Çərşənbə axşamı, 07 İyun 2016 22:00

Səhmdar İlham Əliyevdən kömək istədi: "Kərəm Həsənova “dur!” deməyin zamanıdır"

Ölkədə əmlakından imtina edib onu kirayə götürən "sahibkar” ordusu yetişir 

"Bir sıra müəssisələr guya özəlləşdirilib, amma "x” adamların adındadır”

Vüqar İsmayılov: "Deputat Malik Həsənov müəsssisəmizi əlimizdən alıb yerində şadlıq evi tikir”

Yazının əvvəlini buradan oxuya bilərsiz: "Özəlləşdirmədə böyük yalan: Əmlak Komitəsi müəssisələrin əvvəl "üstü”nü, sonra da "altı”nı satır"

II YAZI

Əmlakı sökülüb, torpağı satılan, indiyə qədər kiçik səhmdarlarına nəinki dividend, bir daş parçası belə verilməyən "Sabunçu İXB” ASC-də Vüqar İsmayılovun (Çaylı) 40 min səhmi ümumilikdə 2 778 604 səhmin 1,44%-dir. Belə olan halda müəssisənin istifadəsindəki 15 547 kv.m. daşınmaz əmlakın 223,8768 kv/m.-nə V.İsmayılovun, bir o qədər də sahəyə səhmdar R.Cumalıyevin sərəncam vermək hüququ var. Yerdə qalanlar da digər kiçik ortaqlara məxsusdur.

Xatırladım ki, müəssisənin 14 618.2 kv.m. torpaq sahəsi hərracda 99 404 manata təklif olunub və elə bu qiymətə də satılıb. V.İsmayılov AzToday.az-a açıqlamasında bunları bildirir:

"Bütün bunlar fiziki şəxs olan kiçik səhmdarların böyük probleminə çevrilib. Prezident kiçik səhmdarları gəlir vergisi ödəməkdən azad edir, məmurlar onların əmlakını əllərindən almaq üçün min bir oyundan çıxırlar. Bizi müəssisədən uzaqlaşdırmaq üçün torpağı üçüncü adamların adına rəsmiləşdirib (çox vaxt da paket sahiblərinin qohumlarının adına), sabahısı gün deyirlər ki, əmlak da, torpaq da sizin deyil. Torpağın üzərindəki Sovetdən qalan aşılanmış əmlakdır. Biz əsas torpağını, yerləşdiyi ərazini nəzərdə tutaraq, dəyərini hesablayaraq oraya sərmayə yatırmışıq, müəssisələrin səhmlərini almışıq, köhnə binalar nəyimizə lazımdır? Prezidentin mətbuatı oxuduğu barədə söylədiklərinə arxalanıb portalınız vasitəsilə xahiş edirik ki, bütün bu olanları nəzərə alıb, göstəriş versin ki, müəssisələrin təkcə kağızdan ibarət səhmləri deyil, torpaqları da özünə satılsın, ya da təmənnasız bağışlansın. Onsuz da burada bir fırıldaq edib torpağı başqalarına ucuz qiymətə satırlar. Elə müəssisənin özünə güzəştli qiymətlə satıla bilər. Onsuz da hərracda ucuz, həm də start qiymətinə satılır. Əmlak Komitəsinə getdik, Rövşən Məmmədovla görüşdük. Adətən Komitə tərəfdən iclaslarda o, oturur, ilkin iclasları aparır. Dedim ki, "bu hoqqaları siz qurursuz, ASC-lərdə paket sahiblərinə "yol göstərən” sizsiniz”. Oyunu qurub, indi "gedin məhkəməyə müraciət edin”, deyirlər. İndiyə qədər hələ bir məhkəmədə mən udmamışam. Elə bil əlbir işləyirlər, yoxsa məhkəmənin bunlara gücü çatmır, baş açmıram. Minoritar səhmdarlar məhkəmələrdə hüquqlarını müdafiə edə bilmirlər. Şükürlər olsun ki, "Sabunçu İXB”-nin məsələsində məhkəmə oliqarxın iddiasını təmin etməyib. Amma yenə də binanı özbaşına söküblər. Bilmirəm, kimə arxayındırlar”.

