Şənbə, 14 Mart 2015 21:00

AB ilə münasibətlər nə vəd edir?

Malena Mard (Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri)

Avropa Ittifaqı hesab edir ki, Azərbaycanla əməkdaşlıq çox vacibdir və biz münasibətlərin dərinləşdirilməsində maraqlıyıq. Son on ildə Azərbaycanla əsasən Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq edirik. Bu, ümumiyyətlə, Avropa Ittifaqı sərhədləri ətrafındakı ölkələrlə əməkdaşlığımızın əsasını təşkil edir.
Lakin Avropa Qonşuluq Siyasəti heç də həmişə bizim tərəfdaşlarımızın dəyişən istəklərinə adekvat cavab vermək iqtidarında olmur. Və belə olan halda, Avropa Ittifaqının öz maraqlarını tam şəkildə reallaşdırması da mümkün olmur.
Bu səbəbdən də Avropa Ittifaqı uzaq məqsədlərə çatmağı təmin edəcək siyasəti həyata keçirməyə başlayıb.
Avropa Ittifaqının ali nümayəndəsi Federika Mogerini və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han perspektivdəki məsələlərin müzakirəsi üçün bütün tərəfdaşlarımızla dörd aylıq məsləhətləşmələrə başlayıb.
Hesab edirəm ki, biz əsas dörd məsələyə diqqət yetirməliyik:
Birincisi: tərəfdaşlarımızla fərqli müstəvilərdə olsa belə, münasibətlərimizi necə inkişaf etdirə bilərik? Şərqdəki bəzi tərəfdaşlarımız Assosiasiya və dərin ticarət müqavilələrini imzalayıblar – nə qədər ki, bu çərçivədə imkanlar tükənməyib, onlar daha çox şeyə nail olmağa çalışırlar. Bizim tərəfdaşlarımız var ki, onlar bərabər səviyyədə daha çox işləməyə hazırdılar, lakin müqavilənin tələblərinə uyğunlaşmağa da hazırdılar. Bu isə o deməkdir ki, biz qonşularımızın qonşuları ilə də işləməliyik.
Bütün bunlar bir sıra yeni üsullarla işləməyi tələb edir. Tərəfdaşlarımızın çox müxtəlif olduğunu etiraf etmək üçün özümüz də daha çox işləməliyik.
Ikincisi: Hesab edirəm ki, tərəflərin bərabər hüquqluluğu şəraitində yaxşı nəticələr əldə etmək mümkündür. Yeni Qonşuluq Siyasəti tərəfdaşlarımızın baxışlarını və təcrübələrini daha yaxşı əks etdirməlidir. Əmin olmalıyıq ki, hər iki tərəfin maraqlarına cavab verən məsələlərə konsentrasiya olunuruq.
Hesab edirəm ki, tərəfdaşlarımızla birlikdə ciddi nəticələr əldə etmək üçün əməkdaşlıq etdiyimiz ölkələrin əhalisinin hiss edə biləcəyi uğurlara nail olmalıyıq. Nəzərə almalıyıq ki, insanlar qısa müddətdə müsbət nəticələr görmək istəyirlər.
Üçüncüsü: əslində, bu vaxta qədər tətbiq etdiyimiz modeldən kənara çıxmağı bacarmalıyıq. Əvvəllər tərəfdaşlarımızla çoxsaylı sahələrdə əməkdaşlıq etməyə çalışmışıq. Genişmiqyaslı əməkdaşlıqda maraqlı olan və buna qadir olan tərəfdaşlarımıza həyatlarını Avropa Ittifaqının normalarına uyğun qurmaqda yardımımızı davam etdirməliyik. Lakin bizimlə dərin əməkdaşlıqda maraqlı olmayan və ya bunu bacarmayan tərəfdaşlarımıza münasibətdə başqa formatları nəzərdən keçirməliyik.
Dördüncüsü: nəhayət, biz daha çevik olmalıyıq. Bu isə o deməkdir ki, biz dəyişən şərtlərə, o cümlədən böhran hallarına dərhal reaksiya verməliyik.
Bu, Avropa Ittifaqının Bakıdakı nümayəndəliyinin saytında yerləşdirilmiş və müzakirəyə açıq olan sənəddəki ideyaların sadəcə, bir neçəsidir. Biz məqsədəuyğun siyasət işləyib-hazırlamaq üçün mümkün qədər geniş məsləhətləşmələr aparmaqda qərarlıyıq.
Bir sıra adamlar soruşur ki, məqsədlərimizə uyğun siyasət aparmağımız dəyərlərimizdən imtinaya gətirib çıxara bilərmi? Bunun cavabı dəqiqdir – yox! Demokratiya, insan haqları və qanunun aliliyinin təmin olunması Avropa Ittifaqını xarakterizə edən dəyərlərdir.
Düşünürük ki, Avropa Ittifaqının əsasını təşkil edən bu dəyərlər Azərbaycan və onun əhalisinin də maraqlarına cavab verir. Sizə nümunə göstərim: qanunun aliliyi xaricdən investisiya cəlb olunması üçün müstəsna əhəmiyyət kəsb edən məsələdir. Müstəqil məhkəmə sistemi, korrupsiyasız, ədalətli cəmiyyət təkcə dəyər deyil, həm də ölkənin iqtisadi inkişafı üçün başlıca faktordur.
Azərbaycana münasibətdə Avropa Ittifaqının əsas hədəfi hər iki tərəf üçün daha etibarlı, təhlükəsiz gələcəyin qurulmasıdır.

İlqar Sadıqov

Oxunuş sayı 1988 dəfə
Şərh vermək üçün giriş edin
Top