Bazar ertəsi, 08 Yanvar 2018 21:00

İrandan xəbərdarlıq: Əməkdaşlıq dayandırılacaq

İran ilə Qərb dövlətləri arasında əldə olunan razılaşmanın şərtləri ABŞ tərəfindən yerinə yetirilməsə, rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını dayandıracaq.

Bu sözləri İranın Nüvə Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano ilə telefon söhbətində deyib.

Ə.Ə.Salehi bildirib ki, 2015-ci ilin yayında İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında əldə edilən razılaşma beynəlxalq xarakter daşıyır və BMT bu razılaşmanı təsdiq edib. Heç bir tərəfin birtərəfli qaydada razılaşmanı pozmaq haqqı yoxdur. Rəsmi Vaşinqton üzərinə düşən öhdəliyi yerinə yetirməsə İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa son qoyacaq. Bununla da İran beynəlxalq agentliyin mütəxəssislərini ölkədə monitorinq aparmağa imkan verməyəcək.

Xatırladaq ki, ABŞ administrasiyasının yanvarın 13-də İrana qarşı sanksiyaları bərpa etmək barədə qərar qəbul edəcəyi gözlənilir. İran tərəfi sanksiyaların bərpa olunacağı təqdirdə sərt mövqe nümayiş etdirəcəyini bəyan edib.

Oxunuş sayı 1098 dəfə
Şərh vermək üçün giriş edin
Top