SOCAR-ın qaytardığı milyon haradadır?

"Mülkiyyət” qəzetinin 2014-cü ilin noyabr tarixli saylarının birində Ədliyyə Nazirliyində 3 fevral 2004-cü il tarixdə D-3527 nömrə ilə dövlət qeydiyyatına alınmış "Sabunçu İXB” ASC-nin təsis sənədlərinin (nizamnamə və şəhadətnamə) itdiyi üçün etibarsız sayıldığı elanı verilib. O vaxt majoritar səhmdarla kiçik ortaqlarının konflikti artıq başlamış, majoritar səhmdar digər ortaqlarından qurtulmağa çalışırdı. O zamana qədər ASC-də artıq iki iclas baş tutmuşdu və təsis sənədlərinin itdiyi barədə deyilməmişdi. Bu, ilkin təsis sənədlərindən qurtulmaq üçün bir addım olmasın? Çox güman ki, müəyyən dəyişikliklər edilib. Bundan başqa, SOCAR-ın da deyilənə görə boru kəmərlərinə xidmət edən bu müəssisəyə bir milyondan artıq borcu olub və o pul sonradan verilib. İlkin təsis yığıncağını Komitə keçirdiyindən səhmdarları o vəsaitin başına bir iş gəldiyindən şübhələnirlər.

Şüurlu insan "torpaqdan imtina edirəm, başqasına sat”, deyərmi?

V.İsmayılov məlumat alıb ki, son vaxtlar 50-yə yaxın müəssisənin torpağını bu şəkildə hərraclarda satıblar. Komitənin saytında "Mülkiyyət” qəzetinin bu ilin yanvar ayından aprel ayına qədər üç ay boyunca eyni materiallar yerləşdirilib. Bu müddətdə 50 yox, 150 müəssisənin torpağını satmaq mümkündür. Komitənin hesabatına görə, keçən il 470 obyektin yerləşdiyi torpaq sahəsi satılıb. Səhmdar İsmayılov deyir ki, bütün qanunsuz proseslər Kərəm Həsənov Komitəyə sədr gələndən başlayıb:

"Müəssisələrin torpaqlarının satılması prosesi isə son 3-4 ildə start götürüb. Əvvəl belə şey yoxdu, bunu təzə icad ediblər. Bizim bildiyimiz budur, bəlkə də bizə məxsus ASC-lərin çoxunun torpağını xəbərimiz olmadan kimlərəsə gizli şəkildə satıblar. ASC-nin torpağını bu gün hərraca çıxarıb başqasına satmağa nə ehtiyac var? İşləyir, ya işləmir, ASC-nin torpağı altında durur. Bu gün cəmiyyətin səhmdarlarının gündəmi və marağında deyil ki, istifadəsində olan torpaqdan imtina edib, sonra onu baha qiymətə icarəyə götürsün və ya heç götürməsin. Torpağın özəlləşdirliməsi müəssisələr üçün niyə bu qədər aktualdır, niyə dövlətin ucuz qiymətə kirayəsindən imtina edib, onu yeni sahibindən baha qiymətə icarəyə götürürlər? Şüurlu insan durduğu yerdə qalxıb Komitəyə məktub yazarmı ki, "mən bu torpaqdan imtina edirəm, başqasına özəlləşdir”? Özünüz özəlləşdirəndə dövlətə cüzi miqdarda əmlak, torpaq vergisi verirsiniz, təzədən onu başqa birinə satanda sizə o qiymətə yox, bazar qiymətinə icarəyə verirlər. Bu, kimə sərf edər və hansı normal insan öz torpağından könüllü imtina edər? Qanundakı boşluqdan yararlanırlar. Amma qanunvericilikdə "ASC-nin istifadəsində olan torpağını çıxarıb satın”, deyə bir maddə yoxdur. ASC-lərin ilk iclaslarında Komitənin namizədi idarə heyətinin sədri təyin edilir və elə birinci iclasda saxta protokolla torpaqdan imtina edirlər. Həmin "protokol” əsasında torpağı başqasının adına rəsmiləşdirirlər. Bizi də məhkəməyə yönəldirlər ki, "gedin onlara müraciət edin”, deyirlər. Amma məhkəmələrdə bir dəfə də olsun mənim xeyrimə qərar çıxarılmayıb. Saxta protokolu ortaya qoyuruq, guya iclasda "say komissiyası üzvləri” olmuş adamlar gəlib ifadə verirlər, "iclasda torpaqdan imtina məsələsi olmayıb” deyirlər, amma yenə də qərar qanunları və səhmdarların hüquqlarını pozan oliqarxların xeyrinə çıxarılır”.

