Bazar ertəsi, 20 Fevral 2017 21:00

"Bu təyinatla prezident Əliyev hakimiyyətdaxili qrupları tərksilah etdi"

Əli Əliyev: "Bu təyinatla prezident Əliyev hakimiyyətdaxili qrupları tərksilah etdi"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev birinci vitse-prezident təyinatı ilə bağlı rəhbərlik etdiyi partiyanın mövqeyini açıqlayıb. Xeber.İnfo Ə.Əliyevin açıqlamasını təqdim edir:

Bu təyinat ölkədə cümhuriyyətçilik prinsiplərinin gömülməsini təcəssüm etdirən siyasi aksiyadır. Dövlət daxilində siyasi rəqabətin, seçki yolu ilə hakimiyyət dəyişikliyinin YAP iqtidarı dövründə mümkünsüzlüyünün rəsmiləşdirilməsidir. Bu günə qədər də bu reallıq bilinirdi, lakin indi daha bariz şəkildə iradə nümayiş etdirildi. Bu bizim rəsmi partiya münasibətimiz və yanaşmamızdır. Məsələnin digər tərəfləri də az maraq doğurmur. Bugünkü təyinat bir sıra maraqlı siyasi proseslərə işıq salmış oldu. Əvvəldə onu bildirim ki, 1-ci vitse-prezidentin səlahiyyət çevrəsi və imtiyazları referenduma çıxarıldıqda, artıq 1-ci xanımın siyasi silueti o postda görünürdü. Rəsmiləşdirməsi qalmışdı, o da baş tutdu. Kimi təyin etməliydi ki, ora Prezident? Nəzərə alsaq ki, Rəsizadə (oxu: ikinci şəxs) bioloji erası tükənir, bu posta daha etibarlı şəxs qalmır. Bu təyinatla prezident Əliyev hakimiyyətdaxili qrupları tərksilah etdi. Artıq saray çevrilişinin daha çətin ola biləcəyi faktı qüvvəyə minmiş oldu. Baş verənlər 13-cü il prezident seçkiləri zamanı maneə törətmiş şəxslər və ya qruplar üzərində əliyevlərin tam və qəti qələbəsi kimi qavranılmalıdır. Yada salım ki, o dövrdə ailədaxili qalaqurmaya Moskva, bəzi müxalifət qüvvələrinin yaratdığı İbrahimbəyov Milli Şurası və hakimiyyətdaxili məlum qrup mane olmuşdu. 4 il itirildi, lakin nəticə dəyişmədi. Təhlükəsizlik şurasının bu gün keçirilən toplantısında bu mini qələbə 1-ci xanımın çöhrəsində aydın sezilirdi. Yəqin məğlub olanların da kefi əks proporsional olar. Fikrimcə, bu təyinat qırılma nöqtəsi olacaq. Uzun müddət davam edən xalçaaltı savaşın çox vacib zühuru baş verdi. Hadisənin siyasi proseslərə təcil verəcəyi qənaətindəyəm. Daxili mübarizənin şiddəti yüksələcək. Böhrandan çıxmaq üçün Prezident seçim etməli idi və etdi. Çox güman ki, bu dəyişikliklər dalğasının başlanğıcı olacaq. Əks halda YAP layneri Titanikin aqibətini yaşamalı idi. Bu da xilas sayıla bilməz. Lakin xilasa təşəbbüs kimi dəyərləndirilməlidir. 2 ildir iqtidarın səndəlləməsi situasiyanı gərginləşdirirdi. Hesab edirəm, bundan sonra komanda dəyişikliyi vüsət ala bilər. Bütün hallarda durğunluq erası, mənə görə, geridə qaldı. Çünki "buz qırıldı". Bundan sonra təbiətdə adətən sel olur. Siyasi həyatda da ayaqlanma olacağını ehtimal edirəm. Çünki şərti məğlublar vəziyyətlə barışmayacaq, siyasi sapma və mərkəzdənqaçma təzahürləri olacaq. Son 15 il üçün yeni situasiyanın şahidi olacağıq. Müxalifətlə oliqarxiyanın yaxınlaşması olacaq. Hakimiyyətin gücünü təşkil edən oliqarxlar öz ətraflarında güc mərkəzi yaratmağa çalışacaqlar. Əlbəttə ki, qeyri-leqal. Neftin yaratdığı və hakimiyyət divarlarında kumulyasiya olunmuş güc hərəkətə gələcək. Bu yaxşı haldır. İqtidar komandası dağılmayana qədər, siyasi irəliləyişə nail olmaq mümkünsüzdür. Zəiflədilmiş müxalifət, yorulmuş, inamsız və gündəlik ehtiyaca məhkum edilmiş cəmiyyət siyasi proseslərin hərəkətverici qüvvəsi ola bilmirdi. Təkan iqtidardan gəlməli idi. Düşünürəm ki, gəldi. Prosesin açıq fazaya keçmə momentini proqnoz etmək çətindir. Bu hər an ola bilər. Prezident bu ilin birinci yarısında yeni Prezident və Parlament seçkiləri təyin etməsə, 18 və sonrakı illər gərgin rəqabətlə müşayiət olunacaq. Nəzərə alsaq ki, təyinat əliyevlər ailəsinin Qərb fəallığı və Münhen tədbirini birgə ziyarətindən sonra baş tutub. Düşünürəm, burada da bir mesaj olmamış deyil. Bu təyinatla Prezident Əliyev Qərbdə başlamış yeni eraya- Tramp dönəminə daxil olur. Mehriban Əliyevanın Qərb çevrələrində nüfuzu yeni dövrün siyasi vektoru kimi, son illərdə Rusiyaya tərəf əyilmiş xarici siyasət fəaliyyətində dəngəni bərpaya yönəlib. Bütün bunları söyləmək nə qədər ağır olsa da, siyasi həyatımızın reallıqlarıdır. Müxalifətin pərakəndəliyi, uyuşmazlığı, proseslərin küncünə məqsədyönlü şəkildə sıxışdırlması, lidersizliyi və amorfluğu hakimiyyətin siyasi proseslərdə dominantlığını təmin edir. Lakin mənə görə, bu mərhələ dominantlığın sonunun başlanğıcıdır. Müxalifət fəallaşmadan enerji ala biləcək. Daha ekstremal şəraitdə baş çıxarmağa vərdiş etmiş qüvvlər yaşamaq və uduş şansı əldə edəcəklər. Təəssüf olsun ki, Azərbaycan xalqı pis variantlar içində yaşamaq zorundadır. YAP-ın qüsurlu idarəçiliyi ölkəni bu günkü ağır böhranla üzbəüz qoyub. Bu təyinata qədər, ölkənin 2-si haqda müxtəlif variantlar müzakirə edilirdi. Siyasətin içində olan birisi kimi, variantların ən yumşağı bunu görürəm. Çünki digər namizədliklər daha təhlükəli potensiala malik idi. İnşallah növbəti seçimləri özümüz, istək və iradəmizə uyğun həyata keçirərik. Bunun üçün isə ruhdan düşməmək və mübarizəni gücləndirmək yeganə şərtdir.

Oxunuş sayı 1755 dəfə
Şərh vermək üçün giriş edin
Top