Çərşənbə, 01 Fevral 2017 21:00

Hakimiyyət çoxdan “unutduğu” müxalifəti yada saldı

Əli Əliyev: "Hakimiyyət nəyin baş verdiyinin fərqindədir"

AzTV srağagündən ənənəvi müxalifətə savaş açıb. Müxalifət ənənəvi şəkildə hədəfə alınıb, tənqid olunur. İqtidarın çoxdan “unutduğu” siyasi rəqiblərini yenidən xatırlamasının səbəbləri nə ola bilər? Müxalifət düşərgəsi hücumları necə dəyərləndirir?

VİP sədri Əli Əliyev bildirdi ki, AzTV-yə yalnız rəsmi xronikanı izləmək məqsədilə gün ərzində 5-7 dəqiqə müddətində baxır. Bu səbəbdən siyasi xətdəki dəyişikliyi sezməyib. Amma müxalifətin hədəfə alınması təəccüblü də deyil: “Sərbəst mətbuatın qıtlığı xarakterik olan antidemokratik cəmiyyətlər üçün düşmən axtarışı xas xüsusiyyətdir. Görünür, sosial problemlərdən, 2 manatı haqlamış dollardan, idarəolunmaz hala gələn iqtidardaxili problemlərdən diqqəti yayındırmaq üçün müxalifətə müharibə elan olunması başa düşüləndir. Hakimiyyət nəyin baş verdiyinin fərqindədir. Anlayırlar ki, yaradılmış böhranı aradan qaldırmaq asan olmayacaq. Vəziyyəti ağırlaşdıran iç konfliktlər situasiyanı tarıma çəkir. Siyasi prosesin içində olanlar gizli mexanizmlərin hərəkətə gətirildiyini duymamış deyillər. 

Belə şəraitdə ”Parçalansaq, müxalifət gəlir" tezisi işə yarayan kimi görünə bilər. Hakimiyyət ideoloqları müxalifətin mövcudluğunu yada salmaqla daxili konsolidasiyaya nail olmağa çalışırlar həm də. İnanmıram ki, bununla nəyə isə nail olmaq mümkün olsun. Mənə görə, müxalifət onsuz da zəif fəaliyyətini bir az da səngitməli, siyasi meydanda görünməməyə çalışmalıdır. Müxalifətin fəallaşması iç savaşı zəiflədir. Mane olan hakimiyyətdaxili maneçilik törədənlər radikal şəkildə neytrallaşdırılmalıdırlar. Belə olmasa, korrupsioner heyət ölkəni dağılmağa qədər sümürəcək və sabotajla məşğul olacaq. Unutmayaq ki, bu adamların bir qismi sadə gözlə görünəcək dərəcədə Azərbaycanı sevməyən, xəritədən silməyə çalışan kənar dövlətlərin oyunçularıdırlar".

Oxunuş sayı 1448 dəfə
Şərh vermək üçün giriş edin
Top