Cümə axşamı, 08 Sentyabr 2016 22:00

“15 iyul çevrilişi Türkiyə-Rusiya münasibətlərinə sanki gözlənilməz mənbədən bir cərəyan buraxdı”

Akif Heydərli: “Türkiyədə bundan sonra Ərdoğançılıq olacaq”

Azər Həsrət: “Bu şəbəkə o qədər dərin kök salıb ki, bir günün içində təmizlənməsi imkansızdır”

”Qəzetmizin “Üz-Üzə” rubrikasının qonaqları 15 iyulda Türkiyə Cumhuriyyətində baş verən olayları şərh edirlər.

Türkiyədə o gecə və bu günə qədər baş verənlər əslində bu ölkəni ikiyə böldü. On minlərlə insan “Gülən tərəfdarı” ittihamı ilə vətən xaini elan edildi. Bu proseslər getdikcə daha da şiddətlənir.

Türkiyədə 15 iyul qiyamından sonra həbs edilən şəxslərin sayı 16 minə çatıb. Bu statistikanı isə ədliyyə naziri Bəkir Bozdağ açıqlayıb.

Bundan əlavə, 7 668 nəfər də polisin nəzarətindədir: “Bu rəqəmlər dəyişə bilər. Yeni saxlanılanlar və həbs edilənlərin olması gözləniləndir”.

14 minə yaxın müəllim isə “Fətoçu” ittihamı ilə işindən uzaqlaşdırılıb.

Müsahiblərimiz siyasi şərhçilər Azər Həsrət və Akif Heydərli bütün bu qaranlıq məqamlara aydınlıq gətirməyə çalışacaqlar.

- Türkiyədə 15 iyulda əslində nə baş verdi? 15 iyul olayları dünyada birmənalı qarşılanmadı, bəziləri bunu hətta Ərdoğanın şousu adlandırdı.

Azər Həsrət: Əslində elə bir görüntü var. Yəni deyilənlərlə hardasa razılaşmaq olardı. Amma sonradan ortaya çıxan faktlar göstərdi ki, bu, Ərdoğanın şousu deyil, doğrudan bir dövlət çevrilişinə cəhd idi.

Akif Heydərli: Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd, qeyd olunduğu kimi birmənalı qarşılanmadı və müxtəlif versiyalar mövcuddur. Aparılan ilk reportajlardan bunun daha çox bir siyasi oyun, tamaşa xarakterli səhnə görünüşü təəssüratını yaratdı. Axı tarix səhnəsində o qədər dövlət çevrilişləri, istər hərbi, istərsə də müxtəlif xuntaların belə cəhdləri baş vermişdir ki, Türkiyədə baş verənlər heç birinə bənzəmədi. Olsa-olsa SSRİ-nin çöküşündəki xəstə Yanayev çevrilişinə oxşarlığı müşahidə olundu. Hərbi çevrilişdə heç bir dövlət məmurunun, o cümlədən baş nazir və prezidentin birinci növbədə həbs olunmaması onu göstərdi ki, plan həqiqi dövlət çevlilişindən daha çox şouya bənzəyir. Unutmaq lazım deyil ki, bu, bir hərbi çevriliş və həm də təməli Atatürk tərəfindən qoyulan bir ordunun çevriliş idi. Belə isə, bu çevrilişin ya ssenarisində, ya da istiqamətverici nöqtəsində böyük şübhələr mövcuddur. Həm də həmin anda sanki Türkiyə xalqına zorla darbe baş vermişdir deyə söyləndirilir və zorla inandırılırdı. Fərqli fikirləri dilə gətirənlərin isə taleyi ANS kimi olurdu.

- 15 iyul olaylarından dərhal sonra Türkiyədə təmizlənmə prosesi başladı. Sizcə, təmizlənmə prosesi bir az tez başlamadımı? Axı bu qədər az zamanda araşdırma aparmaq və məhz siyasi, dini əqidəsinə görə insanları işindən uzaqlaşdırmaq prosesinin arxasında sanki bir xof, bir qorxu özünü göstərirdi.

Azər Həsrət: Təbii ki, yanlışlar olacaq. Çünki əsas məsələ dövləti qorumaqdır. Bu zaman kiminsə yanlışın qurbanı ola bilmə ehtimalı ikinci dərəcəli məsələdir. Zaman gələcək, hər şey tam aydın olacaq. O zaman daha dəqiq şərh vermək olar.

Akif Heydərli: Ergenekon çetesində Türkiyənin hazırkı iqtidarı başda  Ərdoğan olmaqla az “iş” görülmədi. Təmizlənmə prosesi Konstitusiyadan tutmuş, kadrların etibarlılığına və hakimiyyətə sədaqətinə kimi baş vermişdi. 15 iyul hadisəsi isə sanki yarımçıq qalmış həmin prosesin davam etdirilməsi, həm də çox geniş həcmdə və daha çevik, daha sürətlə davam etdirilməsi baş verdi. Sanki vurulacaq hədəflər, qulağı kəsiləcək general, ələlxüsus məsələ ilə hələ heç bir əlaqəsi olmayan məhkəmə və prokurorlar əvvəlcədən siyahıya alınmışdı.

