Bazar ertəsi, 24 Aprel 2017 22:00

Diqqət! Edam hökmünə məhkum “Hacı Cavad” son söz deyir

Əzizvə səbirli anam! Edam qərarı Allahı nməndərazı olmasına səbəolacaqsa, arxamc agözyaşı axıtma.  Göyaşlarını üzərində nəfəs çəkəövladlarınıintiharına saxla!

Qalxın, məhkəmə gəlir!

Dövlət ittihamçısı ittiham aktını elan edir:

“Hacı Cavad” Cinayət Məcəlləsinin 168-1.3 (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda),  28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 274-cü (dövlətə xəyanət) maddələri üzrə ittiham olunur.

Məhkəmə müttəhim “Hacı Cavad” haqqında əldə etdiyi rəsmi məlumatları təqdim edir:

Adı və soyadı: “Hacı Cavad”

Doğum tarixi: 1912

Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Abulla Şaiq küçəsi 79

Şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi: İNV № 3511

Sənədi verən orqan: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Qeydiyyatda olduğu qurum: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Aid olduğu qurum: Qafqaz Müsəlmanları İdarəsi

“Hacı Cavad” barədə qısa məlumat: Bu məscid düzbucaqlı formaya malikdir. Məscidin minarəsi, minbəri yoxdur. Mehrabı tağvari formada olub, sadədir. İç sahəsi 12x18 metr, yerdən tavana qədər hündürlüyü 6 metr, yerdən günbəzədək isə 9 metrdir. Günbəzində 2 gözlük qoyulub.

Yerli camaatın bildirdiyinə görə, bu məscidi tikdirən Hacı Cavad tacir olub. Məscidin əvvəlki giriş qapısının üstündə isə 3 daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir (XIX əsr). Divarlarının qalınlığı 1 metr olan bu məscid yonulmuş sal daşlarla tikilib. Fasad divarlar suvanmayıb, iç divarlar isə suvanaraq ağardılıb.

Məsciddə Əzizov Kanan Sərvan oğlunun sədrlik etdiyi "Hacı Cavad" məscidi dini icması fəaliyyət göstərir. Məscidin axundu Hacı Əhliman Rüstəmovdur.

 2017-ci ilin aprel ayında Hacı Cavad yuxarıdakı maddələrlə ittiham olunmuş və günahı sübuta yetirilərsə, xalq qarşısında edam ediləcək.

 Şahidlər dindirilsin:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı şahid qismində ifadə vermək üçün məhkəmə zalına gəlsin.

Mübariz Qurbanlı, siz yalan ifadə verdiyiniz üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1 və 297.2-ci maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərsiniz. Yaxınlaşın, imzalayın.

Mübariz Qurbanlı

“Həmin məscidlər heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır. Məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var. O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Vaxt namazlarında isə 15-20 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi. Ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir. Bakıda 134 məscid var, Azərbaycan prezidenti İlham Əliyevin dinə verdiyi ən böyük dəyər nəticəsində bütün ölkə üzrə məscidlərin tikintisi, bərpası həyata keçirilir. Bizdə Heydər məscidi və digər bu kimi mötəbər məscidlər fəaliyyət göstərir. Suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər hay-küy salırlar. Bu adamların mömin insanlarla heç bir əlaqəsi yoxdur”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə şahid qismində ifadə vermək üçün məhkəmə zalına gəlsin.

Allahşükür Paşazadə, siz yalan ifadə verdiyiniz üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1 və 297.2-ci maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərsiniz. Yaxınlaşın, imzalayın.

