Cümə axşamı, 13 Oktyabr 2022 10:53

“Mustafa” olmağa can atan Mustafaoğluna qürbətdən bir neçə kəlmə!

Nə qədər namərd olmalısan ki, Azərbaycan rəsmilərinin etiraf etdikləri, bütün Azərbaycan xalqının da bildiyi həqiqəti unudasan

Elşən Mustafaoğlu adlı bir mütəfəkkir və ziyalı var idi. Tanıyanlar onu sevir, rəğbət göstərir və haqqında müsbət sözlər danışırdılar.

Qarışdırmayın, o zaman Mustafa soyadlı “qəhrəman” Qəzənfərin oğlu kimi tanınırdı. Yox, rəhmət oxumağa da gərək yoxdur. Adam yaşayır və yaradır. Keçmiş zamanda yazmağımın səbəbi yavaş-yavaş, indi də birdən düşməsidir, gözdən. Enməsi də deyə bilərik.

Bu ayədəki kimi: “.. biz (Adəm və Həvvaya) dedik enin, bir-birinizə düşmən oldunuz, yerdə müəyyən vaxta qədər sizin üçün sığınacaq və yaşayış vasitələri var”. (2-36)

Bəzi müfəssirlər enin (ihbitu) felini gözdən düşmək kimi təfsir edirlər. Şeytanın hiyləsinə uyub qadağan olunmuş ağaca (buğdaya) yaxınlaşdıqları üçün Allahın nəzərindən düşdülülər, Ayədəki “enin” kəlməsi çox ciddi mesajdır, hətta tövbə edilməsə ölməkdən betər edir adamı.

Əziz Elşən müəllim də cəmiyyətin gözündən düşüb, ciddi xəsarət aldığı aşikardır. Bu barədə bir qədər sonra...

Deməli, Elşən müəllim məlum Zəngəzur dəhlizindən söz açır, Əliyev rejiminin Zəngəzur sevdasını alqışlayır, bu mövzuda əks mövqe bildirənləri ən yumuşaq desəm, cahillikdə, vətənə xəyanətdə suçlayır və sonda əsas hədəfini elan edir; əlindəki kəsəyi İrana tərəf tolazlayır. Xub, nə edir, necə edir öz işidir. Adam 10 il əvvəlin mütəfəkkirlərindən hesab olunrdu. Ona yol göstərmək bizə düşməz. Amma və lakin vətənə xəyanətdə suçlanıb həbs edildiyi və cəzasının bir hissəsini çəkəndən sonra yarımçıq buraxıldığı üçün bəzi məqamları unuda, yaxud bilməyə bilər. Sadəcə xatırlatmaq məqsədilə əziz və hörmətli Elşən müəllim Mustafaoğluna yaddaş etmək istəyirəm. Təbii ki, Zəngəzur dəhlizi haqqında 22 dəqiqəlik çıxışından sonra.

Əziz Mustafaoğlunun Zəngəzur dəhlizinin Azərbaycanın xeyrinə olduğunu, İranın əsassız yerə rahatsızlığını deməsi və bu söhbətdə Əliyevə müxalif olanları vətən xaini adlandırması çox gülünc görsənir. Müəllimi tanımasaydım, bu mülahizəsinə görə savadsız deyərdim...

Əvvəla, Zəngəzur dəhlizi müzakirəyə başlayanda AZTV reportaj verdi və həmin məlumatın “qırmızı lenti” bu cümlə idi: “Zəngəzur dəhlizi Türkiyənin Orta Asiyaya çıxışı üçün ən əlverişli yol olacaq”.

Elşən müəllim üçün bu cümlənin təhlili elə də çətin olmamalıdır. Əzizim çox yaxşı anlamalıdır, anlayır bu cümlənin mənası nədir.

İndi çıxıb deyir ki, NATO Cənubi Qafqaza gəlmək istəsəydi, çoxdan gəlmişdi və bla..bla...

