Bazar, 03 Aprel 2016 10:03

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı şəhidpərvər ordumuzun əks-hücumunu alqışlayır

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı aprelin 1-dən başlayaraq cəbhə bölgəsində düşmən təxribatı zəminində yaranmış qarşıdurmaya münasibət bildirərək, igid əsgərlərimizin qəhrəmanlığı sayəsində əhəmiyyətli irəliləyişləri alqışlayıb, şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Bu barədə Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Xeber.İnfo-a məlumat daxil olub. Məlumatda deyilir: 

“Aprelin 1-dən 2-ə keçən gecə erməni quldurlarının təmas xəttinin müxtəlif istiqamətlərində fəallaşması və nəinki ön mövqelərimizdəki hərbi mükəlləfiyyətliləri, hətta yaşayış məntəqələrini və mülki əhalini iriçaplı silahlardan, artileriya qurğularından atəşə tutması dünya birliyinin də dəstəklədiyi bir çox təşəbbüslərin üstündən xətt çəkməklə yanaşı, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə bəslənən öləzimiş ümidləri tamamilə söndürdü. Əslində mənfur düşmən birinci Qarabağ savaşı zamanı müəqqəti nəzarətinə aldığı ərazilərimizdə daim xain planlar qurur, cəbhəboyu kəndlərimizi, yaşayış evlərini, tarlalarda çalışan zəhmətkeş əhalini hər gün, hər saat gülləbaran etməklə atəşkəsin tələblərini pozurdu.

Ermənistan silahlı birləşmələri sonuncu təxribatı nəticəsində isə vətən torpaqlarını canı, qanı ilə qoruyan igid əsgərlərimizin güclü müqaviməti ilə üzləşmiş, darmadağın edilərək rüsvaycasına geri çəkilmək, qaçıb dağılışmaq məcburiyyətində qalmışlar. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında da bildirildiyi kimi, Silahlı Qüvvələrimiz tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin həyata keçirilməsi nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan məntəqəsi düşməndən tam təmizlənmişdir.

Lakin bu döyüşlərdə ermənilərə məxsus 6 ədəd tankın, 15-dək artilleriya və mühəndis qurğularının məhvi, o cümlədən yüzdən çox hərbi qulluqçusunun ölməsi və yaralanması nə qədər uğurludursa, 12 hərbi qulluqçumuzun şəhid olması, 1 ədəd helikopterin və tankın sıradan çıxması,dinc sakinlərin həyatını və sağlamlığını itirmələri bir o qədər üzüntülüdür. Amma neyləməli, qələbəyə gedən yol itkisiz olmur.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı olaraq, orumuzun qətiyyətli əks-hücuma keçməklə əlverişli mövqeləri ələ keçirməsini alqışlayır, şəhidlərimizə Allah-təalan rəhmət, yaralılara cansağlığı arzulayırıq.

İnanırıq ki, növbəti belə əməliyyatlardan biri də işğaldakı torpaqlarımızın tamamilə yağı caynağından xilası, məcburi köçkünlərimizin doğma yurd-yuvasına qayıtması ilə nəticələnəcək".

Xeber.İnfo

Oxunuş sayı 2895 dəfə
Şərh vermək üçün giriş edin
Top