Allahşükür Paşazadə

“Bu məscid QMİ-də qeydiyyatdan keçməyib. Mən heç o məscidlərin yerini belə tanımıram. Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə mən bunun tərəfdarı deyiləm. Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən məqsədli şəkildə, danışıqlar yolu ilə bu işlər həyata keçirilir. Mən bu haqda fikrimi aidiyyəti qurumlara da çatdırmışam. Gərginlik yaratmaq istəyənlərin həmin məscid və məhəllə ilə heç bir əlaqəsi olmayıb. Bəzi şəxslər dinin adından istifadə edərək "Hacı Cavad" məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər. Prezident məsələ ilə bağlı konkret mövqeyini bildirdi, dindarlarımız da dövlət başçısının bu addımını dəstəkləyir. Heydər Əliyevin, Zərifə xanımın ailəsində böyüyən İlham Əliyev həzrətləri dini abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması üçün çox mühüm işlər görür və inşallah hələ çox işlər də görəcək. Prezident biz dindarlara verdiyi sözə həmişə əməl edib".

Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov şahid qismində ifadə vermək üçün məhkəmə zalına gəlsin.

Siyavuş Novruzov, siz yalan ifadə verdiyiniz üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1 və 297.2-ci maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərsiniz. Yaxınlaşın, imzalayın.

Siyavuş Novruzov

 “Məscid yığışıb qərarlar qəbul etmək üçün yer deyil. Özümüz də bu məsələlərə ayıq-sayıq yanaşmalıyıq. Jurnalistlər də bu məsələdə diqqətli olmalıdır. Bu barədə cəmiyyətə düzgün məlumat verilməlidir. Hacı Cavad məscidindən bir qədər aşağıda Təzə Pir məscidi var. İbadət etmək istəyirsənsə, oraya gedə bilərsən. Məscidin funksiyası ondan ibarət deyil ki, kimsə orada yığışıb hansısa qərarlar qəbul etsin. Azərbaycanda islamın ən gözəl modeli tətbiq olunur. 2500-dən artıq məscid fəaliyyət göstərir və bütün bunları görmək lazımdır”.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev şahid qismində ifadə vermək üçün məhkəmə zalına gəlsin.

Kamal Abdullayev, siz yalan ifadə verdiyiniz üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1 və 297.2-ci maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərsiniz. Yaxınlaşın, imzalayın.

Kamal Abdullayev

 “Məscidin sökülməsini əlində bayraq edənlər, əslində, məscid davası, din davası etmirlər. Onlar, öz mənafelərinin, öz ambisiyalarının, iddialarının davasını aparırlar və bütün bu zahirən məscidlə bağlı söylənən o iddiaların arxasında son dərəcə bəsit, son dərəcə gərəksiz, mənəviyyatdan uzaq iddialar durur. Əslində dövlətin dinə olan münasibəti özünü onda göstərir ki, Azərbaycanda müstəqillik dövründən sonra 2 mindən çox məsciddə müsəlmanlar namaz qılır, mənəvi ehtiyaclarını həyata keçirirlər. Sovet dövründə bu, belə deyildi, o zaman əlbəttə ki, bu cür “təəssübkeşlər” ortaya çıxmırdı. Çünki sovet rejiminin ağır, kəsən bir qolu vardı. Bu gün isə müstəqil Azərbaycan dövlətinin həddən artıq mülayim siyasəti və həddindən artıq öz vətəndaşına qayğıkeşliyinin nəticəsində bəzən görürsən ki, din pərdəsi altında müəyyən qüvvələr öz həqiqi simalarını göstərməyə çalışırlar və dövlətlə mömin bəndə arasında münasibətin gərginləşməsinə səbəb olurlar. Amma Azərbaycan dindarı mömin bəndədir, haqqın və nahaqqın yerini yaxşı bilir. Bakı genişlənir, böyüyür, gözəlləşir. Bu gün gözəlləşən təkcə Bakının evləri, küçələri, meydanları deyil. Bu gün Azərbaycan insanı, o cümlədən Azərbaycanın mömin insanı daxilən dəyişir və bu dəyişilmənin ən gözəl nümunəsi bu insanların dövlətə, xalqa, millətə münasibətində özünü göstərir. Onlar bu gün ictimai mənafeni öz şəxsi mənafelərindən üstün görürlər, bayrağı, Prezidenti, ölkəsi, torpağı üçün canlarını belə əsirgəmirlər. Sözügedən məscid ətrafında yaradılan bu gərginliyin süni olduğunu əsl dindarlar çox yaxşı başa düşürlər. Həmin ərazidə bir çox ibadət evləri, o cümlədən Təzəpir, İmam Hüseyn, Qasım bəy, Hacı Sultanəli və Xanım Zəhra məscidləri də fəaliyyət göstərir. Həmin məscidlər dini ayin və mərasimlərin icrası üçün yetərlidir. Hətta həmin məscidlərin bir qismində namaz vaxtı çox az insan olur. Nə üçün həmin insanlar ətrafdakı məscidlərdə yox, məhz həmin məscidə namaz qılmaqda həvəsli və maraqlıdırlar? Bu israr özü müəyyən suallar yaradır. Demək, burada əsas məqsəd dini durumun sabitliyini pozmaq, süni gərginlik yaratmaqdır. Deməli, söhbət şəxsi mənafedən, bir adamın əlindən dini tribunanın alınmasından gedir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev şahid qismində ifadə vermək üçün məhkəmə zalına gəlsin.

