Şənbə, 11 Oktyabr 2014 21:00

“Əsgər ölümündə əsas günahkarlar cəzasız qalır”

Zaur Məmmədov: “Bu qədər əsgər ölümündə  kim deyə bilər ki, hansısa yüksəkçinli komandir cəzalandırılıb?”

“Atəşkəs şəraitində yaşamağımıza baxmayaraq hər həftə əsgər ölümləri barəsində xəbərlər eşidirik. Əsgər ölümlərinin bu qədər artması rəsmiləri niyə düşündürmür? Əksər halda əsas səbəbkarlar cəzasız qalır”. Bu sözləri ictimai-siyasi fəal Zaur Məmmədov Xeber.İnfo-a deyib. Z.Məmmədov əsgər ölümlərinə görə cəmiyyətin ciddi narahatlıq keçirdiyini bildirib: “Hər həftə əsgər ölümünə şahid oluruq. Bu haqsızlığa kimsə DUR deyəcəkmi? Hesab edirəm ki, cəmiyyət bu məsələdə aktiv olmalıdır. Şəhidi olan xalq qəhrəman hesab olunur. Lakin torpaqlarımız işğal altında inlədiyi zaman, atəşgah dövründə niyə şəhid verməliyik. Bu qanlar nəticəsiz axıdılır və ən faciəlisi isə əksər halda əsgər balalarımız düşmən gülləsi ilə deyil, komandirlərin və digər əsgərlərin zavalına tuş gəlirlər. Cəmiyyət bu məsələnin araşdırılmasını ciddi tələb eləməli, ordumuzda xain əllərin kəsilməsində əlindən gələni etməlidir. Vicdanı, mənliyi olan hər bir azərbaycanlını bu aksiyaya dəvət edirik. Biz boş verə, mənasız qanı axıdılan balalarımızın qanını tələb edirik. Siyasi hakimiyyət cəmiyyəti o qədər qorxudub ki, hətta balasının niyə öldüyünü öyrənə bilmir, qorxur”.  

Z.Məmmədov əsgər ölümlərinə əasa səbəblərdən birini açıqlayıb: “Hesab edirəm ki, orduda yaranmış özbaşınalıq və cəzasızlıq mühiti belə halların artmasına səbəb olur. Rüşvət və korrupsiya halları cəzasızlıq mühitini yaradan əsas amildir. Könüllü olaraq müddətdən artıq hərbi xidmət edən şəxslər hərbi hissələrə və döyüş bölgələrinə yaxınlığı, uzaqlığına görə müəyyən məbləğ ödəməlidirlər. Onsuz da ölkədə iş yerlərinin sayı hər gün azalır. Gənclər hərbiyə vətəni qorumaq üçün deyil, iş yeri kimi gedirlər. Bu barədə kifayət qədər fakt göstərmək olar. Əsas göstəricilər nəzərə alınmadan ancaq rüşvət hesabına hərbidə çalışan kiçik komandirlər əsagərlə istədiyi kimi davranır və nəticədə əsgər ölümlərinə şahid oluruq. Qurbanlar isə min bir əzabla yığdığı pulu rüşvət kimi verib hərbiyə düzələn kiçik komandirlər və əsgərlər olur. Rüşvət hesabına orduda özbaşınalıq yaradanlar isə öz işlərini davam edirlər. Bu qədər əsgər ölümündə  kim deyə bilər ki, hansısa yüksəkçinli komandir cəzalandırılıb. Belə davam etsə heç görməyəcəyik də”.

Oxunuş sayı 1372 dəfə
Şərh vermək üçün giriş edin
Top