Çərşənbə axşamı, 31 İyul 2018 22:00

Trampdan Ruhaniyə qəfil jestin pərdəarxası – ABŞ İranla barışır?

ABŞ və İran arasında gərginliyin yüksəldiyi bir vaxtda ABŞ-dan İrana danışıq təklifi gəlib. ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirib. APA-nın xəbərinə görə, bunu D.Tramp Ağ Evdə İtaliyanın baş naziri Cuzeppe Konte ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Görüşlərin səmərəliliyinə inanıram. Onların təşəbbüslə çıxış etdiyi təqdirdə istənilən vaxt görüşməyə hazıram. Heç bir ilkin şərt olmadan. İran tərəfi görüşmək istəyirsə, mən hazıram”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Trampın bundan əvvəl də iranlı həmkarı ilə danışmaq istədiyi bildirilirdi. Ötən həftə İran Prezident Administrasiyasının Aparat rəhbəri Mahmud Vaezi demişdi ki, ötən il Nyu-Yorkda olan Ruhaniyə Tramp nə az, nə çox, düz 8 dəfə zəng edib, ancaq bu telefon danışığı baş tutmayıb. İndi isə ABŞ İrana qarşı sanksiyaları işə salmaqla Tehrana qarşı təzyiqləri artırıb. İranda dollar heç zaman olmadığı qədər bahalaşıb. Vaşinqton bu ilin noyabrında yeni sanksiyaların olacağı ilə bağlı Tehranı hədələyib. Belə bir vaxtda gözlənilmədən Vaşinqtondan danışıq təklifi gəlib.

Trump Ruhani ile ilgili görsel sonucu

Trampın Ruhani ilə görüş təklifinə İran prezidentinin aparatında siyasi məsələlər üzrə müavin postunu tutan Həmid Əbutalibidən cavab gəlib. Əbutalibi deyib ki, İran xalqına ehtiram və düşmənçiliyin azalması ilə birlikdə ABŞ-ın nüvə anlaşmasına geri dönməsi mövcud böhranın həllinə yol aça bilər. İran rəsmisi deyib ki, ötən il BMTR toplantısı zamanı İran xalqına qarşı təhdid edən açıqlamalardan sonra iki ölkə liderləri arasında danışıqlar məsələsi gündəmə gəldi. İndi isə ABŞ nüvə anlaşmasından çıxdıqdan sonra hər hansı bir ön şərt irəli sürmədən İranla danışıqlar apara biləcəyini bəyan edir. Mədəni cəmiyyətlərdə dialoqun anlaşmazlıqları aradan qaldırmaq vasitəsi kimi baxan insanlar bu prosesin vasitələrinə də bağlı qalmalıdırlar.

Yəni Ruhani dolayısı ilə danışıqlara hazır olduğu mesajını verir. Maraqlıdır ki, bu həftənin cümə günü Yaxın Şərqin “sülh və diplomatiya” mərkəzi hesab olunan Omanın xarici işlər naziri Yusif ibn Ələvi Tehrana səfər edəcək. Səfər zamanı o, Tehranda həmkarı Cavad Zərif və digər yüksək rütbəli İran rəsmiləri ilə bir araya gələcək. Görüşlərdə İran-Oman əlaqələri, regional məsələlər, həmçinin bölgədəki son vəziyyət ələ alınacaq.

Bu məlumatlar Oman xarici işlər nazirinin səfəri ilə bağlı xəbərdən götürülüb. O da bəlli olub ki, Yusif ibn Ələvi bir neçə gün əvvəl Vaşinqtonda səfərdə olub və bu zaman ABŞ müdafiə naziri Ceyms Mattis ilə görüşərək regional məsələləri müzakirə edib.

Əlbəttə, hələlik birmənalı nə isə demək olmaz. Ancaq Yaxın Şərqdə bir qayda olaraq, gizli diplomatiyanın, barışıq danışıqlarının əsas ünvanı Omandır. İran və ABŞ arasında nüvə probleminin həlli ilə bağlı ilk danışıqlar da gizli şəkildə 2011-ci ildən etibarən Omanın paytaxtı Məsqət şəhərində aparılıb. İndi isə Oman yenidən prosesə daxil olub. Özü də Trampın İrana danışıqlar təklif etdikdən həmən sonra.