- Ancaq bu olaydan sonra illər uzunu Türkiyədə müqəddəs hesab edilən mehmetcik ən pis şəkildə aşağılandı, kimliyi bilinməyən kütlə əsgərləri vəhşicəsinə qanına qəltan etdi. Vaxtilə Ərdoğanın xalqa ən yüksək səviyyədə təqdim etdiyi generalın qulağı kəsildi. Bu addımı atmaqda əsas məqsəd nə idi?

Azər Həsrət: Ordunun gözdən salınması cəhdləri şəxsən məni də narahat etdi. Doğrudan da hansısa qüvvələr Türkiyə əsgərini gözdən salmaq üçün davamlı kampaniya aparır. 15 iyul çevriliş cəhdi də həmin qüvvələrin əlində bir bəhanə oldu. Amma zamanla bu məsələ də həllini tapacaq, məncə.

Akif Heydərli: Hakimiyyət eşalonundakılarına qarşı bu addımlar, davamlı olaraq Türkiyədə müqəddəs hesab edilən dediyiniz mehmetçiliyin ən pis şəkildə aşağılanması, yeni bütün yaradılması planından  başqa bir şey fikirləşə bilmirəm. Yəqin ki, bunu da dünyada, əksər ölkələrdə gedən proseslərdən biri hesab etmək olar.

- 15 iyuldan sonrakı Türkiyə Yaxın Şərq üçün hansı məkandır, həm siyasi, həm də iqtisadi baxımdan?

Azər Həsrət: Türkiyə 15 iyuldan qalib çıxdığı üçün Yaxın Şərqdə çəkisi artmış kimi görünür. Bura Rusiya ilə münasibətlərin düzəlməsini də əlavə etsək, indiki halda Türkiyə üstün durumdadır. Amma onu da unutmayaq ki, Yaxın Şərq bütövlükdə bir bataqlıqdır və nə yazıq ki, Türkiyə də bu bataqlığın tam yanındadır.

Akif Heydərli: Mənə elə gəlir ki, türk xalqı bu çevrilişin nə uğurundan, nə də uğursuzluğundan bir şey qazana bilməzdi. Çünki xalq bu prosesin iştirakçısı deyildi, hətta onu zorla buna qatsalar da. Olsa-olsa Ərdoğanın reytinqinə təsiri olacaq, o da əgər hadisənin mahiyyətinə tam diqqət yetirilməsə.

- Türkiyəli araşdırmaçı Banu Avar isə iddia edir ki, Fətullah Gülən Vatikanın və CİA-nın yetişdirməsidir.

Azər Həsrət: Banu xanımı tanıyıram, araşdırmalarını, yazılarını da oxuyuram. Bir dəfə də görüşmüşük. Onun Vatikan və CİA haqqında dediklərini mən də doğru hesab edirəm. Bu məsələlər yeni deyil.

Akif Heydərli: Türkiyədəki dövlət çevrilişi Fətullah Gülənlə bağlanır. Bu şəxs barədə çox deyilib, yazılıb. Fakt ondan ibarətdir ki, 2000-ci ilə kimi bir boşqabdan şorba yeyən dostların fələstinlilərə yardım göndəriləndə fikirləri açalandı. Gülən yardımı İsrailin suverenliyinə hörmətsizlik hesab edərək buna qəti şəkildə etiraz etdi. Onun sionizmlə,israillilərlə digər əlaqələri ilə bağlı da arqumentlər çoxdur, üzərində dayanmıram.

-Türkiyəli məşhur aparıcı Murat İde isə sübut etməyə çalışır ki, 15 iyul Ərdoğan hakimiyyətinin şousu idi.

Azər Həsrət: Təbii ki, Banu Avar kimi düşünənlərlə yanaşı Murat İde kimi düşünənlər də olacaq. Mənim mövqeyim daha öncəki cavablarda yer aldığı üçün əlavə şərh verməyi lüzumsuz hesab edirəm.

Akif Heydərli: Mən Murat İdenin fikirləri ilə qismən razıyam.

- 15 iyuldan sonrakı zaman təkcə Türkiyədə deyil, eyni zamanda Azərbaycanda da fətullahçıların, nurçuların sonu gəldimi?

Azər Həsrət: Onların tam olaraq təmizlənməsi çətin məsələdir. Çünki bu şəbəkə o qədər dərin kök salıb ki, bir günün içində təmizlənməsi imkansızdır. Bununla belə düşünürəm ki, dövlətlərimiz daim diqqətli olmalıdır.