Kərəm Həsənovun qardaşı da səhmdarları "neytrallaşdırıb”

Hərraclarda beh olaraq əmlakın start qiymətinin 10%-i qədər qabaqcadan pul ödənməlidir. Səhmdarlar riskə girmək istəmirlər, çünki min bir əzabla düşə bildikləri bir-iki hərracda onları "uduzdurub”lar, torpağı başqası götürüb, uduzan isə pullarını uzun müddət sonra geri ala bilib. Təcrübəli səhmdardara sual verdim ki, "sizcə üçüncü özəlləşdirmə proqramı ilə bağlı Fərman şərh olunduğu kimi Kərəm Həsənovu özəlləşdirmə proseslərindən uzaqlaşdırmaq xarakteri daşıyır, yoxsa mətbutda yazılanlar sadəcə elə mətbuatın arzusudur”? Çünki K. Həsənov özəlləşməyə zərəri çoxdan vurub və onun vaxtında özəlləşdirilən müəssisələrin çoxu çətin ki, uzun illər özünə gələ. Çek hərracı geridə qalıb, irəlidə iri müəssisələr investisiya hərracları ilə özəlləşdiriləcək və həmin müəssisələri də alan həmişəki kimi oliqarxlar olacaq, sıravi vətəndaş deyil. "Qara camaat”la aparılan "oyun” onlarla aparıla bilməyəcək. Müsahibimiz belə cavab verdi: "Kərəm Həsənov özü də oliqarxdır, perspektivli müəssisələri qardaşına ötürür. Evtikmə kombinatı olan "Bakı İnşaat-1” ASC vardı, şəhərin mərkəzində – 7-ci mikrorayonda yerləşirdi. Oranın 1%-ə yaxın səhmi də mənim idi. 5 il əvvəl qardaşı, deputat Malik Həsənova məxsus "Azinko Holding” onu aldı. Söküb yerində şadlıq evi tikir. Komitə sədri iqtisadiyyata sərmayə qoymaq əvəzinə mövcud olan müəssisələri dağıdır”.

Səhmdar: "Nəzarət paketi dövlətdə olan ASC-lərin dividendi büdcəyə getmir”

Vüqar İsmayılov deyir ki, səhmdar cəmiyyətlərə dövlət adından Komitə nəzarət edir, amma bunun əvəzinə oyunlar qurur: "Müəssisələrin inkişafı, onlara investisiya qoyuluşu, cəmiyyətlərlə birbaşa iş Komitənin səlahiyyətindədir. Indiyə qədər "Sabunçu İXB”-dən soruşulmayıb ki, siz niyə səhmdarlara dividend vermirsiz, niyə binanı icarəyə verib, öz profilinizə uyğun işləmirsiz? Bir sıra müəssisələr guya özəlləşdirilib, amma "x” adamların adındadır, 30%-i də dövlətdədir. Bu, Komitənin səlahiyyətindədir, həmin ASC-ləri icarəyə verib özləri üçün işlədirlər, dövlətə ordan bir qəpik də pul gəlmir. "Bakı Əlvan Metal”, "H.Z.Tağıyev adına Toxuculuq Kombinatı”, "Bakı Yükdaşıma Nəqliyyat” kimi səhmdar cəmiyyətlərin hamısında ƏMDK-nın təyin etdiyi rəhbər şəxslərdir və ordan icarəni də birbaşa Komitə götürür. 1500 ASC-dən 1000-də vəziyyət belədir, Komitə özü rəhbər təyin edir, onlardan yığılan pullar, icarə haqları da kimə gedir, müəssisə necə işləyir, məlum deyil. Həmin müəssisələrdən dövlətə qəpik də getmir. Hamısında da pul var, işləyən işləyir, işləməyən də icarəyə verilib, qazanc götürülür. Lakin, audit hesabatlarına baxın, hamısı zərər göstərirlər. Qazancı, icarədən daxil olan pulları özləri götürür, torpaq, əmlak vergisi isə kiçik səhmdarların boynunda qalır. Götürək "H.Z.Tağıyev adına Toxuculuq Kombinatı”nı, vəziyyət orada dediyim kimidir. "Bakı Əlvan Metal” ASC neçə illərdi işləyirdi, ərazisinin 25%-i dövlət əhəmiyyətli yola düşürdü, 75%-i də özləri sökdülər, indi müəssisə yoxdur. Buzovna yolunun üstündə idi, 9 ha ərazisi vardı. Guya 25% üçün kompensasiya verilməlidir. Komitə ora Rəfael adlı bir şəxsi rəhbər təyin edib, yerdə qalanı da o, söküb. Paket adına yazılan adamın həmin müəssisədən xəbəri yoxdur, mən 1% hissəmin davasını çəkirəm, o boyda əmlakı sökülən adam gərək məhkəmənin qarşısında özünü yandıra, amma məhkəməyə bir dəfə də gəlmədi. Ona görə ki, müəssisələrin paketini müxtəlif adamların adına yazıb götürüblər”.

