Şənbə, 02 Aprel 2016 18:26

Seysulan azad olundu - Vikipediya yeniləndi

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. 
 
Arqument.Az xəbər verir ki, atışma nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub. Həmçinin 12 əsgərimiz şəhid olub. 
 
Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
 
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
 
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
 
Qeyd edək ki, Seysulan — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənddir. Seysulan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Seysulan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Seysulan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşdiyinə görə burada əhali yaşamır.
 
Seysulan kəndi Azərbaycan Ordusunun 2 aprel 2016-cı il tarixdə erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam təmizlənib.
 
Arqument.Az xəbər verir ki, hadisədən dərhal sonra "vikipediya"da Seysulanla bağlı dəyişiklik edilib. Belə ki, vikipediya yenilənərək məlumat bazasına, "Seysulan kəndi Azərbaycan Ordusunun 2 aprel 2016-cı il tarixdə erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam təmizlənib" cümləsi də əlavə edilib. 
Oxunuş sayı 3282 dəfə
Şərh vermək üçün giriş edin
Top