Çərşənbə, 15 Mart 2017 21:00

Hollandiyanın “antimüsəlman” partiyası seçkini uduzdu

Hollandiyada keçirilən parlament seçkisində baş nazir Mark Rutte-nin mərkəz sağçı VVD partiyasının 150 mandatdan 31-ni qazanaraq qalib gəlib.

Bu isə ifrat sağçı və antimüsəlman Geert Wilders-in Azadlıq Partiyası gözlədiyi qələbəni qazana bilməyib.

Wilders-in partiyası başqa iki partiya ilə ikinci yeri bölüşür. Bu üç partiyanın hər biri 19 mandat qazana bilər.

Bu da xəbər verilir ki, seçkidə seçicilərin 81 faizi iştirak edib.

2012-ci ildə keçirilmiş bundan əvvəlki seçkidə seçicilərin 75 faizi iştirak etmişdi.

Reuters agentliyi xəbər verir ki, Rutte-nin qələbəsindən sonra bütün Avropa boyunca, xüsusilə də seçkilərə hazırlaşan Fransa və Almaniyada ənənəvi partiyalar “rahat nəfəs ala biləcəklər”.

Hollandiyanın müsəlman elektoratı bu seçkidə çox fəaldır

Hələ bir neçə həftə bundan əvvəl seçkidə ifrat millətçi və antimüsəlman Wilders-in qələbəsi heç kimdə şübhə doğurmurdu.

Reuters agentliyi bildirir ki, Türkiyə ilə diplomatik qarşıdurma baş nazir Rutte-nin partiyasına gözlənilməz təkan verib.

Ankara ilə söz müharibəsində Rutte kəskin mövqe tutaraq millətçi elektoratın da rəğbətini qazana bilib.

Bundan əvvəlki təhlillər göstərirdi ki, Geert Wilders-in partiyası seçkidə qələbə qazana bilər, lakin koalisiya hökuməti qurmaq imkanında olmayacaq.

Wilders bəyan etmişdi ki, hakimiyyətə gələrsə, Hollandiyanın Avropa İttifaqından çıxmasına nail olacaq, ölkəyə müsəlman miqrasiyasını dayandıracaq, məscidləri bağlayacaq və Quranı qadağan edəcək.

Hollandiya parlamentinin proporsional təmsilçilik sistemi belədir ki, ümumilikdə 15 siyasi partiya seçkidən qalib çıxa bilər. İndiki halda Rutte-nin koalisiya hökuməti qurmasına aylarla vaxt lazım gələcəyi gözlənilir.

Rutte bu seçkini Avropa üçün “dörddə bir final” adlandırmışdı. Onun təbirincə Fransa seçkisi yarımfinal, Almaniya seçkisi isə final olmalıdır.

Rutte deyib ki, Wilders-in qələbəsi “populizmin yanlış növünün” qələbəsi ola bilərdi.

Fransada ifrat sağçı Milli Cəbhənin lideri Marine Le Pen seçkinin ikinci dövrəsinə qoşulacağına ümid edir.

Almaniyada isə ilk dəfə olaraq ifrat sağçı AfD milli parlamentə daxil ola bilər.

Oxunuş sayı 1207 dəfə
Şərh vermək üçün giriş edin
Top