Akif Heydərli: Ərdoğanın Türkiyədə fətullahçılara qarşı çıxması, onları həbs etməsi təbiidir. Oyun armudun üstündədir. Fətullahçıların Azərbaycanda kifayət qədər mövcud olmaları da danılmaz faktdır. Həbs olunan isə məhz həqiqi fətullahçılığa görə hələ ki yoxdur və deməli yeyən yedi, qaldı söz-söhbət. Amma hər halda bundan sonra yəqin ki, ehtiyatlı davranacaqlar.

- 15 iyul olayları Türkiyə-Azərbaycan, eləcə də Türkiyə ABŞ münasibətlərinə necə təsir göstərəcək?

Azər Həsrət: Türkiyə-Azərbaycan münasibətləri daha da yüksək mərhələyə adlamış oldu. Türkiyə-ABŞ münasibətlərində isə qarşılıqlı etimad təkrar zədələndi. Çünki Türkiyə hakimiyyəti haqlı olaraq Fətullah Gülənin arxasında ABŞ-ın durduğunu iddia edir. ABŞ da onu təhvil verməməklə bu ehtimalı gücləndirir. Ona görə də indiki halda münasibətlər bir qədər zədəli görünür. Amma unutmayaq ki, dövlətlərin maraqları hər zaman üstün gələ bilir.

Akif Heydərli: Türkiyə-Azərbaycan,Türkiyə-ABŞ münasibətlərinin əvvəlki kimi  davam edəcəyini düşünürəm.

- O gecədən sonra onsuz da iqtidarda olan AKP partiyasının sevmədiyi Atatürkçülük də sanki daha çox sıxışdırılmaqdadır.

Azər Həsrət: Mənsə, bir az fərqli düşünürəm. AKP Atatürkçülüyü sıxışdırmaqdan imtina etməli olacaq. Çünki onların hakimiyyətini məhz Atatürkçü düşüncə daşıyıcıları qorumuş oldu. Hər halda, narahat deyiləm. Atatürkə dil və əl uzadanlar hər zaman məğlub olmuşlar.

Akif Heydərli: Atatürkçülüyün başlıca xətti hakimiyyətdən asılı olmayan ordu komandanlığının mövcudluğu idi. Sındı bu sindrom. İndi yəqin ki, daha çox Ərdoğançılıq olacaq.

- 15 iyul çevrilişi və ya şousu daha çox Türkiyə-Rusiya münasibətlərinə istilik gətirdi.

Azər Həsrət: Təbii ki, mən bunu çevriliş cəhdi hesab edirəm, o baxımdan şou fikrini bir kənara qoyuram. Türkiyə-Rusiya münasibətlərinə istilik gəlməsi isə həqiqətdir. Üstəlik, bu münasibətlərin pozulmasında FETÖ-çülərin rolunun olması da üzə çıxdığından münasibətlər daha da istiləşəcək.

Akif Heydərli: 15 iyul çevrilişi Türkiyə-Rusiya münasibətlərinə sanki gözlənilməz mənbədən bir cərəyan buraxdı. Səbəbi aydındır. Çünki darbenin əsas ilhamverici qütbü kimi ilk gündən ABŞ-ın adı hallandırıldı.

- Çində baş tutan G20 zirvəsində Putin Ərdoğan yaxınlaşmasına çəp-çəp baxan Barak Obamanın qəzəbli baxışları hansı proqnozlardan xəbər verir?

Azər Həsrət: Təbii ki, bu yaxınlaşma ABŞ-ın siyasətinə uyğun deyil. ABŞ istərdi ki, Türkiyə və Rusiya daim münaqişədə olsun. G20 zirvəsindəki məlum görüntü bu baxımdan bütün dünyanın, elə mənim də diqqətimi çəkib. Proqnoza gəlincə, Türkiyəni dinc qoyan deyillər. Zatən PKK və digər terror qruplarını Türkiyənin başına bəla edənlər elə ABŞ və tərəfdaşları deyilmi?

Akif Heydərli: ABŞ-ın əsas hədəfi Rusiyanı zəiflətməkdir. Rusiya isə regionda ABŞ-ın planlarını hələ ki, poza bilir. Həmçinin Putin-Obama münasibətlərində strateli maraqlar toqquşursa, sanksiyalar mövcuddursa, deməli yarımçıq sövdələşmə və sözləşmələr davam edəcək.

Çin-ABŞ-Rusiya üçbucağında Türkiyə hansı rola malikdir?

Azər Həsrət: Türkiyə öz yerindədir. Dediyiniz üçbucaq isə mövcud deyil. ABŞ həm Çinlə, həm də Rusiya ilə yola getmir. Rusiya isə Çinlə gizli rəqabət aparır. Belə bir durumda Türkiyənin halı heç də ürəkaçan sayıla bilməz. Çünki bu üç dövlətin üçü də onu öz tərəfinə çəkmək üçün çalışır.

Akif Heydərli: Böyük güclərin içində Türkiyə və digər müsəlman ölkələri xüsusi şansa və sözə malik olmayacaqlar

Arzu Abdulla

Oxunuş sayı 1462 dəfə
Şərh vermək üçün giriş edin
Top