Çərşənbə, 24 İyun 2020 08:07

"Kölgə" Rusiyaya belə etiraz etdi – FOTO+VİDEO

img
Dünən (22.06.2020) Almaniyada yaşayan bir qrup azərbaycanlı mühacir tərəfindən yaradılmış "Kölgə" Yardım Birliyinin üzvləri Rusiyanın Bonn şəhərindəki konsulluğunun qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.  

Xeberinfo.de-nin məlumatına görə, Almaniyada fəaliyyət göstərən "Kölgə" Yardım Birliyi tərəfindən təşkil olunan aksiyada həmvətənlərimiz Azərbaycan-Rusiya sərhədində aylardır gözləyən vətəndaşlarımızın OMON-un hücumuna məruz qalmasına etiraz edərək, konsulluq binası önündə yerə uzanıblar. Azərbaycan bayraqları açılıb, etiraz şüarları səsləndirilib.

Məlumat üçün bildirək ki, iyunun 15-dən 16-na keçən gecə iki aya yaxındır sərhədə toplaşıb Azərbaycana keçmək istəyən Azərbaycan vətəndaşları ilə Rusiya hüquq-mühafizə orqanları arasında qarşıdurma baş verib. OMON havaya atəş açıb, həmvətənlərimizi döyüb, əllərini və ayaqlarını bağlayaraq üzü üstdə yerə uzadıb. 
Aksiyanın qətnaməsini təqdim edirik:

""Kölgə" Yardım Birliyinin Azərbaycan-Rusiya sərhəddində Rusiya Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) azərbaycanlılara qarşı silahlı hücumuna etiraz olaraq təşkil etdiyi aksiyanın QƏTNAMƏSİ

Rusiya Federativ Respublikasında fəhləlik edən təqribən 600 azərbaycanlı Covid-19-la əlaqədar Azərbaycana qayıtmaq məqsədilə aylar idi ki, Rusiya-Azərbaycan sərhəddində gözləyirdilər. Azərbaycan tərəfi vətəndaşlarını doğma vətənlərinə buraxmır, onların teleylərilə maraqlanmırdı. Bu barədə dəfələrlə mətbuatda videogörüntülər yayılmış, 600 azərbaycanlının həyati təhlükələri haqqında həyəcan siqnalı çalınmışdı. Lakin Azərbaycan dövləti vətəndaşlarına sahib çıxmamış, ölkə qapılarını onların üzünə bağlamışdır.
Beləliklə, 15.06.2020-ci il tarixdə gecə saatlarında sərhəddə qalan azərbaycanlılar etiraz etdikləri üçün Rusiya Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) onlara qarşı fiziki güc tətbiq etmiş, silah işlətmişdir. 2 azərbaycanlının öldüyü, yüzlərlə soydaşımızın yaralandığı bildirilir. Təəssüf ki, heç bir tərəf məsuliyyəti öz üzərinə götürmür.
Rusiya Prokurorluğunun yaydığı məlumata görə, OMON tərəfindən silahlı basqına məruz qalan azərbaycanlılar haqqında cinayət işi açılacaq və cərimə olunacaqlar.
Bu vəhşiliyə görə Azərbaycan dövləti və şəxsən İlham Əliyev, eyni zamanda Rusiya hökuməti məsuliyyət daşıyır.
Biz sərhəddə qalan azərbaycanlıların dərhal azad edilməsini, onların hər birinin həyati təhlükəsizliyinin təmin edilməsini tələb edirik, eyni zamanda rus polisinin vəhşiliyini pisləyir, cinayətkarların cəzalandırılmasını zəruri hesab edirik.
Diqqətə çatdırır ki, bu, Rusiyanın bizə - Azərbaycana qarşı etdiyi ilk vəhşilik deyil. Rusiya dəfələrlə azərbaycanlılara qarşı bu kimi qəddarlığa imza atıb və “şimal ayısı”nın bütün cinayətləri cavabsız qalıb.
OMON bu vəhşiliyi Rusiya Dövləti adından etdiyi üçün, beynəlxalq təşkilatlar Rusiya Federativ Respublikasının bu addımına hüquqi qiymət verməlidir.
Rusiya regionda sabitlik istəyirsə, belə vəhşiliklərə son qoymalı, beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır.
Rədd olsun, rus əsarəti, zorakılığı və hegamonluğu!

22.06.2020

Almaniya"

 

Oxunuş sayı 1874 dəfə
Şərh vermək üçün giriş edin
Top