Bazar, 03 Avqust 2014 21:00

"Leyla Yunusun dərhal azad olunmasını tələb edirəm" – Elnarə Ağayeva

 “Leyla Yunusu aylarla “ermənilərə işləyir” ittihamı ilə mənəvi terrora məruz qoydular. Sonra da saxta sənəd hazırlamaq, vergidən yayınma kimi maddələrlə də ittiham elan olundu. Əlbəttə, “erməni işi” kimi, bu yeni ittihamlar da quramadır”. Bu sözləri İnsan Hüquqları və Sosial Bərabərlik İnstitunun sədri Elnarə Ağayeva tanınmış hüquq müdafiəçisi, məşhur ictimai xadim, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.

esas elnare

     E.Ağayeva saxta ittihamlarla təşkil olunan həbsləri kəskin qınayıb: “Hökumət nümayiş etdirir       ki, həqiqəti deyən, siyasi məhbusları müdafiə edən insanları susdurmaq naminə istənilən addımı     atmağa hazırdır. Leyla xanım Azərbaycanda vətəndaşın iradəsinə və demokratik dəyərlərə             söykənən azad bir dövlət yaradılması uğrunda bütün fədakarlıqları göstərmiş bir ictimai             xadimdir. Amma vergi sistemi başdan-başa cinayəti içində olan bir rejim belə bir ictimai xadimi     vergidən yayınmaqda ittiham edir. Sahibkarıq məsələlərinə heç bir aidiyyəti olmayan, ömrü boyu   hüquq müdafiəçisi kimi çalışan bu fədakar insan “qanunsuz sahibkarlıq” fəaliyyəti ilə məşğul   olmaqda ittiham edilir.

  E.Ağayeva diqqəti maraqlı bir mövzuya yönəldib: “Maraqlıdır ki, Fransa Fəxri Legion ordeninin kavaleri olan Leyla Yunusa qarşı tətbiq edilən bütün bu qanunsuzluqlar Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə başçılıq etdiyi bir mərhələdə baş verir. Leyla Yunus İkinci dünya müharibəsi başa çatdıqdan sonra Fəxri Legion ordunun yeganə kavaleridir ki, qurama “dövlətə xəyanət” ittihamı ilə həbs edilir”.

 Zaman-zaman siyasi mülahizələrlə həbs edilmiş bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa çıxmasında onun misilsiz xidmətləri olmuşdur. Bu gün də siyasi və vicdan məhbuslarının ən dolğun və obyektiv siyahısını məhz Leyla Yunus hazırlamış və beynəlxalq təşkilatlara göndərmişdir. Lakin indi o, özü vicdan məhbusudur və ölkənin bütün vicdanlı adamları onun yanında olmalıdır. İndi Lelya xanım özü siyasi mülahizələrlə həbs olunub və müdafiə etdiyi siyasi məhbuslar sırasındadır. Onun dərhal azad olunmasını tələb edirəm – E.Ağayeva bildirib.

Oxunuş sayı 1313 dəfə
Şərh vermək üçün giriş edin
Top