Bazar ertəsi, 10 Fevral 2020 19:43

"Kölgə" bəyanat yaydı: "Parlament seçkilərinin nəticələri saxtadır və xalqın iradəsini ifadə etmir"

"Kölgə" Yardım Birliyi 09.02.2020-ci il tarixdə keçirilmiş Parlament seçkilərilə bağlı bəyanat yayıb. Bu barədə Birliyin sözçüsü, siyasi mühacir, jurnalist Röya Rəfili məlumat yayıb.
Xeberinfo.de bəyanatı olduğu kimi təqdim edir:

"Almaniyada yaşayan azərbaycanlı mühacirlər tərəfindən yaradılmış "Kölgə" Yardım Birliyinin Azərbaycan Respublikası Milli Məclisinə 6-cı çağırış növbədənkənar seçkilərlə (09.02.2020) bağlı BƏYANATI

"Kölgə" Yardım Birliyi Azərbaycanda keçirilən növbədənkənar Parlament seçkilərini hakimiyyətin siyasi şousu hesab edir və nəticələrini tanımır. Çünki seçkilər kütləvi saxtakarlıq və qanun pozuntuları şəraitində keçib. Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanan ilkin nəticələr həqiqəti əks etdirmir. Hakim Yeni Azərbaycan Partiyası namizədlər üçün bərabər təbliğat imkanları yaratmayıb, dövlət resurslarından konkret namizədlərin təbliğatında, Seçki Məcəlləsinin tələbləri açıq şəkildə pozularaq, istifadə edib. Müxalifyönlü və bitərəf namizədlərin, müşahidəçilərin, jurnalistlərin, ictimai fəalların yaydıqları faktlar da dediklərimizi təsdiq edir.

Bəyan edirik ki, Parlament seçkilərinin nəticələri saxtadır və xalqın iradəsini ifadə etmir. Seçkini müşahidə edən əksər xarici təsisatlar prosesin saxtakarlıq şəraitində baş tutduğunu vurğulayıblar. Artıq Human Right Watch, ATƏT və müşahidəçi göndərmiş digər təşkilatlar da seçkilərin ədalətsiz keçdiyini, biabırçı saxtakarlıqların olduğunu rəsmi şəkildə bildirib.

Hökumətin etimadsızlıq göstərdiyi parlament üzvlərinin yenidən “seçilmələri“ daha çox təyinata oxşayır. Bu, bir həqiqətdir ki, millət vəkili olacaq şəxslər bir müddət əvvəl mandatlarından istefa vermişdilər. Eyni zamanda təbliğat dövründə həmin şəxslərin bəziləri seçicilər tərəfindən ciddi tənqidlərə məruz qaldılar və hətta qovuldular.

Xalq hakimiyyətin islahat adıyla keçirdiyi növbədənkənar Parlament seçilərinə və ümumilikdə Əliyev tayfa hakimiyyətinə inanmır, onun təşkil etdiyi siyasi tədbirlərə - seçkilərə etimad göstərmir. Müşahidələr göstərdi ki, xalq seçkiyə qatılmadı, sadəcə rejim bir seçki şousu yaratdı. Bununla da ölkəmiz daha bir seçki rəzaləti yaşadı.

Bəyan edirik ki, Əliyev hakimiyyəti iqtidarda olduğu müddətdə demokratik seçki müşahidə edilməyəcək. Belə seçki oyunları ölkədəki mövcud siyasi böhranı daha da dərinləşdirəcək.

Biz düşünürük;

  1. İlham Əliyev bütün komandası ilə istefaya getməli;
  2. Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər edilməli;
  3. Ölkədə sağlam seçki mühiti yaradılmalıdır.

Əks halda, mövcud hakimiyyətin təşkil etdiyi siyasi tədbirlər, xalqı aldatmaqdan başqa bir şey olmayacaq.

“Kölgə“ YB
Almaniya

10.02.2020"

Oxunuş sayı 1093 dəfə
Şərh vermək üçün giriş edin
Top