Qüdrət Həsənquliyev, siz yalan ifadə verdiyiniz üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1 və 297.2-ci maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərsiniz. Yaxınlaşın, imzalayın.

Qüdrət Həsənquliyev

“Biz imkan verməməliyik ki, bizim məscidləri casus yuvasına çevirsinlər. Bütün Azərbaycan xalqının ən çox alqışladığı bu hökumətin qərarlarından biri də “Sovetski”nin yenidən qurulmasıdır. Biz bilirdik ki, orada vəziyyət nə yerdədir. Üfunət, antisanitariya, birmərtəbəli binalar... Vaxtilə Nardaranda da müəyyən adamlar hökuməti şantaj etməyə çalışırdı. Orada Azərbaycana müttəfiq olan dövlətlərin bayraqlarını yandırırdılar, hər cür addım atırdılar. Dövlət hər dəfə bir addım atmaq istəyəndə deyirdilər ki, bu dindarlara qarşıdır. Hökumət də bu səbəbdən geri addım atırdı. Sonda da bu, təəssüf qanlı hadislərə gətirib çıxardı. Ona görə də dövlət indiki halda xarici xüsusi xidmət orqanlarına işləyən 5-6 nəfər adamın qarşısından qaçmamalıdır. Cənubi Qafqazda ən böyük məscid – Heydər Məscidi Bakıda tikilib. Kifayət qədər geniş yeri var. Təzə Pir məscidi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dediyi kimi qeydiyyatda olmayan məsciddən 100 metr aralıdadır. Namaz qılmaq üçün də kifayət qədər yer var”.

 Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa şahid qismində ifadə vermək üçün məhkəmə zalına gəlsin.

Fazil Mustafa, siz yalan ifadə verdiyiniz üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1 və 297.2-ci maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərsiniz. Yaxınlaşın, imzalayın.

Fazil Mustafa

“Azərbaycanda çoxlu sayda, sadəcə, 1-2 nəfərə xidmət edən məscidlər var. Araşdıranda bəzilərinin içində heç namaz da qılınmır. Bunlar, sadəcə, görüntü olaraq 1-2 nəfərin sığınacaq yeri kimi nəzərdə tutulur və orada öz fəaliyyətlərini həyata keçirirlər. Bu da çox vaxt məscid anlayışının özünə hörmətsizlik gətirir. Hacı Cavad məscidi ilə bağlı ajiotaj yaratmağa ehtiyac yoxdur. İndi "Sovetski" deyilən ərazidə də tikinti və abadlıq işləri gedir. Rayonun icra başçısı da bununla bağlı kifayət qədər aydın açıqlama verdi. Ona, əsasən, yeni bir yer müəyyən olunacaq. Həmin icmanın üzvləri üçün hardasa yeni məscid tikilməsi məsələsi həll olunandan sonra sözügedən məscid söküləcək. Çünki bu böyük bir kompleks və ya tarixi əhəmətiyyətə malik olan abidə deyil. Bu məscid qanunsuz tikilidir, tarixi abidə deyil, bura turist də cəlb etmək mümkün deyil. Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri buranı tanımadığını dedi. Allahın evi olmur. Sənin ibadət etmək istəyin varsa beş addım kənarda məscid var. Problem sadəcə güc göstərməkdir".

