Şənbə, 02 Aprel 2016 20:19

Cəbhədən son xəbərlər - ERMƏNİ ALAYI MƏHV EDİLİB, KƏNDLƏRİMİZ VƏ MÜHÜM YÜKSƏKLİKLƏR AZAD EDİLİB

Cəbhə xəttində gərginlik davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, hal-hazırda Ağdam, Füzuli və Tərtər rayonlarında təmas xəttində döyüşlər davam etdirilir. 

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. 

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Ermənistan ordusunun bir alayı məhv edilib

Gecə saatlarından Ermənistan və Azərbaycanın təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində erməni ordusu işğal altında olan Cəbrayıl rayonunda çoxlu sayda itki verib. 

Erməni tərəfinin bir alayı məhv edilib, 50 nəfərin taleyi məlum deyil, tağımın hüquqşünası ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli və Rusiya KİV-lərinə, həmçinin bilavasitə hərbi əməliyyatlar zonasında olan və döyüşlərdə iştirak edən şahidlərə istinadən Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, hərbi hissələrdən birinin əsgərləri hissəni tam olaraq tərk ediblər.

Seysulan azad olundu 

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Atışma nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub. Həmçinin 12 əsgərimiz şəhid olub. 

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Qeyd edək ki, Seysulan - Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənddir. Seysulan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Seysulan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Seysulan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşdiyinə görə burada əhali yaşamır.

Seysulan kəndi Azərbaycan Ordusunun 2 aprel 2016-cı il tarixdə erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam təmizlənib.

Arqument.Az xəbər verir ki, hadisədən dərhal sonra "Wikipedia"da Seysulanla bağlı dəyişiklik edilib. Belə ki, "Wikipedia" yenilənərək məlumat bazasına, "Seysulan kəndi Azərbaycan Ordusunun 2 aprel 2016-cı il tarixdə erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam təmizlənib" cümləsi də əlavə edilib. 

Sarkisyan: "18 hərbçimiz ölüb, 35-i yaralanıb..."

Ermənistan silahlı qüvvələri şənbə gününə keçən gecə və gün ərzində Azərbaycan Ordusu ilə döyüş zamanı 18 hərbçisini itirib, 35 nəfər yaralanıb. “Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan şənbə günü keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasında bildirib. "Bu, 1994-cü ildə atəşkəs rejimi əldə olunduqdan sonra ən irimiqyaslı hərbi əməliyyatlardır", - deyə S.Sarqsyan bildirib.

Onun sözlərinə görə, “hazırda əldə edilən məlumatlara görə, 18 erməni hərbçisi ölüb, 35-i yaralanıb”.

Ermənistan prezidenti qeyd edib ki, “bu hadisələrin nə ilə nəticlənəcəyi məlum deyil, çünki təmas xəttində gərginlik hələ də müşahidə olunmaqdadır”.

Oxunuş sayı 2815 dəfə

Media

Şərh vermək üçün giriş edin
Top