Çərşənbə, 10 May 2017 22:00

QARABAĞ MÜNAQİŞƏSİ: İranın onun həllinə münasibətində hansısa qaranlıq məqam varmı?

İndiyə qədər belə hal baş verməmişdi, amma bəlkə də olub, mənə rast gəlməyib, ya da sadəcə, əhəmiyyət verməmişəm - hələliksə şərti adını “Lupa əməliyyatı” qoyaq. Eyni zamanda, bu addımı bəyəndiyimi, alqışladığımı da gizlətmirəm: insanın vətənpərvərliyindən irəli gəlir; indiki taleyüklü, ağır şəraitdə ünvanımıza, yaxud bizimlə bağlı deyilən, yazılan hər sözə diqqət yetirməliyik ki, sonradan yanmayaq. Lakin təkcə İran rəsmiləri tərəfindən söylənən və qələmə alınanamı..?

Axı, Yer kürəsinin atlası yalnız Şərq yarımkürəsindən ibarət deyil, uzun illərdir humanist və sülhpərvər libasa bürünsə də, dünyada yaratdığı çeşidli münaqişə ocaqlarında maskasının bir tərəfi yanıb üzünə yapışmış Qərb də var, hansı ki, 25 ildən çoxdur, Qarabağ yaramıza məlhəm qoyub sarımağı cani-dildən, “of-uf” zarımadan ona həvalə eləmişik...

Elə, Elxan Şahinoğlunun “Atlas”ında Qərb yarımkürəsi üzərinə sülh göyərçinlərinin qonması və ərazi bütövlüyümüzə təhlükədən söhbət açılarkən ən azı sözügedən istiqamətin unudulması, yaxud, dövlət səviyyəsində məqsədyönlü şəkildə reallaşdırılan ikili standartların hansısa ermənipərəst prezidentin, erməni lobbisinin fəaliyyəti kimi təqdimatı da bu yazının zəhmətinə qatlaşmağımla nəticələndi. Hörmətli politoloq imperializmin Azərbaycan, Türkiyə, eləcə də bütün İslam dünyası əleyhinə işlənən planları ilə yanaşı, Qarabağ münaqişəsilə əlaqədar İranın obyektiv, operativ, ardıcıl, sabit möbqeyini də görməməzliyə vurduğundan bəzi xatırlatmalar vermək məcburiyyətində qaldım.         

Əvvəla, qeyd edək ki, mediamızda “ilginc mesaj” kimi dəyərləndirilərək, müxtəlif sərlövhələr altında yayılan 5-6 cümləni İran Xarici İşlər Nazirliyi mətbuat şöbəsinin müdiri Bəhram Qasimi APA-nın Tehran müxbirinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki rolu və son vaxtlar problemin həllində aktivliyinə dair sualı müqabilində deyib. Yəni, diplomatın jurnalistə ekspromt cavabıdır, xarici siyasət idarəsinin iki ölkə arasında hər hansı anlaşılmazlıqdan doğan, qabaqcadan  hazırlanmış bəyanatı deyil ki, əndişələnib yüz yerə yozaq. Bu həlledici məqamı vurğulamaqda məqsədimi yazının gedişində açıqlayacam. Və unutmayaq ki, üç ay öncə biz oxşar mövzuda Sergey Lavrova ünvanladığı suala görə qos-qoca ATV əməkdaşının şələ-küləsini qoltuğuna vermişik... Nə isə, indi gəlin məlum cavaba nəzər salaq:

“Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil - zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır. Dağlıq Qarabağ münaqişəsi kimi ərazi münaqişələri bir amillə həll olunası məsələ deyil. Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın. Ona görə, düşünürəm ki, bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil. Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Qarabağ böhranının xalqın roluna diqqət etmədən həlli mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq”.

Dəyərli politoloqumuz gizli mənalar “Atlas”ına nəzər salarkən istifadə elədiyi lupanın köməyi ilə cümlələri bu cür sıralayaraq, şərhinə girişib:

Birinci cümlə: “Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil - zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır”.

