Cümə, 04 May 2018 22:00

Sabirabadda "daş üstə daş qoymayan" Gülüşov kimdir? - Prezidentə şikayət

Sabirabad sakini İlham Əliyevə müraciət edib.

Xeber.İnfo həmin müraciəti təqdim edir:

"Cənab Prezident,Siz həmişə müşavirə və iclaslarda ictimai nəzarətin böyük əhəmiyyət kəsb etdiyini, ictimai nəzarət olmadan ölkənin inkişaf edə bilməməsini, eləcə də "toxunulmaz adam yoxdur" deməklə, məmurların xalqın xidmətində, problemlərin həll edilməsi vəzifə borcları olduğunu qeyd edirsiniz. Sizin bu fikirlərinizi alqışlayıram və dəstəkləyirəm.
Lakin Sabirabad rayonunda toxunulmaz adam statusunu almış, qohumlarının dediyi kimi Sabirabad rayonuna gələn nəinki idarə müdirləri hətta icra başçısı da Sabirabad rayon Maliyyə idarəsinin toxunulmaz müdiri Hüseynağa Gülüşovun razılığı olmadan rayona gələ bilməz. Onu da qeyd edim ki, Sabirabad rayonunda H.Gülüşova məxsus, lakin qohumlarının adına rəsmiləşdirilmiş onlarla tikinti obyektləri, ticarət mərkəzləri, yanacaqdoldurma məntəqələri, gözəllik salonları, kişi və qadın geyimi mağazaları, qızıl mağazaları və s. ələlxsus hektarlarla ərazini Qalağayın kəndində əhatə edən “Yaşıl bağ” ailəvi istirahət mərkəzi, eləcə də restoranlar fəaliyyət göstərir. H.Gülüşovun biznes obyektlərində, eləcə də dövlət obyektlərində qohumlarından başqa heç bir kəs işləyə bilməz.
Cənab Prezident, H.Gülüşovun ticarət obyektlərindən biri olan “Bəyaz market”lə qonşuyam. Həmin ticarət obyekti H.Gülüşovun bacısı oğlu Ağayev İdris Musa oğlunun adına rəsmiləşdirilib. Obyektə hər gün 3-4 ağir tonlajlı qoşqulu yük maşınları ensiz küçədən keçib qeydiyyatını gizlətdikləri böyük həcimli ambara yük boşaldırlar. İ.Ağayevin deməyinə görə 41 fəhləsi var. Lap yaxşı. Maraqlıdır İ.Ağayev 41 işçi ilə əmək müqaviləsi bağlayıbmı? “Bəyaz Market”in sənədləri və marketdə satılan əşyaların sənədləri nə dərəcədə qanunidir? Və s. Onu da qeyd edim ki, küçəyə daxil olan qoşqulu yük maşınları mənim dəmir hasarımı bərbad vəziyyətə salıblar. Mən öz iradımı İ.Ağayevə bildirsəm də, məni “Bəyaz Market”in arxasında olan yaşayış binasının 1-ci mərtəbəsində yaşayanları bezdirib köçürtdüyü kimi məni də köçürtməklə hədələyir. Bu barədə rayonun hüquq mühafizə orqanlarına rəsmi müraciət etsəm də, H.Gülüşovun “toxunulmazlığını” nəzərə alıb məsələyə obyektiv baxmaylrlar. Bu və digər haqsızlıqları görüb hətta ölkəni tərk etmək haqqında da fikirləşirəm. Onu da fikirləşirəm ki, Siz həmişə “Mən hər bir azərbaycanlının Prezidentiyəm” deməklə hüquqlarımı müdafiə edən Prezidentim olduğunu fikirləşirəm.
Cənab Prezident,04.04.1970-ci ildə Sabirabad rayonunda anadan olmuşam. Ailə həyatı qurmamışam,övladım da yoxdur. Şəkərli diabet və hepatit xəstəsiyəm. Hal-hazırda yataq xəstəsiyəm.47 manat sosial pensiya alıram. 47 manatla mən komunal xərcləri ödəyim, yoxsa yaşamaq üçün qida alım? Bir nəfər üçün aylıq bazar səbəti 130 manat nəzərdə tutulursa 47 manatla mən necə dolanım? Rayon məşğulluq idarəsi məni işsiz olduğum halda qeydiyyata alsalar da heç bir köməklik olunmayır. Maraqlıdır H.Gülüşovun qohumlarına iş tapılır, pullarını xərcləməyə yer axtardıqları halda mən səfalət içərisində yaşayıram. Onu da qeyd edim ki, rusların Pasxa bayramında mənim maddi vəziyyətimin ağır olduğuna görə rayonda yaşayan Aleksadr dayı mənə hansısa sənədə imza atdırmaqla 20 manat köməklik göstərdikləri halda RİH, Məşğulluq idarəsi mənə nəinki maddi heç mənəvi köməklik də göstərmirlər. Məşğulluq mərkəzindən mənə ünvanlanmış məktubda göstərilir ki,guya mənə 130 manatlöq iş təklif olunsa da mən razılıq verməmişəm. Halbuki mənə elə təklif edilməyib. Səhhətimlə əlaqədar RMX-na müraciət etsəm də mənim dərmanlarımı eləcə də müalicə olunmaq üçün köməklik olunmur. Sizin qəbulunuza düşmək RİH-nin başçısının qəbuluna düşməkdən asandır.
Cənab Prezident, Sizin ünvanınıza dəfələrlə yazılı müraciət etsəm də heç bir tədbir görülmədiyini görüb mətbuat vasitəsilə Sizə müraciət edirəm. Əgər mənim başıma bir iş gələrsə səbəbkar Sabirabad rayon Maliyyə idarəsinin müdiri H.Gülüşov və qohumlarıdır. Sizdən sahibsiz, tənha, xəstə, qəlbiqırıq bir azərbaycanlı qadını kimi xahiş edirəm,mənə sahib çıxın, mənim hüquqlarımın müdafiəsini qoruyun, deyə bilməyəcəyim və ehtiyat etdiyim fikirləri nəzərə alıb məni qəbul edin. Əgər H.Gülüşova məxsus obyektlərin qanuna müvafiq qaydada fəaliyyət göstərilməsi araşdırılsa bir çox qaranlıq məqamlara aydınlıq gələcək.
Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.
Sabirabad rayon Pambıq zavodu qəsəbəsi, ev 6,mənzil 7 ünvanında yaşayan Danilova Zöhrə Mirzağa qızı".

Qarşı tərəfin mövqeyni də, dərc etməyə hazırıq.

Oxunuş sayı 1179 dəfə
Şərh vermək üçün giriş edin
Top