Bazar ertəsi, 20 Aprel 2020 19:25

Binə sakini: O səngərdəki əsgərin azyaşlı bacısı, qardaşı acından ölür, ay hökumət

 

11 nəfərlik ailə karantin dövründə ən ağır, çarəsiz günlərini yaşayır

“Böyüklər birtəhər yola verir, ancaq 6 yaşında uşağı başa sala bilmirəm ki, çörək almağa pul yoxdu, hökumət də əl tutmur”.

Binədəki Südçülük Sovxozunda yaşayan Mirəziz Ağayev yataq xəstəsidir. O, 11 nəfərlik ailənin karantin dövründə üzləşdiyi ağır durumdan danışır. Deyir, karantin dövrünədək iki oğlu orda-burda günəmuz fəhləlik edərək ailəni yaxşı-pis dolandırırmış. Ancaq hökumətin “hamı evdə qalsın” tələbindən sonra onlar da işsiz qalıb.

“Bir oğlum səngərdə keşik çəkir, azyaşlı iki övladımsa acından ölür”

“İki oğlum günəmuzd işləyirdi, hər gün evə 10-15 manat gətirirdi, birtəhər dolanırdıq. Küçəyə çıxırlar, polis deyir, gir evə... Özüm yataq xəstəsi, həyat yoldaşım xəstə, 61 yaş mənimdir, 57 yaş onun... Heç birimizin yaşı pensiyaya düşmür, heç dünyanın düz vaxtı heç yerdə bizə iş olmayıb. Əvvəl yaşımıza baxıb iş verməyiblər, sonra da sağlamlığımıza... Evdə 6, 12 yaşında daha iki övladım var. Onlara görə də bidiyiniz kimi, dövlət uşaqpulu vermir. İki yekə oğlumu soxublar evə ki, karantindi, çıxmayın, cərimələyərik. Bir oğlum da hərbi xidmətdədir. Uşağımı vermişəm ki, getsin, torpağı, vətəni qorusun. Ancaq hökumət bizə bayaqdan sadaladığım kimi, belə yanaşır. Deməyim odur ki, səsim yuxarılara çatsın, bilsinlər ki, o səngərdəki əsgərin azyaşlı bacısı, qardaşı bu dəqiqə acından ölür, ay hökumət”, - Mirəziz Ağayev deyir.

“Karantin gəldi, parnik əldən getdi”

Mirəziz Ağayev karantin dövründə birdəfəlik yardım kimi 190 manat üçün aidiyyəti quruma elektron müraciət edib, ancaq hələ də cavab almayıb:

“Deyirlər, ailədən bir nəfər müraciət edə bilər, ikincisinə o pul ayrılmır. Mənim ailəm dediyim kimi, 11 nəfərdən ibarətdir. Hələ almadığım o 190 manatı sağdan sola, soldan sağa bölüşdürürəm, baxıram ki, çörəkdən başqa heç nəyə çatmır. Üstəlik də, hələ ətrafımda bircə nəfər də o pulu almayıb, mənim kimi gözləməkdədir. Veriləcək, verilməyəcək, bilmirik. Həyətdə parnik vardı, hissə-hissə sökdük, əvvəl örtüyünü satdıq, sonra da dəmir konstruktorlarını... Hökumət bizi evə soxandan elə həyətdəki dəmir-dümürü satıb dolanmışıq. Bir sözlə, karantin gəldi, parnik əldən getdi. Daha həyətdə də satmağa heç nə qalmayıb”.

“Əkin torpaqlarımızı əlimizdən almasaydılar...”

Mirəziz Ağayev deyir, vaxtilə ona verilmiş və əkin işləriylə məşğul olduğu torpaq sahəsi əlindən alınmasaydı, bəlkə də böyük bir ailə indi bu əziyyətləri çəkməzdi:

“Vaxtilə mənə çoxuşaqlı ailə başçısı kimi əkin işləri üçün torpaq sahəsi ayrılmışdı. Əkin işləri görüb, məhsulu satıb, dolanışığımızı təmin edirdim. Bir vəzifəli, pullu oğlan çıxdı ortalığa, icra hakimiyyəti ilə razılaşdı, bütün torpaqları əlimizdən alıb verdilər ona... Neçə-neçə ailənin mənim kimi əli torpaqdan kəsildi, insanlar aclığa məhkum oldu. Yoxsa indi durumumuz lap belə də pis olmazdı, heç olmasa evimizdə unumuz, qəndimiz olardı“.

Mirəziz Ağayev torpaq sahəsinin əlindən alınmasına görə müxtəlif qurumlara və Birinci vitse-prezident Mehriban Əliyevaya dəfələrlə müraciət etdiyini, ancaq hər hansı cavab almadığını deyir.

Xəzər Rayon İcra Hakimiyyətindən məsələdən xəbərsiz olduqlarını, şikayətçi ilə maraqlanacaqlarını bildiriblər.

Koranavirusla mübarizənin ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə Prezidentin tağşırığına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Dövlət Məşğulluq Xidmətinin rəsmilərinin bildirdiyinə görə, bu planın “Məşğulluq və sosial rifaha dəstək” bölməsinə uyğun tədbirlərin həyata keçirilməsinə görə dövlət büdcəsindən təxminən 100 milyon manat nəzərdə tutulub. Bunun 30 milyon manatı karantin dövründə işsiz qalmış vətəndaşların sosial müdafiəsini təmin etmək üçün xüsusi haqqı ödənilən ictimai iş yerlərinin açılması üçündür. Dezinfeksiya sahəsində, 65 yaşdan tənha şəxslərə qulluq və s. sahələrdə ümumilikdə 50 min iş yeri nəzərdə tutulub. 70 milyon manat isə işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunması – birdəfəlik 190 manatın ödənişləri üçündür.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Məşğulluq Alt Sistemi movcuddur. Hökumət bildirir ki, bu sistemdə işsiz kimi qeydiyyata alınmış vətəndaşlar birdəfəlik ödənişdən yararlanacaq. Birdəfəlik ödəniş dövlətdən digər sosial ödənişlər, yardımlar alan vətəndaşlara şamil olunmur. Lakin sosial şəbəkələrdə vətəndaşlar Məşğulluq Alt Sistemində işsiz kimi qeydiyyata alındıqlarını, birdəfəlik yardımdan isə hələ də yararlanmadıqlarını bildirirlər.

Oxunuş sayı 293 dəfə
Şərh vermək üçün giriş edin
Top