Çərşənbə axşamı, 28 İyun 2016 22:00

Zahid Orucdan töhmət almasına ismarışlarla dolu cavab — “Ən böyük mükafatımdır”

“Biz inzibati orqanda işləmirik. Xalqın təmsilçisi olmaq o deməkdir ki, parlament üzvləri cəmiyyət qarşısında hesabat verməlidir. Millət vəkilləri mükafatı da, cəzanı da xalqdan alır. Ən böyük hakim onlardır. Ona görə də siyasi fəaliyyətimin ən böyük makafatını almışam. Töhmət təkcə rəsmi direktivlə olmur. Onu dövlətlə on illərlə davam edən şərəfli xidmtəmizin üstünə tikmək və siyasi tərcümeyi-halımızın bir səhifəsinə döndərmək mümkün deyil”.

Bu sözləri Milli Məclisin son iclasındakı insidentlə bağlı İntizam Komissiyasının şifahi qərarını şərh edən deputat Zahid Oruc olke.az-a açıqlamasında deyib.

Zahid Oruc açıqlamasında Heydər Əliyevi yalnız dövlətin ali icra hakimiyyəti orqanlarının deyil, həmçinin parlamentin də qurucusu adalandıraraq əlavə edib:

“Ulu öndər bütün zamanların spikeridir və onun cəmi 4 aylıq parlament rəhbərliyi əsl siyasi məktəbdir. 4 iyun hadisələrindən sonra ölkədə tüğyan edən xaosa, hərbi-silahlı qüvvələrin hakimiyyət uğrunda savaşına, daxili separatizmə və xarici təcavüzə, həmçinin vətəndaş qarşıdurmasının Milli Məclisin dəhlizlərinə keçməsinə baxmayaraq, Azərbaycanı normal relslər üzərinə daşımağa nail olan Heydər Əliyev parlamentdə bir-birinə zidd olan bütün qüvvələrə öz mövqelərini izhar etmək üçün geniş meydan verirdi və bütün idarəçilk illəri ərzində dövlət başçısı siyasi kursunun bu təməl prinsipinə dönmədən sadiq qaldı. O,heç kəsə Məclisdəki ən kəskin və sərt çıxışlarına, yaxud sədarətlə toqquşmalarına görə daxili məhkəmə qurmadı”, - deyən Zahid Oruc millət vəkillərinin danışmaq hüququnu müəllimin təhsil vermək, həkimin müalicə etmək haqqı kimi fundamental hesab etdiyini vurğuladı.

Son hadisələrlə bağlı digər suallarımızı cavablandırmayacağını deyən millət vəkili bunu əldə olunmuş razılığın şərtlərini pozmaq istəməməsi ilə əlaqələndirdi və mövzunun siyasi gündəmdən düşməsində maraqlı olduğunu dilə gətirdi:

“Mənim adım keçən məsələdə hakimiyyətin mühüm qollarından birinin tənqid olunmasını istəmirəm, lakin bizlər danışmaq haqqımıza görə ölkəmizdə bərqərar olunan demokratik prinsipləri Məclisdə də hər zaman nümayiş etdirməliyik. Mən bütün siyasi fəaliyyətim illərində Ulu Öndərə, dövlətimə və təmsil etdiyim insanlara xidmət edərkən mükafatı parlamentdən gözləmədim. Bizim hər birimizə dəyər verən və qiymətləndirən birinci şəxsdir. Onun ədalət hissi isə hər kəsdən yuxarıdadır. Ona görə də şərəfli işimizi əzmlə davam etdirərkən birindən mükafat, başqasından cəza alacağımızı alnımızın yazısı kimi qəbul edirik”.

Oxunuş sayı 1321 dəfə
Şərh vermək üçün giriş edin
Top