Bazar, 22 Aprel 2018 22:00

Hökuməti qismən gəncləşdirmək nə vəd edir?

Nazirlər Kabinetində yeni simalar: Muxtar Babayev, Ceyhun Bayramov, Fuad Muradov, Fuad Nağıyev, Qoşqar Təhməzli, Səfər Mehdiyev, Vüsal Hüseynov…

Xəbər verildiyi kimi, prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən 16 şəxs Nazirlər Kabinetinin üzvləri təyin edilb.

Keçən dəfəki təyinatlarda olduğu kimi, bu dəfə də yeniliklər var. Ümumiyyətlə, 2003-cü ildən bəri ilk dəfədir ki, Nazirlər Kabinetinin tərkibi bu miqyasda dəyişikliyə uğrayır.

Ekologiya və təbii sərvətlər naziri postunda Hüseyn Bağırovu Muxtar Babayevin əvəz etməsi bir xeyli sensasionaldır. Çünki H.Bağırov işinə son dərəcə məsuliyyətlə yanaşan nazirlərdən biri idi və adının ətrafında hansısa bir qaralayıcı qalmaqal yox idi. Yeni nazir isə hələlik nəinki geniş ictimaiyyətə, hətta media dairələrinə belə tanış sima deyil.

Gənclər və idman naziri Azad Rəhimovun öz postunda qalması da bir baxımdan sensasiyalıdır. Ona görə ki, onun Hacıbala Abutalıbovun baş nazirin müavini təyin olunmasından sonra boşalan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin olunacağı barədə geniş yayılmış söz-söhbət vardı. İndi o söz-söhbətə son qoyuldu, eləcə də BŞİH rəhbəri vəzifəsinə namizədlərin sırası seyrəldi. 

Əbülfəs Qarayevin mədəniyyət naziri vəzifəsində saxlanılması gözlənilməz deyil və elə bir gözlənti də yox idi. Sadəcə, onun rəhbərlik etdiyi nazirliyin iki yerə parçalanması – turizm sektorunun ayrılması Qarayevin işini yüngülləşdirib, həm də nüfuz dairəsini bir az daraldıb.

Müdafiə sənayesi naziri Yavər Camalovun öz vəzifəsində qalması gözlənilirdi. Ancaq onu vəzifəsindən götürsəydilər də, bu heç kəsə heyrətamiz görünməyəcəkdi. Eyni fikri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov haqqında da demək olar.

Ancaq səhiyyə naziri Oqtay Şirəliyevi vaxtından əvvəl təqaüdə göndərənlər yanıldılar. Oqtay həkim yeni kabinetdə də yer aldı.

Bu dəfə ən şansı gətirən şəxslərdən biri də Ceyhun Bayramovdur. Təhsil naziri postuna namizəd olaraq xeyli adamın adı çəkilsə də, sonda məhz ona etimad göstərildi.

Öz rəhbərini əvəz edənlərin sırasında Səfər Mehdiyev də var. O, bu günə qədər Gömrük Komitəsinin sədr müaviniydi, indi isə DGK sədridir, Aydın Əliyevə isə hansısa səbəbdən etimad göstərilməyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin Hicran Hüseynovadan başqası olacağı gözlənilmirdi, elə də oldu.

Nazim İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən götürüləcəyi barədə yayğın söhbətlər vardı, amma bu vəzifəyə gənc deputat Fuad Muradovun təyin edilməsi “sensasional təyinat” qrafasındadır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı daha populyar nazirliyə rəhbər təyin ediləcəyi məsələsi ara-sıra müzakirə olunsa da, postunu itirəcəyi ehtimal olunmurdu. O da öz postunda qaldı.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov da yeni kadrlardan olduğu üçün yerində qalması tam təbii hesab edilir. Ancaq ieni yaranan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, eləcə də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ictimaiyyət üçün yeni simalardır. Onlar da gənc kadrlar siyahısındadırlar.

Oxunuş sayı 1236 dəfə
Şərh vermək üçün giriş edin
Top