Məhkəmə fasilə elan edir...

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168-1.3, 145.3, 181.3.1, 181.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2, 341.2.3, 28, 214.2.3, 278 və 274-cü maddələri ilə ittiham olunan “Hacı Cavad” son söz deyir:

Bağışlayan, rəhimli, mərhəmətli, mehriban Allahın adı ilə başlayıram.

İlahi, mən “yalnız sağlam qəlblə Allahın hüzuruna gələn kimsədən başqa, mal-dövlət və övladın heç kimə fayda vermədiyi gün” – Səndən aman diləyirəm!

İlahi, mən “zalımların əllərini çeynəyərək «Kaş ki, Peyğəmbərə qoşulub doğru yol tutardım!” deyən gün» – Səndən aman diləyirəm!

İlahi, mən “günahkarların simalarından tanınacağı, alınları və ayaqlarından tutulub yaxalanacağı gün” – Səndən aman diləyirəm!

İlahi, mən “atanın oğluna, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi və Allahın vədinin (qiyamətin) hökmən olacağı gün” – Səndən aman diləyirəm!

İlahi, mən “zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəyi, onların lənətləcəyi və axirət yurdunun pis əzabına düçar olacağı gün” – Səndən aman diləyirəm!

İlahi, mən “heç kəs başqasının karına gələ bilməyəcəyi və hökmün ancaq Allaha məxsus olacağı gün” – Səndən aman diləyirəm!

İlahi, mən “hər kəsin öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından qaçacağı və hərənin öz hayında olacağı gün” – Səndən aman diləyirəm!

Ey bəxşiş, ehsan, nemət və bərəkət sahibi, Səni öz rəhmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi! 

Bu gün sözün qılıncı kəsdiyinə şahid olduğumuz gündür.

Bu gün həqiqətin közünü elə həqiqət külü ilə basdırmaq istəyənlərin tarix qarşısında ifşa olunduğu gündür.

Bu gün yüzlərlə Hacı Cavadın edam ağacından asıldığı gündür.

Bu gün Allah evinin yoxluğunu isbatlamaq üçün qabağa keçməkdə canfəşanlıq edənlərin rüsvay olacağı gündür.

Bu gün bizə - Allah evinə qarşı ən ağır ittihamlar səsləndiyi gündür!

Elə zənn edirsiniz ki, yeri-göyü bizə daraltmaqla, bizi əsirlər kimi bu yerdən söküb, başqa yerdə tikməklə rüsvay edib özünüzü hörmətləndirirsiniz? Bilmirsiniz ki, sizə verilən bu fürsət ondan ötəridir ki, əsl həqiqətinizi, iç üzünüzü camaata açıb göstərirsiniz? Məgər Allahın “Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər”, - deyə buyurduğunu unutmusunuz?”

Məni yer üzündən silmək üçün barəmdə daha ağır ittihamlar səsləndirməkdə bir-birini qabağa keçməyə çalışanlar, sizə Həzrət Zeynəbin kufəlilərə etdiyi nəsihətdən bir parçasını deyəcəm.

