Bazar, 28 İyul 2019 00:22

“Sona Vəliyeva dedi ki, Paşa Bankla işləyə bilmərik” – Əli Həsənovun “Kaspi Liseyi”ndə qalmaqal

Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Paşayevin sədrliyi ilə “Kaspi Liseyi ümumtəhsil məktəbi” MMC-də 564 min manatlıq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə “Kaspi Liseyi”nin direktoru Elnur Əliyev şahid qismində dindirilib. Liseydə 564 min manatı mənimsəməsi ilə bağlı cinayət işi E.Əliyevin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciəti əsasında başlanıb. 

Şahid bildirib ki, liseyə 2018-ci ilin mart ayından rəhbərlik edir və təqsirləndirilən şəxs Tural Məmmədovun baş mühasib vəzifəsini icrasından razı deyildi. Onun sözlərinə görə, hesabatlar vaxtı-vaxtında verilmirdi, veriləndə isə səhv verilirdi. “Keçən ilin sentyabr ayında növbəti dəfə hesabat verilməyəndə mən Tural Məmmədov və digər təqsirləndirilən şəxs, mühasib Fərahim Möhbalıyevin işdən azad olunması ilə bağlı təsisçiyə müraciət etdim. Lakin o, həmişə Məmmədova həddindən artıq dəstək verirrdi və arxasında dururdu. Ona görə də bu dəfə məndən onları ofisə digər işə köçürməyi xahiş etdi. Mən onlardan kassanı təhvil alanda 400 min kəsir aşkar etdim. Növbəti gün kassa qəbzlərini sayanda kəsir məbləği bundan da artıq çıxdı. Komissiya yaradıldı. Məlum oldu ki, 560 min əksikdir. Məmmədov mənə dedi ki, təsisçi ilə təkbətək görüşmək istəyir. Görüşdə mən də iştirak etdim. Əvvəl Tural bildirdi ki, pulun bir hissəsini götürüb iş qurmaq istəyib, sonra isə əlində kağız gələrək and içdi ki, çatmayan 560 mini ödəyəcək. Mən onun sözlərinə inanmadım”.

Təqsirləndirilən Tural Məmmədov isə bildirib ki, liseyin təsisçisi olan Sona Vəliyeva ilə görüşəndə Əliyev yox idi. Həmin görüşdə Vəliyeva ona ərizə yazaraq, pulun götürülməsini öz üzərinə götürməsini dedi. Əks təqdirdə polisə müraciət edəcəyini bildirdi. “Həmin görüşdə siz yox idiniz. Mən Sona Vəliyevanın qol çəkdiyi daxili ödəniş qəbzlərini gətirdim. Onları niyə başqa ad ilə işə tikmisiniz?”, – deyə Məmmədov soruşub.

Daha sonra vəkil Elçin Sadıqov liseydə işçilərə verilən əməkhaqlarının 90%-ni nəğd şəkildə verilməsindən Əliyevin xəbəri olub-olmadığını soruşub. Əliyev suala cavab olaraq “mən direktor olandan sonra əməkhaqları bank vasitəsilə verilir”, deyib. Təqsirləndirilən şəxslər isə bildiriblər ki, maaşların nəğd şəkildə verilməsi barədə tapşırığı onlara rəhbərlik verib.

Tural Məmmədovun hər gün təsisçiyə pul verməsi barədə Əliyevin xəbəri olub-olmaması ilə bağlı suala E.Əliyev deyib: “Xeyr. Bu, mənə maraqlı olmayıb. Bir dənə onu bilirəm ki, təsisçi Turalı çox müdafiə edirdi. Fərahim isə günahsızdı. Onun tək günahı bu olub ki, cinayət haqqında bilib, xəbər verməmişdi”.

Daha sonra təqsirləndirilən şəxslər bildiriblər ki, onlardan 714 qəbz götürülüb və Əliyevdən qəbzlərin kassa mədaxil orderləri, yoxsa daxili ödəniş qəbzləri olduğunu soruşublar. Əliyev suala cavab verməyib. “Biz banklarla işləmək üçün, köçürmələri bank vasitəsilə aparmaq üçün 5 bankdan ibarət siyahını tərtib etdik. Lakin bu siyahı qəbul olunmayıb. Sona Vəliyeva deyib ki, “Paşa Bankla” işləyə bilmərik. Çünki pulumuz orada olsa, biz pulu Heydər Əliyev Fonduna köçürməli olacağıq”. Tural Məmmədov həmçinin əlavə edib ki, hər gün pulu Sona Vəliyevaya verirdi və həmin pulları Etibar Əliyevlə bir yerdə sayırdı. Əliyev isə “mən səninlə heç bir pul saymamışam”, deyə cavab verib.

Növbəti məhkəmə prosesi avqustun 2-nə təyin edildi.

Xatırladaq ki, ölkə prezidentinin köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyeva “Kaspi Liseyi” MMC-nin təsisçisidir. Cinayət işində onun da adı keçir və bu ad məhkəmədə bir neçə dəfə hallanıb.

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib.

Bu vəsaitin 565 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

Tural Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır:

“Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim”.

Digər təqsirləndirilən Fərahim Möhbalıyevin onunla əlbir olmadığını deyən Tural Məmmədov deyir ki, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da “Tatlı dünyası” şirniyyat evinin təmirinə xərcləyib.

Fərahim Möhbalıyev isə özünü təqsirli saymır.

Tural Məmmədov və Fərahim Möhbalıyevin təqsirləndirildiyi CM-in 179.4-cü maddəsində 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub. (Turan.az)

Oxunuş sayı 924 dəfə
Şərh vermək üçün giriş edin
Top