İkinci cümlə: “Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın”.

Üçüncü cümlə: “Bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil”.

Dördüncü cümlə: “Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür”.

Beşinci cümlə: “Qarabağ böhranını xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq”.

Ağayi Qasiminin cavabı ilə ağayi Şahinoğlunun təsnifatını tutuşduranda ilk cümlədən sonra bir məqamın buraxıldığı (mərhum Bəxtiyar Vahabzadənin təbirincə desək, “bir rəqəm də demə, varmış, ikiylə bir arasında...”) aşkar görünməkdədir: Dağlıq Qarabağ münaqişəsi kimi ərazi münaqişələri bir amillə həll olunası məsələ deyil...

Aha, deməli, XİN təmsilçisi problemə həm də ümumi kontekstdə münasibət sərgiləyib - belə münaqişələrin mövcudluğunu və təbii ki, gerçəkdən onların bir amillə çözümünün mümkünsüzlüyünü dilə gətirib. İnanıram ki, həmin cümlə qəsdən yox, sadəcə, kiçik diqqətsizlik üzündən sıralamada öz yerini tapmayıb və sonrakı “münaqişənin həllində çoxlu faktorlar rol oynayır, onların hamısı birləşməlidir ki, böhran həllini tapsın” ifadəsində də qaranlıq heç nə yoxdur. Onlarla maraq, plan, variant ortadadırsa, Bəhram müəllimin dediklərini niyə qəribçiliyə salaq..? Ancaq yenə də təəssüf ki, “faktorların həmrəyliyi” fikri “ziddiyyətli” sözü artırılmaqla təhlilə cəlb olunur və “hansı həmrəylikdən söhbət getdiyi” soruşulur. 

Təəssüf ki, münaqişənin əsrin dörddə biri qədər uzadılan çözüm müddəti artıq Azərbaycanda uşaqdan böyüyədək hamının danışıqlar masası üzərinə qoyulan təkliflərdən və irəli sürülən şərtlərdən xəbərdarlığına gətirib çıxarıb.

Ölkəmizdən ötrü əsas faktorun ən əvvəl Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunların çıxarılması və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması, Ermənistan hakimiyyəti üçünsə tam əksi – satatusu müəyyənləşdirən referendumun keçirilməsinin olduğu gün kimi aydındır. Və təbii ki, sözügedən iki fərqli yanaşma eyni sənəddə öz əksini tapa bilmədiyindən ATƏT-in Minsk Qrupunun əlinə girəvə, bəhanə düşüb, danışıqlar dalana dirənib. Lakin mənimlə razılaşarsız ki, Qarabağ problemi panoramasına az qala hər institut, həmsədr, XİN başçısı öz çalarını əlavə etdiyindən rənglər tamamilə tündləşib, bir-birinə qarışıb. 

Bir də ki, milli politologiyamızda sevdikləri Qərb siyasətçisini buraxdığı quşlardan sığortalamaq, bulaşdığı zir-zibildən təmizləmək məqsədilə “söylədikləri düzgün tərcümə olunmayıb, yanlış anlaşılıb” ənənəsi var. Bəlkə elə İran rəsmisinin də çıxışı doğru-dürüst çevrilməyib və "bütün faktorlar birləşməlidir” yox, “bütün faktorlara birlikdə baxılmalıdır” deyib. O zaman Qarabağ ocağının regiondan uzaqlarda qalanması və körüklənməsindən tutmuş, daşnak diasporunun dünya imperializminə təsiri zəminində həmsədr ölkələrin də real həqiqətlərə kor-kar olmaları, bədnam millətlərin öz müqəddəratını təyini prinsipi, ölkəmizin başı üzərindən separatçı quruma maliyyə yardımları, referendumun keçirilməsi şərtləri və sair rəngarəng amillər ortaya çıxır...

