sahəsi var. Onu bizdən almaq istəyirlər. Əgər bu torpağı bizdən alsalar, gərək biz buradan köçək. Çünki zavod yox, fabrik yox… Kənd yeridir, çörək zəhmətdən çıxır. Gedək oğurluq edək? Ailəmizi necə saxlayaq? Köçəcək yerimiz də yoxdur. Şəxsən mənim 61 yaşım var. Lerikdə nə torpağım, nə də evim var. Adicə Lerikə yasa, toya gedəndə ürəyim sıxılır. Biz buraya alışmışıq. Cavanlar burada doğulub, burada evləniblər, burada da oxuyublar. Bizi 60 ildir yaşadığımız yerdən didərgin salmaq istəyirlər”.

Oxunuş sayı 1372 dəfə
Şərh vermək üçün giriş edin
Top