Çərşənbə axşamı, 21 İyul 2020 10:36

Berlində "İlham, İstefa" şüarı ilə aksiya keçirilib - VİDEO

Dünən (20.07.2020) “Kölgə“ Yardım Birliyi Berlində Azərbaycan Səfirliyinin qarşında aksiya keçirib.

Aksiyaya qatılan azsaylı mühacirlər “İlham, İstefa“, “Biz ölərik, sən yaşa Vətən“ və “Məzlum xalqa qarşı işgəncə və zorakılığı durdurun“ şüarları səsləndiriblər. Təqribən bir saat davam edən aksiyada tələblər səsləndirilib, qətnamə oxunub.

Xeberinfo.de “Kölgə“ YB-nin təşkil etdiyi aksiyanın qətnaməsini təqdim edir:

“Kölgə“ Yardım Birliyinin Berlində Azərbaycan Səfirliyi qarşısında təşkil etdiyi aksiyanın QƏTNAMƏSI

“Kölgə“ Yardım Birliyi Azərbaycan siyasi hakimiyyətinin vətəndaşlara qarşı sərt davranışını, işgəncə və zorakılığını qətiyyətlə pisləyir, dövləti təslimçi vəziyyətə salmasından ciddi narahatdır. Covid-19-la bağlı tətbiq etdiyi karantin rejimini yanlış hesab edir, insanların hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirir. 12.07.2020-ci il tarxidə işğalçı Ermənistan ordusunun Tovuz rayonuna hücumu nəticəsində bir general-mayor olmaqla, 12 hərbçimizin şəhid edilməsində məsuliyyətin birbaşa İlham Əliyevin üzərində olduğunu iddia edir.

“Kölgə“ YB hesab edir ki, Qarabağı işğaldan azad etmək üçün YAP hakimiyyətinin siyasi və hərbi gücü yoxdur və olmayacaq. Çünki Əliyev rejimi korrupsiya bataqlığında can verməkdədir. İlham Əliyev komandası ilə birlikdə dövlət əmlakını mənimsəyib, ciddi korrupsiya hallarına yol verib, milli və dövlət maraqlarını ayaqlar altına atıb. Eyni zamanda müharibə şəraitində olan Azərbaycanı düşmən Ermənistan qarşısında tam təslimçi duruma salıb. Vətəndaşı bir tikə çörəyə möhtac qoyan tayfabaşı İlham Əliyev Azərbaycanı şəxsi mülkü hesab edir. İşğal olunmuş torpaqların azad edilməsi üçün heç bir addım atmır və xalq Qarabağ münaqişəsilə bağlı heç bir danışıqdan məlumatlı deyil.

“Kölgə“YB bu faktları əsas götürərək təşkil etdiyi aksiyanın tələblərini açıqlayır:

  1. Qarabağın azad edilməsi üçün səfərbərlik elan edilsin;
  2. Orduya dəstək yürüşündə iştirakına görə həbs edilənlər sərbəst buraxılsınlar;
  3. Qarabağ problemi ilə bağlı aparılan danışıqlar cəmiyyətə açıq olsun;
  4. Covid-19-la bağlı tətbiq edilmiş karantin rejimi ləğv edilsin və yaranmış sosial problemlərin həllini dövlət öz üzərinə götürsün;
  5. Karantin qaydalarını pozduğuna görə vətəndaşa yazılan cərimələr silinsin və yaxud minimum aylıq əməkhaqqına uyğunlaşdırılsın.

Aksiyanın əsas şüarları aşağıdakılardır:
1. Məzlum xalqa qarşı işgəncə və zorakılığı durdurun;
2. İlham, istefa
3. Biz ölərik, sən yaşa Vətən.

20.07.2020                     

Berlin, Almaniya“

 

Oxunuş sayı 2081 dəfə
Şərh vermək üçün giriş edin
Top