Məhz bu zəmində də böhranın həllində xalqın rolu özünü büruzə verməyə başlayır və fikirdə Azərbaycan xalqının nəzərdə tutulduğuna heç bir şübhə ola bilməz. Ən azı ona görə ki, 30 ilə yaxındır torpaqları təcavüzə məruz qalan, doğma el-obasında qaçqın vəziyyətinə düşən bizlərik, ərazi probleminin isə zərəçəkənlərin başı üzərindən həlli yolverilməzdir.    

“Düşünürəm ki, bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil” cavabından ruhlanan bəzi saytlar isə xəbərə “İran Rusiyanın təkbaşına vasitəçiliyini qəbul etmir” başlığı çıxarıblar. Bir daha yuxarıda vurğuladığım məqama qayıtmaq istəyirəm, diplomat şimal qonşumuzun Dağlıq Qarabağ münaqişəsindəki rolu və son vaxtlar problemin həllində fəallaşması ilə bağlı suala münasibət bildirib.

Deməli, obyektiv daha çox Rusiya üzərində fokuslanmalı idi və belə də olub, yəni məsələnin bu cür qoyuluşu ilə hansı dövlətin nəzərdə tutulduğunu təxminləmək üçün elə də dərin düşüncəyə ehtiyac yoxdur. B.Qasimi fikrində tamamilə haqlı olsa da, Elxan bəyin dediyi kimi, rəsmi Tehranın bölgədəki maraqları və onlarla məsləhətləşmək zərurətinə işarə vurması az inandırıcıdır. Çünki bütün dövlətlərin, hətta düşmənlərinin belə girib qaldıqları nəhəng bataqlıqlarda İranla hesablaşmağın gərəkliyini anlamaqdan ötrü kifayət qədər vaxtları olub. Bu gün İraq, Əfqanıstan, Fələstin, Suriya və digər münaqişə mərkəzlərindəki sülhyaratma missiyasına İslam Respublikasının birbaşa, ya da dolayı yolla təsirinin inkarı naşılıq sayıla bilər.

E.Şahinoğlunun təhlilində diqqətçəkən məqamlardan biri də son illərdə iki həmsədr dövlətin – ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlliylə faktiki məşğul olmamalarını etiraf etməsidir. Nə oldu, bəs bir vaxtlar deyirdiz ki, supergüclər erməni dığalarının burnunu ovub, Qarabağı məcməyidə bizə qaytaracaq, hələ ayağımıza düşüb bağışlanmaq da diləyəcəklər..? 25 il ağzımızı açıb belə boş nağıllara, puç əfsanələrə inanmaqla keçdi, çox fürsətlər əldən buraxıldı. İndi də bəziləri yeni müdafiə taktikası, haqqazandırma variantı tapıblar: sən demə, ərazi bütövlüyümüzə barmaqarası münasibər ölkədəki avtoritar rejimin diktatura siyasətindən qaynaqlanırmış... Kimə desən yarlık yapışdırmaq olar, qərbli ağalarından başqa...

Biz özümüzə təsəlli verməyi sevirik, amma reallıqlar tamam başqa mətləbləri anladır: bu gün Azərbaycan beynəlxalq aləmdə küncə sıxışdırılmış vəziyyətdədir – həm də məhz Qarabağ probleminə görə. Daşnaklar, hayk lobbisi hamam suyu ilə bütün dünyanı dost tutub, erməni ideoloqları azəri həmkarlarından fərqli olaraq kimsəni rəncidə salmırlar, mənasız şüarçılıqla özlərini hamıdan təcrid eləmirlər. Şimalın forpostu olmalarına rəğmən, Qərbdə güclü rıçaqlara malik arxaları var, Şərq ölkələri ilə əlaqələr qurur, layihələr həyata keçirirlər, Cənuba əl uzadırlar və sair... ABŞ təcavüzkar Ermənistanın iştirak etmədiyi regional layihələri maliyyələşdirməkdən aşkar boyun qaçırır. Hiyləgər dığa məkri xərcəng şəklində siyasətin canına yeriyib münasib əlaqələr qurmaqdan əlavə, ölkəmizi dostların əhatəsindən uzaqlaşdırmağa, təkləməyə çalışır. Məsələn iki gün öncə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan “İnterfax”a müsahibəsində “İran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində təmkinli və balanslı mövqedədir. Tehran həmişə ağır vaxtlarda Ermənistana dayaq olaraq, hətta mühasirə günlərində ərzaqla yardım edib” sözlərini işlədib. İndi düşmənin hansısa sayıqlamasına görə, bölgənin nüfuzlu dövləti ilə münasibətləri korlamaq nə dərəcədə doğrudur?

