Bazar, 15 May 2016 22:00

Fəhləni faiz götürməyə və evini satmağa məcbur edən başçı - ŞİKAYƏT

Bərdə rayon sakini Cəfərov Elgiz  Əvəz oglu Bərdə rayonu icra hakimiyyətinin başçısı Vidadi İsayev tətərfindən evinin satıldığını və səfil günə salındığını iddia edən məktubla Xeber.İnfo-a müraciət edib.

Xeber.İnfo həmin müraciəti təqdim edir:

“Bir neçə il əvvəl Bərdədə indiki icra başçısı Vidadi İsayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlıq işlərində ustalara ehtiyac olduğunu bildirdi. Məndə Bakıda mənimlə işləyən işci briqadasını yığıb 43 nəfərlə doğma rayonum Bərdəyə gəldim. Bərdə Rayon İcra Hakimiyyətinin təmir tikinti işlərinə rəhbərlik edən Mahmud adlı bir şəxslə (sonradan məlum olduki,icra başçısının bacanağıdır) şifahi razılaşdıq və elə həmin gün işə başladıq. Şəhərin yol kənarı hasarları, mağaza dükanları, idarə binalarının üz fasad daşlarının yenilənməsi işləri bizə tapşırıldı. İşin qiymətini də danışıb razılaşdıq.  

  İlk günlər hər şey normal idi. Bir müddət sonra bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca pullarda da ləngimələr oldu. Bizə tapşırılan bütün işləri bitirdik, hansı obyektden nə qədər pulumuz qaldığı siyahını götürüb getdim icra hakimiyyəti başcısı Vidadi İsayevin qəbuluna. 5300 manat alacağımız olan siyahını ona təqdim etdim. O da siyahını götürüb dedi: “Narahat olma Mahmud müəllimi çağırıb siyahını verəcəm ona getsin bütün pulları toplasın versin”.

Getdik şəhər parkına orda zəng edib Mahmud müəllimi çağırdı, mən biraz kənarda idim, bunlara yaxınlaşmaq istəyəndə başçının “qoçu”ları qarşımı kəsdi. Mənə sərt şəkildə: “əgər burdan uzaqlaşmasan səni içəri soxduracam, alacağın pulun üsdünü də 5300 qoyub polisdən özünü qurtaracaqsan” dedi. Mən də ordan uzaqlaşdım, sabahı gün başçının müavini Vidadi İmanquluyevi tapdım, o puldan cəmi 800 manat mənə pul verdi və Bərdəni tərk etməyimi istədi, əks halda məni tutduracaqların bildirdi. İşlətdiyim fəhlələr isə zəhmət haqlarını tələb edirdilər. Nəhayət  məcbur qalıb faizə pul verənlərdən 6 min dollar alıb, fəhlələrin alın tərlərini, əl qabarlarını ödədim. O gündən Bərdədən uzaqlaşdım, Bakıda işləyib borcumu qaytarmağa çalışdım, ancaq o pulun faizini qaytara bilirdim. Əsas məbləğ olan 6000 dollar qalırdı. Nəhayət keçən ilin yayıda ata evimizi satdırıb o borcu bağladım.

Ötən 5 ilə yaxın vaxtda nə qədər cəhd etdimsə, icra başçısın qəbuluna düşə bilmədim. Sonra Bərdə rayonundan Milli Məclisə deputat seçilən hörmətli millət vəkili Zahid Orucun qəbulunda oldum. Zahid müəllim Vidadi İsayevlə görüşümə kömək etdi. Bu ilin fevral ayının 10-da V.İsayevlə görüşdüm. Vidadi İsayev “sizi Mahmud deyilən adam işlədib, gedin Mahmudu verin məhkəməyə pulunuzu alın” dedi.

Yenə Zahid müəllimin yardımı ilə Bakıda başçının bacanağı Mahmudla görüşdüm. Mahmud bildirdi ki, “Mən ancaq başçının göstərişlərini icra etmişəm. Dövlət büdcəsindən həmin obyektlər üçün vəsait ayrılsa da V.İsayev sahibkarlar və idarə müdirlərinin ödəməsini tapşırmışdı. Sonra idarə müdirlərini işdən qovub, öz qohumlarını təyin elədi.

Cəfərov Elgiz  Əvəz oglu ”. 

Xeber.İnfo

Oxunuş sayı 1776 dəfə
Şərh vermək üçün giriş edin
Top