Çərşənbə axşamı, 02 İyul 2019 12:04

Aprel qazisi vəfat edib

İyunun 29-da Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində özünü yandıran və bir gün sonra vəfat edən İmamverdi İsmayılov Aprel qazisi imiş. 
 
Bu gün onun 3 mərasimidir. İmamverdi İsmayılov idmançı, keçmiş hərbçi, Lələtəpə döyüşlərinin iştirakçısı olub.
 
Bacısı Lamiyə İsmayılovanın sözlərinə görə, İmamverdi üç bacının yeganə qardaşı olub. Hadisə zamanı xəsarət alan atası isə sanki yaşananları, nə baş verdiyini hələ tam dərk eləyə bilmir.
 
"Qardaşımın 4 yaşlı balasının sudurğası var, bu hadisədən bir neçə gün öncə xəstəxanaya aparılmışdı. Yenə də uşağa lazımı diqqət göstərilməmişdi və biz onu evə gətirmişdik. Bir neçə gün öncə yenə uşağın qızdırması qalxdı və gecə saat 12 radələrində evə təcili yardım çağırdıq. Təcili yardım briqadası dedi ki, biz uşağı xəstəxanaya apara bilmərik, limitimiz dolub. Uşaq da qızdırmadan sudurğa keçirir. Uşağı dava-dalaş xəstəxananın acil şöbəsinə yerləşdirə bildik. Elə nə baş verdisə ondan sonra başladı. Qızdırma içərisində yanan uşağa yardım edən olmadı. Qardaşım Elxan adlı həkimlə dalaşdı. Həkim, tibb bacıları bizi ağır söyüşlərlə təhqir etdilər. Bu təhqiri qardaşım götürmədi. O, bunu özünə sığışdıra bilmədi. Atam da orda idi. Hamımız uşağın dərdinə yanırdıq. Uşaq əldən gedirdi. Qardaşım elə bildi ki, uşaq keçinib. Özünü atdı çölə, gedib bir butulka benzin alıb başından tökdü. Biz elə bildik ki, əlindəki içmək üçün sudur. Özünü yandırdı. Qışqırdıq ki, bizə adyal verin, heç kim yaxına gəlib qardaşımın alovunu söndürməyə kömək etmədi. Yaşlı atam özünü qardaşımın üstünə atdı. Atam da iki qolundan, üzündən yanıq xəsarətləri aldı. Qardaşımın bədəninin 70 faizi yandı. Hadisəni görən xəstəxana işçiləri tez uşağa da, qardaşıma da yardım etdilər. Amma bir az əvvəl deyirdilər ki, limit qurtarıb”.
 
Lamiyə İsmayılova deyir ki, qardaşı 2016-cı ildə baş verən Aprel döyüşlərində kəşfiyyatda manqa komandiri olub. İndi onun 4 yaşlı oğlu atasız qalıb:
 
"İstəmirik qardaşımızın qanı yerdə qalsın. İstəyirik ki, tədbir görülsün. Hal-hazırda qardaşımın uşağı xəstəxanadadır. Aidiyyatı qurumlar səsimizi eşitsinlər. Bu haqsızlığa, bu zülmə son qoyulsun. Canını vətəninə fəda etmiş bir qaziyə qarşı bu cür haqsızlıq baş verirsə, hansı vətənpərvərlikdən danışmaq olar?! Bizim dağımız yıxılıb. Çox xahiş edirik ki, bu məsələ obyektiv araşdırılsın və müqəssirlər layiq olduqları cəzanı alsınlar”.
 
İmamverdi İsmayılovun bacıları işə ədalətlə baxılması üçün ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək, ondan kömək istəyiblər.
 
Artıq 2 ildir ki, Mingəçevir, Ağdaş və Yevlax şəhərlərində icbari tibbi sığorta sistemi ilə bağlı pilot layihə tətbiq edilir. Buna görə də hər üç rayonda yerləşən tibb müəssisələri Səhiyyə Nazirliyindən alınaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilib.
 
İmamverdi İsmayılov da hadisədən 2 gün öncə, iyunun 27-də sosial şəbəkələrdə agentliyin tərkibində olan xəstəxanaların fəaliyyətini pisləyib:
 
"Bunu necə başa salaq ki, sənin acildə (təcili yardım) oturan həkimlərinin başları heç nədən çıxmır. Adamı məcbur edirlər ki, bıçağı əlimə alıb gedib oradakıları öldürəm. Körpə uşağımı aparmışam, deyirlər, heç nədən başımız çıxmır. Bu şəhərin yiyəsi var, buna bir çarə tapsın?”
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Meydan TV-yə deyiblər ki, suallar yalnız yazılı sorğu əsasında cavablandırıla bilər. Meydan TV sualı agentliyin mətbuat xidmətinə e-mail vasitəsilə ünvanlayıb. Agentliyin mətbuat xidmətindən onu da bildiriblər ki, iş gününün sonu olduğundan sorğunu bu gün cavablandırmayacaqlar.
Oxunuş sayı 941 dəfə
Şərh vermək üçün giriş edin
Top