Yeri gəlmişkən, elə yaxınlarda Ermənistan KİV-nin öz məqsədləri üçün sui-istifadələrə yol verməsi İran tərəfindən tənqid edilib. XİN sözçüsü Bəhram Qasımi bildirib ki, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik baş verməyib: "Erməni mətbuatının öz məqsədləri naminə sui-istifadələrə yol verməsini qınayırıq. Ermənistanın bir sıra KİV-i yenidən düzgün olmayan hərəkətlər edib ki, belə addımları narahatlıqla izləyirik. İran Dağlıq Qarabağ probleminin həlli üçün yardım etməyə hazır olduğunu elan edən ilk ölkələrdəndir. Rəsmi Tehranın Azərbaycanla yaxşı əlaqələri var və bu əlaqələrin daha da inkişafında maraqlıdır".

İndi hər tərəfdən yol-yolağamızın kəsildiyi bir şəraitdə qonşu ölkənin bizdən ötrü elədiklərini də yaddan çıxarıb qədirdanlıq kimi müsbət keyfiyyətimizi itirməməliyik: İran imperiyadan qopduğumuz ilk günlərdə Azərbaycanın müstəilliyini tanıyıb; BMT, İKT və digər nüfuzlu tribunalardan ərazi bütövlüyümüzü təsdiqləyib və işğalçı qoşunların tarixi torpaqlarımızdan təcili kənarlaşmasını tələb edib. Münaqişənin əvvəlindən çoxsaylı hərbi köməklillər göstərib, gənc ordumuza kadr hazırlığı məqsədilə təcrübəli zabitlərini göndərib. Məcburi köçkünlərin qayğıları ilə maraqlanıb, onların və digər aztəminatlı əhalinin maddi ehtiyaclarının ödənməsi üçün İmam Xomeyni adına İmdad Komitəsinin filialını yaradıb. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, Zəngilan və Füzulinin mühasirəsi zamanı sərhədi birtərəfli qaydada açmasaydılar, bu gün Xocalı faciəsinə bərabər, daha iki-üç soyqırımın ildönümlərini keçirirdik...

Bütün bunlar məlum həqiqətlərdir, sadəcə, hər xırdalığın üzərinə lupa qoyub böyütməməyimiz, hadisələrə qlobal kontekstdən, ayıq başla yanaşmağımız naminə xatırlatdım. Qarabağ münaqişəsi yalnız igid oğullarımızın qanı bahasına, Türkiyə, İran, Pakistanın birgə səyləri, İslam dünyasının dəstəyi ilə ədalətli həllini tapa bilər. Razıyam, müəyyən səhvlər, tələskənliklər, qucaqlaşıb-öpüşmə səhnələri də var, amma bunlar xırda məsələlərdir, necə deyərlər, xətakarlıqdan irəli gəlir, xəyanətkarlıqdan yox... Eləcə də möhkəm təməl üzərində qurulmuş İran-Azərbaycan dostluğuna və əməkdaşlığına, İslam Respublikasının gənc müsəlman ölkəsinə davamlı yardımlarına kölgə sala bilməz. Tarix dəfələrlə göstərib ki, zaman-zaman xırda umu-küsülərə, sərinliklərə baxmayaraq, bu iki məmləkətin, xalqın münasibətləri ətlə dırnağın vəhdəti misalındadır – araya girən iylənib çıxar...

Qurban Cəbrayıl

Oxunuş sayı 1649 dəfə
Şərh vermək üçün giriş edin
Top