Bazar, 23 Fevral 2020 20:55

“Hökumətin Berlin aksiyası uğursuz idi”

Ziya Cəbiyev: “Soyqırımla heç bir əlaqəsi olmayan ölkədə aksiya keçirməyin mənası nədir?”
“Azərbaycan hakimiyyətinin Berlində keçirdiyi “Xocalıya ədalət” mitinqi təəssüf və gülüş doğurur”. “Kölgə” Yardım Birliyinin İdarə Heyətinin üzvü, siyasi mühacir Ziya Cəbiyev fevralın 22-də Berlində keçirilən Xocalı aksiyasına münasibət bildirərkən belə deyib.
“Xeberinfo”ya açıqlamasında o, bildirib ki, bu aksiyanın Xocalıya ədalət istəməklə heç bir əlaqəsi yoxdur: “On illərlə təslimçi sülhü qəbul edən hökumət sanki Xocalı ilə bağlı bayram tədbiri düzənləmişdi. Başqa ölkədə, Xocalı soyqırımı ilə heç bir əlaqəsi olmayan ölkədə aksiya keçirməyin mənası nədir? Bu aksiya üçün Berlindənsə Azərbaycanın paytaxtı daha uyğun deyil?”.
Z.Cəbiyevin sözlərinə görə, Xocalı soyqırımının ildönümü hər zaman Azərbaycanda pərakəndə və ciddi olmayan bir şəkildə keçirilib: “Hökumət heç ölkədə Xocalı mitinqini bu şəkildə keçirmir. Berlin aksiyasına bir neçə Avropa ölkəsində yaşayan azərbaycanlılar qatılmışdılar, lakin çox deyildilər. Sanki bu, bir reklam idi. Hökumətin, diasporanın, yaxud hansısa təşkilatların özlərini reklam etməyə, nəticədə büdcədən pul silməyə hesablanmış bir addım idi. Bu cür düşünürəm. Əks halda, niyə Bakının mərkəzində aksiyaları qadağan edən hökumət Berlinin mərkəzində aksiya keçirir? Xocalıda baş verənlər kütləvi qətliamdır, soyqırımdır, ermənilərin Qarabağda dinc azərbaycanlılara qarşı törətdiyi dəhşətli kütləvi məhv etmə əməliyyatıdır. Bu gün Azərbaycanda unudulmamalıdır, Azərbaycanda kütləviliyin təmin olunduğu aksiyalar keçirilməli, bu hadisə dünyaya təkrar-təkrar çatdırılmalıdır. Ancaq hakimiyyət bunun ölkədə yaddan çıxarılması üçün əlindən gələni edir. Hətta ermənilərlə dostluq, sülh münasibətlərinin vacibliyi zaman-zaman səsləndirilir”.
Z.Cəbiyev sözügedən aksiyanı həm də uğursuz adlandırıb: “Berlin aksiyasını həm də uğuruz hesab edirəm. Dünyaya səpələnmiş azərbaycanlıların neçə faizi vardı o tədbirdə? O aksiyaya iştirakçıları pulla gətirmişdilər, yemək, nəqliyyat, hamısı pulsuz idi. O qədər pul xərclənir, heç olmasa, normal tədbir keçirsinlər. Bu, diasporanın uğursuz hərəkətlərindən biridir. Ermənilər qondarma erməni soyqırımının, olmayan bir hadisənin ildönümünü necə keçirirlər, bir baxıb öyrənsinlər”.

Oxunuş sayı 1108 dəfə
Şərh vermək üçün giriş edin
Top