“Ey Kufə camaatı! Ey hiyləgər və namərd insanlar! Sizi görüm heç vaxt gözünüzdən yaş əskik olmasın! Siz bir qadına bənzəyirsiniz ki, əlində olan bütün sapları toxuyur, sonra da bütün toxuduqlarını sökərək, korlayır. Sizin nə əhdinizin, nə də andınızın heç bir dəyəri və etibarı yoxdur! Sizin lovğalanmaq, kəniz tək yaltaqlıq etmək və boşboğazlıq etməkdən başqa nəyiniz var? Siz peyinlikdə bitən nəbatata və qəbir üzərindəki bəzək əşyalarına oxşayırsınız. Axirət dünyanız üçün ən pis azuqəni: Allahın qəzəbini və (sonsuz) cəhənnəm işgəncəsini hazırladınız. Ağlayırsınızmı? Elədir, ağlayın. And olsun Allaha ki, ağlamağa layiq insanlarsınız. Çox ağlayın, az gülün! Belə bir namərdlik və dönüklük edib, (cox iyrənc) ləkə daşıdığınız halda nə üçün ağlamayasınız? Xəcalətli üzlərinizi gizlədin. Bundan sonra əskiklik içində ömür sürəcəksiniz”.

Burda məhkəmə qurub mənim həqiqət olduğumu inkar etməklə, haqqımda deyilən gün kimi aydın məlumatları yalanlamaqla həyatınızın ən pis işini gördünüz. Dilinizi çölə çıxartsanız ucundan süzülən qan damcılarını görərsiniz. Lakin o qan damcları içinizə axır, susmuş vicdanları bir dəfəlik sükuta qərq edir. O qan yalan ifadələrlə edamına şərait yaratdığınız Hacı Cavadın - mənim qanımdır. Bizi dövlətə xəyanətdə, xarici qüvvələrlə əlbir olmaqda suçlayıb zindanlara salmaqla, edam kötüklərinə çıxarmaqla nəyə nail olacaqsınız?! Günahkar əlinizi çəkin boğazımızdan. Barmaqlarınızdan damcılayan qanımıza görəmi sevinirsiniz? Hər şeyə rəğmən sizi yenə xəbərdar edirik: Bu yoldan çəkinməsəniz, tezliklə Allahın qəzəbi, çirkin əməllərinizə görə sizə nazil olacaq. Vay halınıza!

Qəlbinizin möhürləndiyini güman etdiyim üçün, sizi daha fazla nəsihət etməyə lüzum görmürəm. İndi isə mənim barəmdə irəli sürdüyünüz ittihamlara bir-bir cavab verirəm.

Əvvəlcə kimliyimi bəyan edim:

Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!(Cin-18)

Mən də Allaha məxsusam. Sahibim sizin tanımaq istəmədiyiniz və göndərdiklərini az qala heçə saydığınız Allahdır. Bir gün məhz Allahın hakim və şahid olduğu məhkəmədə müttəhim olacaqsınız. O zaman dilləriniz lal, qulaqlarınız kar olacaq. Bu gün kim(lər)əsə xoş gəlmək üçün haqqımda yalandan şahidlik edib məni edam ağacına çıxarmaq istəyinizə əlləriniz və ayaqlarınız şahidlik edəcək. “Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər”. (Yasin-65)

Qüdrətli Yaradan müqəddəs Quranda məni doğru yol qaynağı kimi təqdim edib: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır”. (Ali-İmran - 96)

Mən Həzrət İbrahimin (ə) tikdiyi, Həzrət Məhəmmədin (s) yenidən bərpa etdiyi huzur, rahatlıq, təhlükəsiz, bərəkətli və doğru yol mənbəyi olan Kəbənin balasıyam. Mən möminlərin səngəri və səcdəgahıyam. Siz mənimlə deyil, mənim sahibimlə üz-üzə dayanmısınız. Allahla üz-üzə dayananlar hər iki dünyada mütləq ziyana uğrayacaqlar.