Eyni zamanda tam əminəm ki, Mustafaoğlu rejionda baş verən prosesləri və ölkədəki hadisələri dərk edəcək zəkaya malikdir. Çox gözəl bilir ki, Zəngəzur söhbətinin zərrə qədər Azərbaycan dövlətinə və xalqına faydası yoxdur. Əksinə təqribən 3000-dən (üç min) çoxəsgərimiz şəhid oldu, on minlərlə əsgər qazidir və onlardan 44-ü artıq intihar edib. Hökumət şəhid ailələrinə və qazilərə gözünün ucu ilə belə baxmır. Onlar təbii haqqlarını ala bilmədikləri üçün intihar etdilər. 44 intihar faktına görə bir cinayət işi açıldımı? Ən azı şəhid analarının, qazi ailələrinin ürəklərini soyutmaq üçün səhlənkarlıq maddəsi işə düşə bilərdi. Amma xalqa qarşı rejimin kini o qədər böyükdür ki, məmurların cinayət tərkibli əməllərinə göz yumulur. Cinayət Məcəlləsi bir ailə üçün işləkdir.

NATO-nun regiona gəlişinə gəldikdə, diqqətinizi Azad Demokrat Partiyasının sədri, cəbhə hakimiyyətində Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilmiş) müavini olmuş Sülhəddin Əkbərin müsahibəsinə yönəltmək istəyirəm: “NATO artıq gözlənildiyi kimi, qloballaşdı. Qurumun yekun bəyannaməsinə baxsanız bunu çox açıq şəkildə görmək mümkündür. Çünki artıq Çin də NATO-nun məsuliyyət zonasına daxil edilib. Digər tərəfdən NATO artıq tərəfdaş ölkələrlə də əməkdaşlığı sıxlaşdırmağı nəzərdə tutur. Yəni NATO həm hədəflərinə görə, həm də məsuliyyət zonasının genişlənməsinə görə qloballaşdı. Bu NATO-nun 2030-cu ildə hazırlanacaq konsepsiyasında öz əsasını tapacaq. Çünki NATO-nun yeni konsepsiyası qəbul olunmuş yuxarıda xatırlatdığım bəyannaməyə əsasən hazırlanacaq. Artıq NATO Şimali Amerika və Avropanı-köhnə qitəni deyil, bütün yer kürəsini öz məsuliyyət zonası hesab edir. Buradan törənən nəticə isə ondan ibarətdir ki, deməli, hədəflər də qloballaşır, məsuliyyət zonası da qloballaşır, koalisiya da qloballaşır. Yəni hər bir tərəf, beynəlxalq birliyin üzvü olan hər bir dövlət, hər bir beynəlxalq subyekt seçim etməli olacaq - ya demokratik koalisiyada yer alacaq, ya da totalitar rejimli koalisiyalarda yer alacaq. Bizi maraqlandıran əsas nəticələrdən biri ondan ibarətdir ki, Azərbaycanın strateji müttəfiqi olan qardaş Türkiyə də kollektiv Qərblə birgə hərəkət etməyə qərar verib. Əks təqdirdə hazırda bilirsiniz ki, onunla ABŞ arasında Əfqanıstanla bağlı intensiv dialoq aparılmazdı.

Zəngəzur dəhlizi məsələsi bu layihənin içindədir və hətta bu layihənin reallaşmasında bir nömrəli yer alır. Mən ona görə deyirəm ki, Rusiyaya Qarabağ məsələsinin həll edilməsi üçün təzyiq edilirdi. Qarabağ məsələsi həll olunmadan Zəngəzur dəhlizinin açılması mümkün olmazdı. Nəyə görə Azərbaycan dövlət başçısı inamla deyir ki, Zəngəzur dəhlizi açılacaq? Çünki bilir ki, bu dəhlizin açılması üçün böyük dövlətlər arasında artıq razılaşma var. Mən nəzərdə tuturam Böyük Britaniya, Çin və Rusiyanı. Eyni zamanda Türkiyə də burada rol alıb.”

Bu linkdən daha ətraflı bilgi əldə edə bilərsiniz: https://musavat.com/news/zengezur-dehlizi-dunya-guclerine-lazimdir-sulheddin-ekberden-sensasion-aciqlamalar_811623.html

Artıq 23 aydır torpaqların bir qismi azad olunub, amma 23 nəfər sərbəst şəkildə əcdadlarının məzarını ziyarət edə, halal evlərinə gedə bilmir, . Manaf Ağayev kimi tanınmış birisi “lotu”luq edib, Fizuliyə getmək istədi, tutub soxdular qoduğluğa. Sonra çıxıb üzr videosu yaydı. Belə faktları yazmaqla bitmir. Mən hələ ölkədəki işsizliyi, pulsuzluğu və digər problemləri demirəm. Məktəblərin qarşısında uyuşdurucu satılmasını və bu qəbildən olan cinayətləri heç demirəm. Ona görə dərhal cavab verəcəksiz ki, hamısı İrandan gəlir. Necə ki, bu gün bütün dünya 43 il suyunu, çörəyini kəsdiyi İranı qınayır ki, dronların Ukraynada şəhərləri darmadağın edir.

