Cümə, 18 May 2018 22:00

Almaniyadan ikili standart - Netanyahunun rəsmini çəkən karikaturaçı işdən qovuldu

Halbuki, eyni rəssamın Türkiyə prezidentini təhqir edən karikaturaları “söz və mətbuat azadlığı” prinsipi ilə müdafiə edilmişdi

 Almaniyanın məşhur qəzetlərindən “Süddeutsche Zeitung”un karikaturaçısı Diter Hanits İsrail baş naziri Benyamin Netanyahunun karikaturasını çəkdiyi üçün antisemitizmdə ittiham olunaraq işdən azad edilib.

Qəzetin baş redaktoru Volfqanq Krax buna görə hətta İsraildən üzr də istəyib. “Süddeutsche Zeitung” məsələ ilə əlaqədar rəsmi açıqlama da yayıb. Açıqlamada qəzet rəhbərliyi “Cənab Hanitslə redaksiya arasında antisemit mövzuların karikaturada əks olunması məsələsində ziddiyətlər meydana gəlib. Bu ziddiyət sadəcə karikaturalarla bağlı deyil, həm də cənab Hanits ilə aparılan ayrıca söhbətlərdə də ortaya çıxıb”, cümlələri ilə öz mövqeyini müdafiə edib.

 netanyaho

Diter Hanitsin qovulmasına səbəb olan karikatura israilli müğənni Netta Barzilayın bu il “Avroviziya” mahnı müsabiqəsində qalib gəlməsi ilə bağlı olub. Karikaturaçı İsrail baş naziri Netanyahunu müğənninin səhnədə istifadə etdiyi geyimdə, üstəlik əlində raket olaraq təsvir edib. Rəsmdə onun guya “Gələcək il Qüdsdə” mahnısı oxuduğu göstərilib. Bundan sonra rəssama qarşı sosial şəbəkələrdə geniş kampaniya başladılıb.

 Hanitsin özü Almaniya mediasına verdiyi açıqlamada işinə son verildiyini təsdiqləyib. O, çəkdiyi karikaturada heç kimi təhqir etmədiyini, sadəcə olaraq İsrailin Nettanın qələbəsini öz mənafelərinə uyğun istifadə etməsinə qarşı belə bir rəsm çəkdiyini söyləyib.

 Rəssam bir karikaturadan ötrü işinə son verilməsinin doğru yol olmadığını qeyd edib. Bundan əlavə, Hanits çəkdiyi rəsmə görə heç də peşman olmadığını vurğulayıb.

 Qeyd olunur ki, alman rəssam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən karikatura rəsmləri ilə də ad çıxarıb. Lakin həmin vaxt Türkiyə tərəfi buna qarşı sərt təpki göstərincə, Diter Hanits eyni qəzet tərəfindən “mətbuat və söz azadlığı” prinsipləri ilə müdafiə edilmişdi.

Oxunuş sayı 1214 dəfə
Şərh vermək üçün giriş edin
Top