Mənim heç bir qurumda qeydiyyatda olmadığımı qeyd etdiniz. Bütün şahidlər, sökülməyimi zəruri edən amil kimi, bunu əsas gətirir. Amma hələ də üzərimdən asılmış lövhələrdə hansı qurumlarda qeydiyyatda olduğum açıq yazılıb. Mənə “köhnə tikilidir, yararsız hala düşüb” deyənlər unudurlar ki, allahsız Kommunist Partiyası belə, haqqımda bu ittihamı səsləndirməyə cürət etmədi. İndi isə yararsız və darısqal binalara qatıb məni edam edirsiniz. Məni öz adımla söksəydiniz, bəlkə də bu qədər parçalanmazdım. Köhnə və yararsız tikili adını üstümə qoymaq insafsızlıq, həm də hiyləgərlik deyilmi? Kiminsə qərarına etiraz etməyə cəsarətiniz çatmadığı halda, mənim varlığımı inkar etməklə ən pis əmələ sahib oldunuz. Haqqımda səsləndirdiyiniz yalanlar özünüzü rüsvayçı formada ifşa edir. Mənə lazımsız köhnə tikli deməklə varlığımı şübhə altına aldığınız zaman, həm də etiraf edirsiniz ki, “o məscidə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Vaxt namazlarında isə 15-20 nəfər gələr və ya gəlməzdi”. Ziddiyyətli şahidliklə özünüzü rüsvay edirsiniz.

Bir-birinizin ağzından oğurluq edərək, böyük kəşf sahibi kimi deyirsiniz ki, Hacı Cavadın yaxınlığında bir neçə məscid var, namaz qılmaq istəyən gedib o məscidlərdə ibadət edə bilər. Sizi insanların harda ibadət etmələri düşündürür, yaxud siz insanların axirət həyatlarına görə narahatsınız? Özünüzü insanlara görə narahat göstərə bilərsiniz, amma bu mövzuda çox saxtakar olduğunuz açıq görünür. Çünki bu məmləkətdə insanların ən adi hüquqları qorunmur, valideynlər övladların məsum və çarəsiz baxışlarına tab gətirmədikləri üçün intihar edirlər, ata övladından, bacı bacıdan, qardaş qardaşdan sizin hikkəniz üzündən imtina edir. Belə hal tarixin heç bir səhifəsində görünməyib. Ancaq vəhşi Əməvi və Abbasilər dövründə Əhli-Beytə (ə) qarşı belə hadisələrin kiçik nümunələrinə rast gəlinir. Siz tarix üçün ən qaranlıq səhifələr yaradırsınız. İnsanlara Tanrının bəxş etdiyi ömür payını yaşamağa imkan vermədiyiniz halda, “biz onların axirətini düşünürük” desəniz, şübhəsiz dünyanın ən yalançı qövmü olarsınız.

Çox azsayda məni müdafiə edənlərə hansı cəsarətlə iftira atırsınız? “Məscid bizim səngərimizdir” şüarı ilə müdafiəmə qalxanlar haqqında “dindən kənardırlar” ittihamı səsləndirirsiniz. Yaxud xarici kəşfiyyat orqanları ilə əlaqəli olduğunu deyirsiniz. Bu kimi ittihamlar ancaq dindarlarla bağlı səslənsəydi, bəlkə də inandırıcı olardı. İşsizlikdən, aclıqdan, səfalət içində yaşamaqdan şikayətlənən insanları saxta ittihamlarla həbsxanalara doldurduğunuz, istedadlı gəncləri siyasi hakimiyyətin mövqeyini dəstəkləmədikləri üçün “narkoman” etdiyiniz kimi, möminləri də məscidlərin müdafiəsinə qalxdıqlarına görə agent kimi təqdim edirsiniz. Müdafiəmə qalxan şəxslərin arasında kimsə dediyiniz ittihama tuş gələrsə, hamıdan əvvəl onu mən lənətləyərəm. Qorxun, lənətimə tuş gəlməkdən.

