Cümə, 27 May 2016 22:00

Əli Əliyev Azərbaycan xalqını təbrik etdi

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev 28 may cümhuriyyət günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Xeber.İnfo partiya sədrinin təbrikini təqdim edir:

"Dəyərli həmvətənlər!

Bu gün Azərbaycan xalqının ən böyük bayramı- Dövlətçilik günüdür. 28 may 1918-ci ildə Cümhuriyyətçilik tariximizin bünövrəsini atmış babalarımız-Məmmədəmin Rəsulzadə və Silahdaşları İslam dünyasında yeni siyasi inkişaf yolunun başlanğıcını da qoymuş oldular.

Cümhuriyyət tariximizin başlanğıcı bu günlə bağlı olsa da, xalqımızın Dövlətqurma vərdişləri minillik ənənələrə söykənir. Böyük Rəsulzadənin Dövləti elan edən zaman qan yaddaşımıza hopmuş, genlərimizdə yaşatdığımız tarixi quruluşlarımızdan-Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin şərəfli keçmişindən güc alması şəksizdir.

Hər millətin bayram təqvimində belə bir gün vardır. 28 may bütün dünya azərbaycanları üçün ən müqəddəs gündür. 50 milyondan artıq soydaşımızın istinad edib arxalana biləcəyi yeganə ünvan Azərbaycan Respublikasıdır.

Bu ünvanın müəllifi və memarı, son gününə qədər bütün sıxıntı və məhrumiyyətlərə dözərək milli davanın başında duran Məmməd Əmin Rəsulzadə, həmfikirləri, silahdaşları, davamçıları və böyük Azərbaycan xalqıdır. 
Yaşadığımız günlərdə, təəssüflər olsun ki, bizim nəsil hələlik Rəsulzadəyə layiq olduğu qiyməti verə bilməyib. İmkanı olanlar qısqanclıqdan, istəyi olanlar isə imkansızlıqdan bunu edə bilməyib. Rəsulzadəyə qurduğu dövlətin paytaxtında layiq olduğu abidəni qıymayanlar indi də, özləri tarixin tozlu rəfinə gömüləndə də Rəsulzadə ziyasından qorxacaqlar.

Dövlətin şəriksiz Lideri və Qurucusunun insanlarımızın qəlbində bərqərar olmuş uca adı qoyulan istənilən soyuq daş heykəldən daha əzəmətlidir. Hər insana nəsillərin qəlbinə hakim olmaq müvəffəq olmur. Milyonların sevimlisi olmaq şanlı tariximizdə az saylı Şəxsiyyətlərə nəsib olub. Onların birincisi məhz Məmməd Əmin Rəsulzadədir.

Bu nəhəng tarixi gün münasibətilə bütün soydaşlarımızı təbrik edir, hər bir Azərbaycan ailəsəni rifah, əminamanlıq, bütöv Vətən, ədalətli Dövlət arzulayırıq.

Hörmətli Bəylər və Xanımlar!

Bu arzuların yerinə yetməsi üçün insanlarımız mübarizə aparmalı, təşkilanmalıdırlar. Yalnız siyasi mahiyyətli qanuni, prinsipial və mütəşəkkil mübarizə bizi Millət olaraq güclü edə bilər. Məhz bu məqsədlə düz 10 il əvvəl biz 28 mayda öz təşkilatımızı- Vətəndaş və İnkişaf partiyasını qurmağa qərar verdik. Bu gözəl gündə təşkilatımızın ilk yubileyini qeyd etmək qismətimizə nəsib olub. Ötən müddət ərzində bir an olsun belə ideallarımıza xilaf çıxmadıq, yolumuza daim sadiq qaldıq, heç kəsə əyilmədən dik durduq və müqəddəs savaşımızı apardıq. Bundan sonra da belə olacaq. İnşallah.

Fürsətdən istifadə edərək bütün vipçiləri, tərəfdarlarımızı yaşanan bu şərəfli həyat parçası ilə təbrik edirəm. Hər bir Vətəndaşımıza Allahdan qurulmaqda olan Dövlət binamızın inşasında iştirak payı diləyirəm".

Oxunuş sayı 1188 dəfə
Şərh vermək üçün giriş edin
Top