Cümə axşamı, 16 Mart 2017 21:00

Keçmiş nazir deputata sərt cavab verdi

Rəhim Qazıyev: “Əqidəsi qarnında olanlar anlasınlar ki, mən törətmədiyim cinayətə heç zaman ərizə yazmamışam”

Dünən Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 400-dən çox məhbus əfv olunub. Əfv siyahısı olduqca ziddiyyətli hesab olunur. Siyasi məhbusların adlarına rast gəlinmir. Əksinə cəmiyyətdə ciddi narazılığa səbəb ola biləcək adlar var. MeydanTV Sərəncamla bağlı deputat Məlahət İbrahimqızının münasibətini öyrənib. M.İbrahimqızı əfv siyahısını təqdir etməklə bəzi tanınmışların bostanına daş da atıb. O, keçmiş müdafiə naziri Rəhim Qazıyevin və digərlərinin ərizə yazaraq əfv edildiklərini bildirib: “Əvvəllər Rəhim Qazıyev, İsgəndər Həmidov, Əlikram Hümməbov və yüzlərlə belələrinə siyasi məhbus damğası qoymaq istəyiblər. Bu vasitə ilə Azərbaycana təzyiq etməklə təsir eləmək istəyiblər. Amma heç bir nəticə verməyib. Onlar cəzalarının müəyyən hissəsini çəkəndən sonra ölkə başçısına müraciət ediblər və azadlığa açıxıblar. Hətta etiraf ediblər ki, törətdikləri əməldən peşimandırlar”.

M.İbrahimqızının bu açıqlamasına Rəhim Qazıyevin cavabı çox gecikməyib. R.Qazıyev Xeber.İnfo bildirib ki, YAP-ın ancaq qarnına xidmət edən robortlarına çevrilmiş Siyavuş Novruzovlar, Zahid Oruclar və bu qəbildən olanlar mənim ünvanıma böhtan, yalan deməyi adət-ənənəyə çevirmişdilər. İstəməzdim Məlahət İbrahimqızı da məlumatı olmayan bir sahədə danışsın, məni ittiham eləsin: “Birincisi, dədələrindən əziz tutduqları Heydər Əliyevə zamanında, yəni 1993-cü il iyulun 29-da İbrahimqızının uzun müddət oturduğu Parlamentin binasında, Milli Məclisin iclasında məni baş nazirin müavini və hərbi sənaye kompleksinin rəhbəri vəzifəsinə təklif edəndə cavabını vermişəm. Onun mənə təklif etdiyi vəzifəni rədd etmişəm. Mənə Heydər Əliyev tərəfindən vəzifə təklif olunan gün Şuşanın işğalından 1 ay 21 gün keçirdi. O zaman bilmirdilərmi Şuşanın və digər rayonların işğalı necə baş verib və günahkar kimdir? Şəxsiyyətlərini vəzifəyə satanlar bilsinlər ki, onlar kimi mən də baş əyib vəzifəni qəbul etsəydim bu gün Məlahət kimilər kimin haqqında nə danışacaqdılar? Mən vəzifəni rədd edəndən 17 gün sonra elə həmin Parlamentdə Heydər Əliyev qərəzli şəkildə Şuşanı, Laçını satmaqda məni ittiham elədi. Bu gün özünü tanınmış hüquqşünas kimi təqdim edən Aslan İsmayılov Heydər Əliyevdən vəzifə almaq üçün çıxış edib dedi ki, Rəhim Qazıyev Azərbaycan Cinayət Məcəlləsinin bütün maddələrinin 50 faizi  üzrə cinayət edib və sübuta yetirilib. Məlahət İbrahimqızına sual verirəm – mən əfv ərizəsini yazanda mənim yanımda idin? Əqidəsi qarnında olanlar anlasınlar ki, mən törətmədiyim cinayətə görə mənə verilən ən ağır cəza – ölüm hökmündən qurtarmaqdan ötrü heç zaman ərizə yazmamışam. Çünki mən əqidə ilə hərəkata gəlmişdim. Artıq YAP-ın Parlamentdə oturan deputatlarının nə qədər rəzil günə düşdüklərini hamı görür. Ona görə məsləhət görürəm ki, kim haram pulla balasını böyüdür özü bilsin, mənim haqqımda ağlına gələni söyləməsin, ayıbdı. Mən heç zaman Heydər Əliyevin qəbri üstünə də getməmişəm, gül də qoymamışam, baş da əyməmişəm. Ona görə də YAP tərəfindən amansızcasına təqib olunuram. Məlahət xanım mənim adımı bu cür çəkməkdə çox böyük yanlışlığa yol verib. Mənə qərəzli şəkildə Heydər Əliyev tərəfindən verilmiş ölüm hökmündən qurtarmaq üçün kiməsə müraciət eləmişəmsə, buyursunlar arxivləri açsınlar, mənim yaxud yaxınlarımın yazdığımız müraciəti göstərsinlər. O zaman mən elə Məlahət xanımın qarşısında üzr istəyərəm.

Keçmiş nazir dünənki əfv barəsində fikirlərini belə davam edib: “Azərbaycan, rejimin qanunsuzluğuna qarşı çıxanlar üçün böyük məhbəsdir. Dünən əfv olunanların arasında günahsız həbs olunanların adlarını eşitmədim. Uzun müddət nazir işləmiş Əli İnsanov cəzasını günəgün çəksə də azad olunmur. Məni daha çox üzən isə xalq artistinin həyat yoldaşının və nəvəsinin faciəli şəkildə ölümünə səbəb olan şəxsin də əfv olunması idi. Mən İlham Əliyevi başa düşə bilmirəm. İlham Əliyevin ailəsinə qarşı belə davranan şəxsin ən böyük tikəsini qulağı boyda edərdi. Bir ailəyə fəlakət yaşadan cinayətkarı hansı prinsipə görə azad edir?

Xeber.İnfo

Oxunuş sayı 2603 dəfə
Şərh vermək üçün giriş edin
Top