Demək istəyirəm ki, nəinki Zəngəzur, heç Şuşa, Ağdam, Cəbrayıl xalq üçün geri alınmayıb. Ən sadə məntiq budur: xalq və dövlət üçün olmayan savaşda niyə xalqın balası ölməlidir? Bir halda ki, dövlət o balanın çörəyinə bir dəfə də yağ çəkməyib, əksinə boğazından tikəsini, gözündən gülüşünü, həyatından xoşbəxtliyini, gələcəyindən ümidlərini çəkib, qoparıb. Sizin kimi ziyalı birisinə yaraşarmı, belə bir rejimin yanında durub, məzlumun ahı ucalan tərəfə boylanasız? Mən başa düşürəm, sizə çox çətin olmalıdır bu boylanmaq. Bildiyim qədər sizin də gözləriniz həsrət yaşlarında çox boğulub...

Əlbəttə, cavab verə bilərsiz ki, mənim bir vətəndaş kimi öz ana vətən torpaqlarının geri qaytarılmasını istəməyimi nə üçün hökumət, rejim, filanla bağlayırsınız? Hökumət bu gün var, sabah yoxdur, ancaq alınan torpaq bizimdir, vətənimizindir.

Əvvəla, illərdir ki, məhz bu fikirlə zülm edilir. Hökumətlə dövlət ayrıdır, deyib insanlar kölələşdirilir. 70-ci illərin əvvəllərində ata Əliyev, 80-lərdə eyni adam, doxsanlarda bir neçə il istisna olmaqla eyni hökumət, eyni dövlət və bu xor 2022-ci ilə qədər davam edir. Bu rejimi qorumaq istəyən də xora qoşulur. Amma artıq İlham Əliyev özünü dövlət hesab edir. Hətta yüksəkçinli məmurların dililə dəfələrlə deyilib ki, dövlət də, xalq da, hökumət də, qanun da İlham Əliyevdir. Sizə hökm oxunanda Azərbaycan Respublikası Dövlətinin adından oxunub. Yəni, siz dövlət adından vətənə xəyanət maddəsilə həbs olunmusuz.

İkincisi, vətən torpağının hər qarışı, hər daşı mənim üçün əzizdir və düşünmürəm ki, vətəni sevmək mövzusunda sizdən geri qalıram. Azərbaycan torpaqlarının azadlığı, vətəndaşının xoşbəxtliyi Əliyev sülalə və ailə rejiminin istefasına bağlıdır. Nə qədər ki, qəsbkar, zalım Əliyev rejimi ölkənin sərvətlərini xarici qüvvələrə peşkəş edəcək, Azərbaycan boşalacaq, xalqı gözüyaşlı, ümidsiz və səfil formada ölüb, gedəcək. İstəyirsiz dünyanın adını Azərbaycan qoyun, orda Azərbaycan vətəndaşı xoşbəxt deyilsə, normal yaşamırsa, zülm və haqsızlıq altında inləyirsə, adını nə qoymağın nə mənası var? Bu arqument azad edilmiş torpaqlar ətrafında baş verən hadislər fonunda daha şəffaf görünür.

Əziz Elşən, bir az əvvəl bəzi terminləri boşuna işlətmədim, “qırmızı xətt”, “vətən xaini” və sair. Xətdən başlayaq, deyirsiniz ki, Azərbaycanın torpaqları işğal altında qalanda İran qırmızı xətdən niyə danışmırdı?

Ritorik sual: Siz həqiqətən belə düşünürsüz, yoxsa kütləyə qoşulub, “heyvagülünü” rəqs etmək zorundasınız?!

