Çərşənbə, 15 Aprel 2020 22:28

Laçının icra başçısı 94 nömrəli evi kimə satıb?! - ŞİKAYƏT

Laçın rayon sakini Alməmmədov Qubad icra hakimiyyətinin başçısından şikayətçidir. Bu barədə Q.Alməmmədov şikayət məktubu göndərib. Xeberinfo.de həmin məktubu təqdim edir: 

"Prezident İlham Əliyev cənabları, diqqətinizə çatdırmaq istəyirəm ki, 1992-ci il may ayının 18-də ermənilər tərəfindən Laçın işğal olunandan sonra məcburi köçkün kimi Ağcəbədi rayonu, Taxtakörpü ərazisində, Şeylanlı obasında ailəlikcə qamış komalarda məskunlaşmışıq. Atam - Alməmmədov Bayramqulu 1- ci qrup hərbi əlil olub. Qardaşım - Alməmmədov Armayıs Bayramqulu oğlu Əfqanıstan müharibəsində hərbçi kimi şəhid olub. Bir oğlum isə hal-hazırda cəbhə bölgəsində hərbi xidmətdədir. Ancaq üst-üstə aldığımız bu ağır travmalar və qarşılaşdığımız bu sonu görünməyən məhrumiyyətlərə dövlət məmurları tərəfindən hər gün yeniləri əlavə olunur.
Belə ki, 2019-cu ildə sizin sərəncamınızla dövlət proqramına uyğun olaraq, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşadığımız ərazidə - Şeylanlı obalarında məskunlaşmış biz məcburi köçkünlər üçün 144 mənzillik qəsəbə salınıb.
Lakin mənzillərin bölgüsü zamanı Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi komissiya tərəfindən keçirilən püşk atma zamanı şəffaf qutudan 94 nömrəli evin kuponu mənim payıma düşdü. Ancaq sonradan məlum oldu ki, Laçın rayon İcra Hakimyəti tərəfindən biz ailəlikcə mənzil almaq hüququndan məhrum olunmuşuq. Səbəb isə yalnız onların özlərinə məlumdur. Ümumiyyətlə burada çox qaranlıq proseslər gedir və hər gün mənzillərin bölgüsü üçün yeni bir siyahı elan olunur. Bəzən iki yaxın qonşudan birinin adı siyahıda çıxır digərininki isə çıxmır. Bəzən isə bu obalarda yaşamayan və ümumiyyətlə camaatdan heç kimin tanımadığı və görmədiyi insanların adları mənzil siyahısında elan olunur. Bütün bunların fonunda 30 ilə yaxındır məhkum olunduğumuz ağır məişət şəraitindən qurtulacağımıza böyük ümidlər bəslədiyimiz bir vaxtda Laçının işğalından sonra Laçın rayon Icra Hakimiyyətinin öz şəxsi maraqlarını üstün tutması sayəsində hüquqlarımız kobud şəkildə pozulmaqla bərabər ən böyük mənəvi-psixoloji sarsıntı keçiririk.
Cənab Əliyev!
Bir şəhid qardaşı bir əlil övladı, bir əsgər atası, bir məcburi köçkün olaraq sizdən xahiş edirəm ki, dözülməz mənzil-məişət şəraitimizi nəzərə alaraq yaşadığımız ərazidə mənim ailəmin də mənzillə təmin olunmasına göstəriş verəsiniz".

Oxunuş sayı 1438 dəfə
Şərh vermək üçün giriş edin
Top