Təbii ki, Trampın İrandan tələbi nüvə məsələsi deyil. Çünki hər nə qədər iradlar da olsa, 2015-ci ildə imzalanmış nüvə anlaşması Qərbin maraqlarını təmin edirdi. Tramp isə daha çox şey tələb edir. Ən böyük tələb isə Yaxın Şərqdə İsrailə qarşı təhdidin aradan qaldırılmasıdır. 

Trump Ruhani ile ilgili görsel sonucu

Tramp nüvə anlaşmasını ləğv etməsini Tehranın Yaxın Şərqdəki fəaliyyəti, “neftdən əldə etdiyi gəlirləri sülhsevər ərəb və İsrail kimi qonşulara hücum edən Hizbullah və digər terrorçu təşkilatlara yardım etməsi” ilə izah etmişdi. Hətta demişdi ki, İranla yeni anlaşma üzrə danışıqlara hazırdır, bir şərtlə ki, yeni anlaşmada İranın raket proqramları və Yaxın Şərqdəki fəaliyyətləri məhdudlaşmalıdır.

Çünki indi İran ABŞ-ın Yaxın Şərqdəki maraqları üçün birbaşa təhlükəyə çevrilib. İranın hazırda Livan, Fələstin (Həmas, İslami Cihad kimi qruplar vasitəsilə), İraq, Yəmən, Suriya kimi dövlətlərə ciddi siyasi-ideoloji və hərbi təsiri var. Və bu ölkələrin hər birində İran ABŞ və ya onun müttəfiqləri ilə faktiki olaraq savaşır. Doğrudur, bu nəticə heç də asan əldə edilməyib. İran illərdir Yaxın Şərqdə anti-Amerika və anti-İsrail cəbhəsinin formalaşması və güclənməsi üçün pul xərcləyir, ideoloji və hərbi iş aparır. Ancaq istənilən halda indi müəyyən bir nəticə var və bu nəticə ABŞ-ı, onun bölgə müttəfiqlərini və ən əsası İsraili narahat edir. Bu səbəbdən də məsələyə sadəlövh yanaşıb, hər şeyin İranın nüvə fəaliyyətləri üzərində olduğunu demək olmaz. Ortada daha dərin, ideoloji, siyasi, hərbi, iqtisadi rəqabət var.

Ortada olan əsas faktor İsraildir. ABŞ-ın hazırkı administrasiyası Vaşinqton üçün başağrısına çevrilmiş ərəb-İsrail münaqişəsini həll etməyə çalışır. Amma bunu daha sərt formada, Trampın metodu ilə həll etməyə səy edir. Hətta mediaya sızan məlumatlara görə, Tramp hazırkı ərazilərdəki Fələstin administrasiyasını İsrailə tabe etdirməyə çalışır. Son aylarda İsrailin Fələstin üzərində hərbi təzyiqlərinin artması da bununla bağlıdır. Bu mənada ABŞ hazırkı rəhbərliyi qarşısında əsas maneə Fələstin və Livanda İranın dəstəklədiyi silahlı qruplardır.

Ehtimal ki, Trampın Ruhanidən əsas tələbi də məhz bu olacaq: İran Livan və Fələstindəki silahlılara dəstəyini dayandırsın. Çünki ərəb rejimləri ilə dil tapan Tramp üçün əsas başağrısı indi silahlı müqavimət qruplarıdır. Bu qruplar bir tərəfdən İsrail üçün maneədir. Digər tərəfdən ərəb rejimləri üçün narahatlıq yaradır.

Ancaq bu şərtlərlə İran və ABŞ arasında anlaşmanın əldə olunması mümkün deyil - baxmayaraq ki, Ruhani və onun təmsil etdiyi “islahat” camiəsi İranın Yaxın Şərqdəki islamçı hərəkatlara böyük vəsaitlər xərcləməsinin tərəfdarı deyil. Lakin inqilab xətti, ali dini lider tam əksini düşünür. Bu səbəbdən də indiki situasiyada Tehranın Yaxın Şərqdən geri çəkiləcəyi inandırıcı deyil. İstənilən halda danışıqların başlaması müsbətə doğru addımdır.

Kənan Rövşənoğlu,

Oxunuş sayı 1248 dəfə
Şərh vermək üçün giriş edin
Top