Xatırlatma: İranın Ermənistanla iqtisadi əlaqələri var və qonşuluq siyasəti yürüdür, amma Azərbaycana təmənnasız yardımları saysızdır. İran Azərbaycan müstəqilliyini tanıyan ilk beş ölkədən biridir. İran birinci Qarabağ savaşında təmənnasız əsgər və hərbi texnikası ilə Azərbaycanın yanında olub. İran cəbrayıllıları xocalıların aqibətindən qurtarıb. Nə qədər namərd olmalısan ki, bizim də rəsmilərimizin etiraf etdikləri, bütün Azərbaycan xalqının da bildiyi, gün kimi aydın olan Qubadlı, Zəngilan, Cəbrayıl əhalisinin xilasını unudasan! Bu, 300 mindən çox insanın xilası, 300 minlik namusun, qeyrətin təcavüzün xilası deməkdir. Qeyrətini, namusunu, şərəfini xilas etmiş bir ölkəyə hələ də hər hansı səbəblərdən kin qusmaq, idarəolunan media vasitəsinin diktəsilə hər bəhanədə qınaq yağdırmaq hansı dindarlığa, insanlığa, şərəfə, ləyaqətə, qeyrətə sığır?! Ən azı qınaq videosu çəkəndə bu həqiqəti görməzdən gəlmək, heç bir təşəkkür bildirmədən, sən mənim namusumu qoruşum bir ölkəsən, sən mənim xalqımın tarixinə yazılacaq böyük bir qara ləkənin düşməsinə imkan verməmisən, demək lazım idi.

Elşən müəllim, ən azı belə də eyə bilərdiniz: “Axı mənim xalqımın, dövlətimin, ölkəmin taleyində heç kəsin olmadığı, qardaşım dediyim ölkələrin bir vaxt xəyanət etdikləri halda, onların əsla etmədiklərini etmiş, dünya durduqca özümü borclu biləcəyim bir addımı atmış bir ölkə, görəsən niyə bu gün Zəngəzur məsələsində bu qədər həssasdır? Doğrusu, məni bir delemma qarşısında qoyur. Bəlkə, xalqımın üzərində bu qədər əvəzolunmaz, qarşılığı heç nə ilə ödənilə bilməyəcək böyük və misilsiz bir haqqı olan ölkə, görəsən, niyə belə edir? O addım hara, bizim idarə olunan media vasitəsilə kütlənin ittiham etdiyi, mənim də bu axına düşüb iradlar bildirdiyim ölkə hara?

İlahi, bəlkə, mənim bilmədiyim nələrsə var? İlahi, mən bütün həqiqətlərin aşkara çıxacağı gün bilmədiyim, mənə sırınanlara görə eyforiyaya qapılıb torpaq və vətən eyforiyası ilə səsləndirdiyim fikirlərə görə nə deyərəm? İllərlə şəxsiyyətinə pərəstiş etdiyim üləma və məracenin üzünə necə baxaram?”

Əgər həqiqətən, məsələlərə dindar, Allaha inanan ədalətli şəxs kimi baxırsınızsa, ən azı bu nüansı nəzərə almalı idiniz. Ən azı mərcətəqlid olmasında ələmiyyətlə yanaşı, ədalətin də şərt olduğu bir adamın “qırmızı xətt” sözünü hər kəlmə başı xüsusi vurgu və eyhamla işlədərkən ehtiyatlı olmalı idiniz ki, bəlkə mənim baxış bucağımdan görünməyən, lakin onun mövqeyindən görünən çox şeylər var. Ən azı bir dini inancı olan adam kimi bunları mülahizə etməli idiniz.

Onu da deyim, bir neçə gün əvvəl İTV efirində Azərbaycan əsgəri etiraf edirdi ki, İrana arxalanıb, araz boyunca hücuma keçdik və düşmənin sərt müdafiə xəttini aşdıq.

Bilirsinizmi, Azərbaycan hələ də Xocalı Soyqırımını tanımır və bu gün Azərbaycanın xarici siyasəti Ermənistanla sülh sazişi bağlamaq və dost olmaqdan ibarətdir. İşğalçı Ermənistan sülhə razılıq versə, bu rejim uzağı 3 ilə bütün Ermənistanı gülüstana çevirməyə hazırdır. İran bunu görə-görə nə etməlidir?