“Bu məscid QMİ-də qeydiyyatdan keçməyib. Mən heç o məscidlərin yerini belə tanımıram”- deməklə, özünüz də bilmədən böyük bir həqiqəti etiraf edirsiniz. Siz məni tanımaqdan qorxursunuz. Qiyamət günü Allah qarşısında insanların yaxşılığına şahidlik edənlərdən biri də mənəm. İbadət və səcdəsi ilə məni abad edənlərin möminliyinə şəhadət verəcəm. Kimin şahidliyi daha təsirli olacaq? Siz, özü də mütləq hakim qarşısında çarəsiz duruma düşəcək insanların qurduğu məhkəmədə şahidsiniz, mən isə o, hakimi-mütləqin quracağı məhkəmədə şəhadət verəcəm. Sizin qurduğunuz məhkəmədə hakim çıxaracağı hökm üçün yalançı şahidləri dindirir, mən isə özü hakim olan məhkəmənin intizarındayam.

Allahın yer üzündə yaratdığı ən şərəfli məxluq insandır. Yer üzünün əşrəfi olan insan Azərbaycanda yenilib, sındırılıb. Biz də - məscidlər də söküləcək. Mənim sökülməyim insanların sındırılması qədər faciəli deyil. Məscid ibadət yeridir sökərlər, gedib evinizdə ibadətinizi edərsiniz. Amma bir məmləkətin insanlarını sındırsalar, o ölkədə 2500 məscid tiksən də, heç bir faydası olmaz.

Yormayın özünüzü! Pərdə arxasında edam hökmüm verilib. Bu mərəkə heç nəyi dəyişməyəcək. Sadəcə edamım bir qədər gecikə bilər. Nə komissiya, nə də möminlərin etirzı məni edam kötüyündən qurtarmayacaq. Necə ki, Meysəm Təmmarı xurma ağacından heç nə xilas etmədi. Nə ibni Ziyadın unutqanlığı və qəzəbi, nə də qəbiləsinin etirazı

Heç Ayətullah Şeyx Baqir Nimri də Səud rejiminin edamından xilas olmadı. Mən şəhid Nimrlə eyni aqibəti yaşayacağıma şübhə etmirəm.

Ayətullah Nimr şəhadətindən öncə anasına ünvanladığı məktubda yazırdı:  

“Səbirli anama salam olsun! Hər halımızda Allaha şükür etməyimiz lazımdır. Əziz anam, Allahın verdiyi hər şey üçün şükür və həmd edin! Allahın qisməti bizim istədiklərimizdən çox daha yaxşıdır. Biz nələrisə seçirik, amma Allahın bizim üçün seçdiyi daha önəmlidir. Biz Ondan nəyisə diləyərik və Allahdan bizim üçün xeyirli olanı verməsini istərik.

Bütün işlər ali və nöqsansız Allahın əlindədir. Bu kainatda heç bir şey Onun iradəsindən kənarda reallaşmaz və heç kim onu iradəsindən iznsiz heç nə edə bilməz.

Əziz anam, heç bir şey Allahın iradəsi və nəzarətindən kənarda deyildir. Bu da bizə yetər! Allahın əmanəti sənin yanındadı. Allah səni və bütün Əhli-beyt (ə) davamçılarını qorusun".

Şeyx Nimrin vəkili ömrünün son vaxtlarında ona deyir ki, edam hökmünə yenidən baxılma ehtimalı var. Şeyx cavab verib: “Sən hər bir şeylə bağlı mənim vəkilimsən, bircə mənim izzətimdən başqa. Mənim izzətim həyatımdan daha önəmlidir. Ona yaxınlaşmağı sənə qadağan edirəm”.

 Mən isə bu məmləkəti – ODLAR YURDUNU ana hesab edərək ona səslənirəm: Əziz və səbirli anam! Edam qərarı Allahın məndən razı olmasına səbəb olacaqsa, arxamca göz yaşı axıtma.  Göz yaşlarını üzərində nəfəs çəkən övladlarının intiharına saxla!

Məhkəmə müşavirə otağına gedir…!

Cavid Cabbarlı

Oxunuş sayı 5779 dəfə
Şərh vermək üçün giriş edin
Top