Bazar, 06 İyun 2021 03:36

"Elçibəy vəzifədə olan DTK agentlərinin adlarının açıqlanmasına icazə vermədi"

Bunu 1992-93-cü illərdə Milli Təhlükəsizlik Nazirinin birinci müavini vəzifəsini tutumuş Sülhəddin Əkbər 4 iyun qiyamı ilə bağlı Azadlıq radiosuna müsahibəsində deyib.

S.Əkbərin sözlərinə görə, həmin zaman yüksək dövlət postlarını tutanlar arasında DTK agentləri vardı: “Vəzifəyə təyin olunduqdan sonra mənim ilk işlərimdən biri agentura şəbəkəsi ilə tanışlıq oldu. Arxiv bağlı idi və onun açılmasına imkan verilmədi.

Arxivin qapısı inqilab komitəsi tərəfindən möhürlənmişdi. Bu əslində qanunsuz idi, biz istədiyimiz zaman oranı aça bilərdik. Amma siyasi rəhbərlik buna razılıq vermirdi".

Bunun səbəbini izah edən S.Əkbər maraqlı məqamı açıqlayıb: "Mən həmin dövrdə bunu araşdırdım və bəlli oldu ki, fəaliyyətdə olan agentura başqa bir formada saxlanıb. Mən siyahını tələb etdim və gətirdilər. Onun əsasında araşdırmalara başladım. Bəlli oldu ki, yeni hakimiyyətdə zamanında DTK ilə əməkdaşlıq etmiş, hazırda rəhbər vəzifələrdə olan şəxslər var. Həm qanunverici həm də icra hakimiyyətlərinin ən yüksək vəzifə tutan şəxslər haqqında məlumatları topladım və bu barədə prezident Elçibəyə məruzə etdim".

S.Əkbər deyib ki, Prezident ona cavab verməyib: "Üstündən aylar keçdi. Mən narahat olmağa başlamışdım. Yüksək vəzifəli şəxslər barədə məruzə edirəm, bu adamlarla milli dövlət qurmaq mümkün deyil, çnüki onlar müstəqil hərəkət edə bilməzlər. Nə nazir dəyişir, nə arxiv açılır, nə də məruzə elədiyim adamlar haqqında tədbir görüldü".

Sabiq nazir müavinin sözlərinə görə, bunun əvəzində onun ətrafımda iş aparmağa başlanıb. S.Əkbərdən xəbərsiz kadr təyinatları aparılıb, nazirin birinci müavini kimi ona gələn informasiyalar məhudulaşdırılmağa başlanıb. S.Əkbər bildirib ki, bu proses Moskvadan idarə olunurdu.

S.Əkbər yüksək vəzifə tutmuş həmin agentlərin adlarını açıqlamaqdan imtina edib: "Mən DTK agentləri olmuş həmin şəxslərin adılarını açıqlaya bilmərəm. Həmin şəxslərdən bir neçəsi gəlib mənimlə söhbət elədilər. Bu gün də sağdırlar. O dövrdə onlar yüksək vəzifələr tuturdular".

S.Əkbər daha bir maraqlı məqamı da açıqlayıb. Onun sözlərinə görə, prezident Elçibəy onu qəbul edib və 3 saat yemək süfrəsi arxasında bu məsələni müzakirə ediblər: "Əbülfəz Elçibəy məni təklikdə qəbul etdi. Prezident yüksək vəzifələr tutan həmin şəxslərin adlarını açıqlanmaması şərti ilə agentura siyahısının açılmasını istədi. Məndən həmin şəxslərin sənədlərinin arxivdən götürülməsini tələb edirdilər. Mən qəti bundan imtina etdim və istefaya getməyə hazır olduğumu dedim".

S.Əkbər deyib ki, 1993-cü ilin martından iyun ayına qədər prezidentlə bir daha görüşə bilməyib.

Oxunuş sayı 90 dəfə
Şərh vermək üçün giriş edin
Top