Komitə 51%-i dövlətdə olan doqquz trestli ASC-ni "tapa bilmir”

Səhmdar deyir ki, "Azərnəqliyyatyoltikinti” ASC Keçmiş Qaqarin Körpüsünün yanında yerləşirdi, sonradan plana düşüb, indi yerini tapa bilmirlər: "Birinin adına yazılıb, adam Mərdəkanda bir kafedə fəhlə işləyir, müəssisənin 51% səhmi isə dövlətdədir. Orada da 17 min səhmim var. Heç vaxt iclas da keçirməyiblər. Komitəyə müraciət edirik ki, "bu cəmiyyətin taleyi necə oldu, yeri haradadır, ünvanını bizə göstərin”, cavab verirlər ki, "biz bilmirik, özəlləşmiş müəssisədir, gedib axtarın tapın”. Halbuki 51%-i dövlətdədir və dövlət adından belə "idarə edirlər”. Müəssisənin nəzdində 9 tresti olub, yəqin elə-belə işləməyib. Indi biz o müəssisəni haradan tapaq? "Bakı Yükdaşıma Nəqliyyat” da onlar kimi, özəlləşdirmədə kimlərinsə adına yazılıb, müəssisədə icarəçilər var, ilin sonunda zərər göstərirlər. Qazanılan pullar kimlərin cibinə gedir, bilmirəm, amma oradan dövlətə bir qəpik də getmir. Pambıq müəssisələrinin 30%-i dövlətdədir, onları da Komitə idarə edir, ona görə bu vəziyyətdədirlər. "Biləsuvar Sutikinti” ASC-də də belə bir məsələ var, müəssisəyə baxmağa getmişik, deyir "nə səhmdar, mən buranı almışam”. Komitədə müəssisələri bu formada satırlar. Komitə boynundan atır ki, "müəssisə 100% özəlləşib, səhmdar cəmiyyətin sədri var, gedin probleminizi onunla həll edin”. Komitədə onları aldadırlar, onlar da zor tətbiq edərək, qanunları pozurlar. Dəyənək də axırda bizim başımızda çatlayır. 500 səhmdar cəmiyyətin payçısıyam, hələ indiyə qədər hansısa müəssisədən mən normal bir dividend almamışam. Müəssisələrin çoxu gəlirini göstərmir. 30% səhmi pullu hərraclarda satılan müəssisələrin idarəçiliyi Komitədədir. Onlar da müəssisələri inkişaf etdirmək əvəzinə söküb-dağıdırlar. Prezident işə qarışmasa inanmıram ki, bunlar qanunsuzluqları dayandırsınlar”.

Elmidar Əliyev

AzToday.az

Oxunuş sayı 1406 dəfə
Şərh vermək üçün giriş edin
Top