Şənbə, 05 Yanvar 2019 01:10

BMT Baş katibinə Mehman Hüseynov haqqında məlumat verilib

Pen America: ''Mehman Hüseynovun təqibi qeyri-insani addımdır''

BMT baş katibi Antonio Qutereşin ofisinə Azərbaycanda həbs edilmiş bloger Mehman Hüseynovun işi barədə məlumat verilib.

“Turan” agentliyinin məlumatına görə, Baş katibə aclıq elan etmiş blogerin ağır vəziyyəti və hakimiyyətin onu saxta ittihamla yeni müddətə mühakimə etmək cəhdi haqqında məruzə edilib.

BMT baş katibinə blogerin xilas edilməsi və müdafiəsi üçün zəruri tədbirlər görmək təklif olunub.

Bundan əvvəl ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Arlem Dezirə (Harlem Desir), Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçə (Dunja Mijatovic) və genişlənmə məsələləri üzrə Aİ komissarı Conass Hansa (Johannes Hahn) buna bənzər müraciətlər olunub.

Qeyd edilən xadimlərə Azərbaycan hakimiyyəti qarşısında Mehman Hüseynovun təqibinin yolverilməz olduğu və ona qarşı uydurma ittihamların ləğv edilməsi məsələsini qaldırmaq təklif edilib.

Məsələ ilə bağlı “PEN America” da bəyanat verib. Bəyanatda deyilir ki, həbsdə olan bloger Mehman Hüseynova qarşı irəli sürülmüş yeni cinayət ittihamları Azərbaycan hakimiyyətinin onu tənqidi jurnalistikaya görə cəzalandırmaq məqsədilə atdığı amansız və əsassız addımdır.

“Digər məşhur jurnalistlərin təqibinin güclənməsi haqqında məlumatlarla yanaşı, Hüseynova qarşı ittihamlar onsuz da repressiv şəraitdə söz azadlığına xüsusi hücum formasıdır. Azərbaycanda hakim ailənin hökuməti tənqid edən açıq müzakirələrə qarşı dözümü azdır, belə ki, tənqidi ifadələrə görə ağır cəzalar tətbiq edilir, müstəqil KİV-lərin saytlarına giriş bloklanır, jurnalistlər və fəallar isə həbs cəzasına məruz qalır”, PEN America-nın departament direktoru Karin Doyç Karlekar bildirib.

Bəyanatda daha sonra bildirilib ki, diffamasiya haqqında məhkəmə iddiaları, habelə digər uydurma məhkəmə ittihamlarından və inzibati ittihamlardan çox vaxt jurnalistləri susdurmaq və cəzalandırmaq üçün istifadə olunur.

“Mehman Hüseynovun azad edilməsinə bir neçə ay qalmış ona qarşı məhkəmə təqibinin gücləndirilməsi Azərbaycanda narazı səsləri susdurmaq istəyini əks etdirən qeyri-insani addımdır”.

“PEN America” ABŞ yazıçılarını və jurnalistlərini birləşdirir. Bu təşkilat bütün dünyada fikir azadlığını müdafiə edir.

Məhbus həyatı yaşayan bloger Mehman Hüseynova qarşı azadlığa çıxmağa iki ay qalmış yeni ittihamlar irəli sürülüb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni ittihamlara etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib. 

Oxunuş sayı 510 dəfə
Şərh vermək üçün giriş edin
Top