Çox yöndəmsiz və dəxli olmayan misal çəkib, bütün xalqı İlham Əliyevin ətrafına dəvət edirsiniz. Guya İlham Azərbaycan adlı ailənin başçısıdır, Ermənistan top-tüfənglə üstümüzə gəlir, filan. Çox uğursuz müqayisədir, sizin təfəkkür tərzinizi xeyli zəif və qısır göstərir, zövqünüzün məddahlığa meyilli olmasını diktə edir.

Əziz Elşən müəllim, vətənə xəyanət maddəsilə saxlanılanda çox məyus olmuşdum. Sizin xainliyinizə inanmırdım və inanmıram. Lakin həbsinizə bir anlam da verə bilmirdim. Axı niyə həbs olunmalıydınız? Heç zaman siyasi mövqe bildirməmisiz, rejim haqqında mənfi nəsə eşitməmişəm sizdən. Üstəlik şeyxin qanadları altına sığınmağınız. O dövür sərt və etibarlı hesab edilən o qanadlar da sizi qoruya bilmədi və ağır ittiham, vətənə xəyanət..

Səhv etmirəmsə, həbs olunduğunuz ilk vaxtlarda məsələnin siyasiləşməsini istəməmişdiniz. Müəmmalı şəkildə həbs olunduğunuz kimi, 7 il 6 ayın tamamında ağ atlı oğlanın tərikində azadlığa çıxmağınız və dərhal sizi ən ağır ittihamla həbs edən rejimin “dəvə”sinin nuxtasını qamarlamağınız çox şübhəli deyilmi? Bəlkə həbsinizin motivləri haqqında məlumat verəsiniz! Məsələn niyə həbs etdilər, həbs zamanı nələr oldu, niyə və hansı şərtlər çərçivəsində məhz 7 il 6 aydan sonra sərbəst buraxıldınız? Qeyd edim ki, azadlığa çıxmağınız məni sevindirdiyi kimi, təngənəfəs Şahin Həsənlinin yanına yürüməyiniz də məyus etmişdi. Əslində oğurlanmış, yaxud alınmış 7 ilinizin hesabatını sormaq ən düzgün addım olardı. Heç olmasa, qoyunu qurda təslim edən köpəyə bir, iki daş atardınız. Əsk halda qara qutunun anaxtarının kimin əlində olduğunu sezdirmiş olursuz.

Əvvəldə bir ayə dedim, bu sualları həmin ayənin əhatəsinə düşməyəsiz deyə, ünvanlayıram. Gerisini özünüz bilərsiniz.

Sizin Zəngəzur dəhlizinə girişinizlə bağlı ehtimallarıma gəldikdə, bəzi məqamları da deməliyəm. Məncə, dayandığınız cəbhədə olmağınızın səbəbi sizə qarşı diqqətsilik ola bilər. Məsələn, həbs olunan zamanda böyük əksəriyyət nə baş verdiyini anlamırdı və o üzdən sizi ancaq qısa müddət sosial şəbəkələrdə dəstəkləyə bildi. Zaman keçdikcə, gözlədiyiniz davamlı dəstək olmayınca, siz də gücün yanında durmaq qərarı verdiniz. Digər ehtimal: Bu gün əlinə daş götürən İrana atır. İranı söymək vətənsevdalısı olmağa bərəbər tutulur. Hətta heç zaman siyasətə qarışmayan, sadəcə namazında-niyazında olan bəziləri də “İran Ermənistana yardım edir” deyib, zəncir gəmirirlər. Belə məqamda xalqdan niyə bir “malades” qazanmayasız! Hər halda həbsdən əvvəlki nüfuzunuzu bərpa etməkdə maraqlısınız.

Tam başqa bir ehtimal: müddətdən əvvəl azadlığa çıxmağınızın bədəli ola bilərmi, bu yanaşmanız? Ola bilər, Allah heç kimi “haqsız” yerə dörddivara salmasın.

Əziz Elşən Mustafaoğlu, bunlar ehtimallardır. Bir ehtimal da soyadınızla bağlıdır. Siz Mustafaoğlusunuz, Azərbaycan kiçik yerdir, bir Mustafa soyadlı bəs edir. Siz Mustafaoğlu kimi qalın, çalışsanız da Mustafa soyadını qazana bilməyəcəksiz!

Allah amanında..

Qürbətdən ürəkağrısı ilə bu sözləri əziz Elşən müəllimə yazan Cavid Cabbarlı!

Oxunuş sayı 2063 dəfə
Şərh vermək üçün giriş edin
Top