Çərşənbə, 18 Fevral 2015 21:00

Avropa Parlamenti Azərbaycan hökumətinə rədd cavabı verib

Vitse-prezident hakimiyyətin lobbiçilərini pərt edib: “O ölkədəki problemlərdən, siyasi məhbuslardan xəbərdaram”

Azərbaycan hökumətinin Qərbdə özü haqda müsbət imic formalaşdırmaq, avtoritar rejim kimi ünvanına səslənən tənqidlərin qarşısını almaq məqsədilə lobbiçilərə milyonlarla vəsait xərclədiyi yeni xəbər deyil. Amma xərclənən milyonlar heç də həmişə məqsədinə nail ola bilmir. Avstriyanın “Der Standard” qəzetində müəllif Tereza Eder “Avtoritar rejimlər Avropa Birliyi ölkələrinə necə təsir göstərir?” başlıqlı məqaləsində Avropa Parlamentinin vitse-prezidentinin Azərbaycan hökumətinin lobbiçilərinə rədd cavabı verməsindən bəhs edir. Məqalənin tərcüməsini təqdim edirik:

***

Brüssel lobbiçilərin Məkkəsidir. Müxtəlif siyasi və iqtisadi maraqları təmsil edən çoxlu sayda insanlar burada toplaşır. Hətta Avropa Birliyi liderlərinin korrupsiya və insan haqlarının pozulmasına görə tənqid etdiyi dövlətlər də…

Avropa Birliyi ölkələrində avtoritar rejimlərə lobbiçilik edənlər də kifayət qədərdir. Lobbiçilər həmin rejimlər haqqında əslində onlara xas olmayan müsbət imic formalaşdırmağa çalışırlar.

“Avropa Müşahidə Korporasiyası” adlı təşkilat hələ yanvar ayında açıqladığı hesabatda avtoritar rejimlərə lobbiçilik edən şirkətlərin Avropa Birliyi ölkələrindəki fəaliyyətindən bəhs edirdi. Həmin hesabatda Rusiya, Ruanda, Banqladeş, Azərbaycan, Bəhreyn, Nigeriya kimi dövlətlərin avtoritar hökumətlərinin reputasiyasını yaxşılaşdırmaq, onların ünvanına tənqidlərin qarşısını almaq üçün lobbiçilik edən şirkətlərin adları da sadalanmışdı.

Lobbi fəaliyyətinə mətbuatla işləməkdən tutmuş, Avropa Birliyi ölkələrinin siyasətçiləri üçün pulsuz səfərlərin təşkili, onlara hədiyyələr verilməsi kimi müxtəlif metodlar daxildir. Britaniyada fəaliyyət göstərən piar şirkətlərindən birinin strateqi Ivo Iliç Qabara deyir ki, kimsə, özünü reklam etdirməyə çoxlu pul xərcləyirsə, deməli, onun problemləri var.

Piar şirkətləri lobbi işini normal, qanunauyğun bir iş kimi təqdim etməyə, Avropa Birliyi siyasətçilərilə əməkdaşlıqlarında korrupsiya halı olmadığını göstərməyə çalışırlar. Lakin 2012-ci ildə Azərbaycanda keçirilən “Eurovision” musiqi yarışması zamanı baş verənlər situasiyanın fərqli olduğunu açıq-aşkar ortaya qoydu. Ardınca Azərbaycan hökuməti Avropa Parlamentinin üzvlərini Bakıya dəvət etdi, deputatların səfər və otel xərclərini də özü ödədi.

“Həmin yarışmaya görə çoxlu sayda adam zorla evlərindən çıxarılmışdı. Aydın məsələdir ki, biz belə bir təklifi qəbul edə bilməzdik”, – deyə Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunaçek bildirib.

Lunaçeki narahat edən budur ki, Avropa Parlamentinin müxtəlif komitələrinin üzvləri, nümayəndə heyətləri Cənubi Qafqazın bu ölkəsilə tez-tez əlaqədə olurlar. Onun özünə də Azərbaycan hökumətinin lobbiçilərinin müraciətləri olur: “Onlara deyirəm ki, mənə təsir etməyinizə imkan vermərəm. Mən o ölkədəki problemlərdən xəbərdaram. Ona görə də açıq şəkildə siyasi məhbus problemindən danışıram”.

Avropa Parlamentinin deputatları dəyəri 150 dollardan artıq olan hədiyyə götürə bilməzlər. Bu qaydanı pozanlar üçün cəza tədbirləri, o cümlədən səs hüququndan məhrum edilmə nəzərdə tutulub.

Qanuni şəkildə məlumat yaymaqla korrupsiya yolu ilə informativ təsir göstərmək arasında sərhəd çox incədir.

“Mən bu cür danışıqlardan, görüşlərdən imtina edirəm. Lakin imtina etməmişdən əvvəl də bu adamların kimliyini araşdırmağa çalışıram”, – deyə Lunaçek bildirib.

Amma digər tərəfdən də Avropanın bir sıra avtoritar ölkələrdən neft-qaz asılılığı həmin ölkələrdə insan haqlarının problemlərinin həllini çətinləşdirir.

Lobbiçilik sahəsində şəffaflığın təmin olunması üçün “Avropa Müşahidə Korporasiyası” adlı Avropa Komissiyasına bir sıra təkliflər verib. Həmin təkliflərdən biri də budur ki, lobbi şirkətləri qeydiyyatdan keçməli, onların üzərinə ciddi öhdəliklər qoyulmalıdır. Hazırda böyük şirkətlərin qeydiyyatı var. Lakin lakin xırda lobbi şirkətləri maneəsiz fəaliyyət göstərir.

Iyunda Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Azərbaycan hökuməti bu Olimpiada ilə əlaqədar Avropa Parlamentində reklam xarakterli tədbir keçirmək istəyib. Avropa Parlamentinin üzvləri buna imkan verməyib.

İlqar Sadıqov

Oxunuş sayı 2137 dəfə
Şərh vermək üçün giriş edin
Top