Cümə, 01 Aprel 2016 09:54

Prezidentin ABŞ səfəri Azərbaycana nə vəd edir?

Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.
Səfərin məqsədi Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməkdir. Bir neçə gündür ki, davam edən səfərdə İ.Əliyev Ağ Evdə dövlət və hökumət başçılarının şərəfinə verilən naharda iştirak edib, dövlət katibi Con Kerri və digər rəsmi şəxslərlə görüşü olub.
Bəs İlham Əliyevin ABŞ səfəri Azərbaycan üçün nə vəd edir?
Politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin ABŞ səfərini şərh edib. O, ölkə başçısının səfərini məhsuldar qiymətləndirib: “Bu günə kimi İlham Əliyevin Amerikaya çox səfərləri olub. Həmin səfərlər Nyu-Yorkda BMT-nin sessiyaları ilə bağlı olub. Amma bu dəfə ölkə prezidenti rəsmi şəkildə Vaşinqtona dəvət edilib və Amerikanın Dövlət Katibi ilə çox məhsuldar, həm də əhəmiyyətli bir görüş keçirib. Görüşdə tərəflər bir sıra məsələləri müzakirə ediblər. Bu məsələlər həm Azərbaycanın maraqlandığı problemlər, həm də Amerikanın bu regiondakı öz geostrateji maraqları ilə bağlı olub. Con Kerrinin özü danışıqların məhsuldar olduğunu və orada qaldırılan məsələlərdə ortaq nöqtəyə gəldiklərini ifadə edib. 
Xüsusən onun Dağlıq Qarabağ məsələsinin həllinə təkan veriləcəyi haqda fikri və danışıqlar yolu ilə məsələlərin həll edilməsinə dair mövqeyi dəyərləndirilməlidir. Azərbaycan tərəfi isə bu məsələni beynəlxalq hüquq normalarına uyğun, xüsusən də BMT-nin məlum qətnaməsinə uyğun olaraq həll edilməsini irəli sürüb”.


Q.Hüseynli əlavə edib ki, səfər ərəfəsində Azərbaycan prezidentinin təkcə Kerri ilə deyil, həmçinin konqresmenlerlə də görüşü baş tutub: “Özü də həmin görüşlər çox maraqlı olub. Konqresmenlərlə görüş Azərbaycan üçün əhəmiyyətli görüşlərdən biridir. Çünki burada Azərbaycana qarşı olan bəzi konqresmenlərin də iştirak etdiyi tədbirdə İlham Əliyev onların çoxsaylı suallarına cavab verib və bu görüşdən hər iki tərəf məmnun ayrılıb. Yəni, bu, zənnimcə Azərbaycanla Amerika arasında olan soyuqluğun aradan götürülməsinə xidmət edir”.

Politoloq səfərdə İ.Əliyevin Amerika Yəhudi Assambleyasının üzvləri ilə görüşünün də çox diqqət çəkici olduğunu vurğulayıb: “Bu görüş çox səmimi bir atmosferdə keçib və Yəhudi Assambleyasının Azərbaycana bundan sonra da hər cür dəstək verəcəyi fikri ifadə edilib. Onlar İsrail-Azərbaycan dostluğundan məmnun olduqlarını və bundan sonra da dostluq münasibətlərinin davam etdirilməsinə tərəfdar olduqlarını bildiriblər”. 

Q.Hüseyinli Azərbaycan prezidentinin səfəri ilə bağlı ABŞdepartamentinin nümayəndəsinin fikrini də şərh edib: “Amerika Departamentinin nümayəndəsi də açıq şəkildə bu səfərin əhəmiyyət daşıdığını bildirib. Keçirilən görüşlərdə əslində bir çox problemlərin həllinə nail olunub. Söhbət əsasında Azərbaycanda son əfv sərəncamıyla bir çox məhbusların azad olunması və bu prosesin davam etməsindən məmnunluq ifadə edilib. 
Digər tərəfdən departament nümayəndəsi Azərbaycanda Amerikanın bir sıra qurumlarının yenidən fəaliyyətə başlaması fikrinin razılaşdırıldığını bildirib. 
Bir sözlə, Azərbaycan bundan sonra Amerikadan bir sıra məsələlərdə dəstək alacaq. Xüsusilə də Dağlıq Qarabağ məsələsində Amerika daha fəal mövqe tutacaq və proseslərin tam hər hansı bir üçüncü dövlətin əlinə keçməsinə və ya bu proseslərdə üçüncü dövlətin təkbaşına hökmranlıq etməsinə imkan verilməyəcək”.(aznews.az)

Oxunuş sayı 1623 dəfə
Şərh vermək üçün giriş edin
Top