İsmayıl Əliyev: “Hesab edirəm ki, ölkədə əməyin istismarına və ümumilikdə insan alverinə polis şərait yaradır”
“Azərbaycanda insan alveri ilə bağlı kifayət qədər fakt var. İnsan alveri ilə bağlı cinayətkar qrupların həbs olunmasını da eşidirik. Amma təəssüflər olsun ki, hər il bu sahədə qurbanların sayı artır. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi hesabatlar hazırlayıb, cinayətkarların həbs olunduğunu bildirir və guya hökumətin bu sahədə ciddi işlər gördüyünü qeyd edir. Hökumətin səylərinə baxmayaraq qurbanların artması təəccüb doğurur. Bu ziddiyyət isə ancaq bu cür izah oluna bilər. İnsan alverini ya Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi şəxsən həyata keçirir, ya da keçirənlərin arxasında məhz bu idarə dayanır” – Bu sözlər ictimai fəal, sahibkar İsmayıl Əliyevə məxsusdur.
İ.Əliyev hesab edir ki, insan alveri deyəndə təkcə fahişəlik nəzərdə tutulmur: “Məcburi əməyə cəlb etmək, əməyin istismarı, azyaşlıların satılması, orqan alveri, cinsi istismar və sair qanunsuz fəaliyyət nözvləri mövcuddur. İnsanların məcburi əməyə cəlb edilməsi, əməyin istismarı, azyaşlı uşaqların satılması və sair. Təbii ki, insan alverinin ən çirkin üsullarından biri qadın alveridir. Bu faktı nəzərinizə çatdırmaq istəyirəm. Bir neçə il əvvəl hüquq müdafiəçisi Tale Xasməmmədov polisə müqavimət və narkotik maddələrdən istifadə ittihamıyla həbs olunmuşdu. Amma T.Xasməmmədov Türkiyəyə gedən qadınlar və uşaq alveri ilə bağlı araşdırmalar apardığını bildirir. Qeyd edir ki, insan alveri ilə bağlı araşdırma apardığım üçün, xüsusən gənc qızların fahişəliyə cəlb olunmasının qarşısını almağa cəhd etdiyimə görə həbs olundum. Bu və digər faktlar deməyə əsas verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi şəxsən özü qadınların fahişəliyə cəlb olunmasında, insan əməyinin istismarında və azyaşlıların satılmasından maraqlıdır”.
İ.Əliyev insan alverinin açıq şəkildə baş verdiyini iddia edir: “Bakıda və hətta regionlarda qadın alverçiləri kifayət qədərdir. Həmin şəxslər müxtəlif adlarla ticarət və xidmət obyektləri açaraq orada açıq-aşkar qadın alveri ilə məşğul olurlar. Kafelər, restoranlar, bəzi otellər bu gün əsasən bu alverdən gələn gəlirlə bizneslərini artırmağa üstünlük verir, işlətdikləri obyektlərin təyinatını yaddan çıxarır. Nəticədə ölkədə insan alverinin qurbanları qeyri-rəsmi artır. Amma, bu faktlar rəsmi qurumların açıqlamalarında, statistik məlumatlarında öz əksini tapmır. Niyə? Səbəbi məlum deyil. Bir tərəfdən Daxili İşlər Nazirliyi Azərbaycanda qadın alverinə qarşı mübarizə aparır, digər tərəfdən isə elə mübarizə aparan məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə qadın alverinə şərait yaradır. İnsan alverçiləri ən yüksək formada himayə olunurlar. Aidiyyəti dövlət qurumlarının gözü qarşısında insan alveri gedir. Bu hadisələr nəinki qadın alveri ilə mübarizə aparan orqanlara, hətta ictimaiyyətə də məlumdur. Amma, nədənsə bu cinayətin qarşısı alınmır. Bəzi aidiyyəti şəxslərin elə özləri bu cinayətin baş verməsində maraqlıdır. Yəni, paytaxtda fahişəliyin yayılması bəzilərinə sərf edir. Müəyyən maraqlarına qulluq edən məmurlar vəzifə səlahiyyətlərinə, ölkənin imicinə fikir vermədən bu qadın alverinin davam etməsinə şərait yaradır, qadın alverçilərinin açıq-aşkar tüğyan etməsinə göz yumurlar”.
Qadın alveri heç də gizli, əl altdan aparılmır. Bu alver müxtəlif yerlərdə tam sərbəst və heç bir qadağasız baş verir. Bu biabırçılığı isə həmin sahəyə nəzarət edən, insan alverinə, ictimai asayişə xidmət edənlər kənardan müşahidə edir. Çünki, fahişələr, insan alverçiləri ilə yanaşı, ərazi polis əməkdaşları da bu sahəyə gəlir mənbəyi kimi baxır. Hesab edirəmki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ciddi canfəşanlıqla ölkədə fahişəliyə və ümumilikdə insan alverinə şərait yaradır - İ.Əliyev vurğulayıb.