Cümə axşamı, 21 May 2020 00:54

Biz hökumətdən rüsvayçılıqdan qurtulmağı tələb edirik - BƏYANAT

21 may tarixində Şuşada keçirilən andiçmə mərasiminə qarşı  "Kölgə" YB bəyanat yayıb.  
Almaniyada yaşayan bir qrup azərbaycanlı siyasi mühacir tərəfindən yaradılan Siyasi Məhbuslara və Ailələrinə “Kölgə” Yardım Birliyi Azərbaycan hakimiyyətini işğal olunmuş torpaqlara sahib çıxmağa çağırıb. Qurumun mayın 20-də yaydığı bəyanatda ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında andiçməyə hazırlaşmasının Azərbaycan hakimiyyəti üçün rüsvayçılıq olduğu vurğulanıb. Bəyanatda bildirilir ki, martın 31-ində Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirilsə də, Azərbaycan hakimiyyəti baş verənləri sükutla izləyir, işğal olunmuş ərazisində qurulan növbəti işğalçı və terrorçu hökumətə etiraz etmir, həmçinin mayın 21-də baş tutacaq prezident andiçməsinin qeyri-qanuni, hüquqa zidd olduğunu əsas gətirib torpaqlarını azad etmək əməliyyatına başlamır. Bu, rüsvayçılıq və rəzillikdir. Azərbaycan hakimiyyəti işğal edilmiş torpaqlarında yaradılan qondarma quruma təcili şəkildə etirazını bildirməlidir. Bu etiraz həm də hərbi dildə olmalıdır, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən də tanınan sərhədlərinin bərpasına çalışmalıdır.
İşğalçı Dağlıq Qarabağ rejimində 1991-ci ildən bəri 6 dəfə prezident, 7 parlament seçkisi, 7 bələdiyyə seçkisi və 3 referendum keçirilib. Bu müddət ərzində Azərbaycan hakimiyyəti ancaq seyirçi və təslimçi mövqe tutub. Azərbaycan torpağında terroru dəstəkləyən hökumətin qurulması, prezident seçilməsi yolverilməzdir və Azərbaycan buna yol verməməlidir. Mayın 21-də keçiriləcək andiçmə mərasiminin planlaşdırılması da beynəlxalq hüquqa, həmçinin bölgədə sabitliyə qarşı təhdiddir. Azərbaycan elə beynəlxalq hüquqa söykənərək torpaqlarını işğalçılardan azad etməlidir. Biz Azərbaycan hakimiyyətini işğal olunmuş torpaqlarında separatçı rejimin ömrünü uzatma siyasəti aparmasını kəskin şəkildə pisləyir və Ermənistanın cinayətkar fəaliyyətinin qarşısını almağı tələb edirik. Seçkilərin hər hansı hüququ qüvvəsi yoxdur deməklə iş bitmir. Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağda təcavüzkar Ermənistan tərəfindən təşkil edilən və seçki adlandırılan təxribatın qarşısı təcili şəkildə alınmalıdır. Biz hökumətdən nəhayət ki, rüsvayçılıqdan qurtulmağı və torpaqlarımıza sahib çıxmağı tələb edirik”.

Oxunuş sayı 1156 dəfə
Şərh vermək üçün giriş edin
Top