Cümə, 17 Mart 2017 21:00

Avtomatlar işə düşdü: İrəvanda KÜÇƏ DÖYÜŞLƏRİ başladı – VİDEO

Ermənistanda parlament seçkiləri öncəsi ciddi toqquşmalar yaşanır.

Armavir rayonunun Crarat kəndində hakimiyyət nümayəndələri ilə müxalifətçilər arasında silahlı toqquşmadan sonra gərginlik davam edir.

“Müstəqil müşahidə” ittifaqı martın 12-də baş verən toqquşmadan sonra kənddə hələ də fövqəladə vəziyyətin davam etdiyini açıqlayıb.

Hadisələr keçmiş xarici işlər naziri Vardan Oskanyan, “İrs” partiyasının sədri Raffi Ovanesyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın yaratdığı “Oskanyan-Raffi-Ohanyan” (ORO) blokunun seçkiqabağı dövrdə kənddə keçirdiyi təbliğat kampaniyası zamanı baş verib.

Blokun mitinqinə avtomatla hücum edilib. Martın 14-də isə daha bir silahlı hücum baş verib, nəticədə “ORO” blokunun nümayəndələri yaralanıb.

“ORO” bu hadisələrə görə, hakimiyyəti ittiham edib və hücumun birbaşa seçkilərlə bağlı olduğunu açıqlayıb.

Blokun üzvlərindən Armen Martirosyan deyir ki, martın 12-də Craratda seçkiqabağı görüş zamanı kənd sovetinin sədri Samvel Qalstyan vətəndaşlardan ərazini tərk etməyi tələb edir.

“O, söyüş söyürdü. Tədbirdən sonra “ORO” tərəfdarları kənd soveti sədrindən söyüş söydüyünə görə cavab verməyi tələb etdilər. Şifahi atışma belə başladı. Sonra blok tərəfdarlarının evinə polis rəisinin müavini, polkovniki Lernik Yeranosyan gələrək, tapança ilə onları hədələyib. Hətta havaya güllə də atıb”, – deyə o bildirib.

Martirosyan qeyd edir ki, Lernik Armavir rayonunun polis rəisinin müavini Levon Yeranosyanın qardaşıdır.

Hakim Respublika Partiyası hadisəni şərh etməkdən imtina edib.

“Müstəqil müşahidə” ittifaqının məlumatına görə, kənddə gərgin atmosfer hökm sürür.

“Azadlıq radiosu”nun erməni xidməti Levon Yeranosyanın bu ilin yanvarında prezident Serj Sarkisyan tərəfindən “ictimai asayişin qorunmasına” görə ordenlə təltif edildiyini yazıb.

Ermənistan mediasının məlumatına görə, ölkədə seçkiqabağı vəziyyət kəskinləşib və siyasi cəbhələr arasındakı qarşıdurma silahlı toqquşlmalara gətirib çıxara bilər.

“ORO”-nun lideri olaraq çıxış edən keçmiş müdafiə naziri Seyran Ohanyan Craratdakı hadisələr haqqında danışarkən, hakimiyyəti təhdid edib.

“Əgər hadisələrə düzgün qiymət verilməsə, heç kəs üçün yaxşı olmayacaq”, – deyə o bildirib.

“ORO”-nun üzvü, qondarma “DQR”-in keçmiş “müdafiə naziri” Samvel Babayan isə hakimiyyəti silahla hədələyib və qeyd edib ki, “onlar əllərinə silah alarsa, bu heç də yaxşı olmayacaq”.

2016-cı ilin iyulunda İrəvanda polis alayının binasını tutan qiyamçılara qida daşıdığına görə həbs olunan 49 yaşlı Artur Sarkisyanın ölümü isə Ermənistanda ciddi etirazla qarşılanıb. İnsanlar küçələrə axışaraq, etiraz aksiyası keçiriblər. Hazırda sakitlik olsa da, aksiyaların davam edəcəyi gözlənilir.

Siyasi müşahidəçilər Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərinin qanlı olacağını deyirlər. (publika.az)

Oxunuş sayı 1815 dəfə
Şərh vermək üçün giriş edin
Top