Bazar, 23 Fevral 2020 12:11

"Hakimiyyət növbəti seçki şousunu yekunlaşdırır"

Elçin Əsgərov: "Bu qədər saxtakarlığı bir neçə məntəqənin ləğvi ilə ört-basdır etmək mümkün deyil"...

"Hakimiyyət növbəti seçki şousunu yekunlaşdırır. Biz buna hamılıqla etirazımızı bildirməliyik". "Kölgə" Yardım Birliyinin Idarə Heyətinin üzvü, siyasi mühacir Elçin Əsgərov Mərkəzi Seçki Komissiyasının (MSK) 9 fevralda keçirilən parlament seçkiləri ilə bağlı apardığı araşdırmalara münasibət bildirərkən belə deyib. O, "Xeberinfo"ya açıqlamasında bildirib ki, saxtakarlıq dolu seçkini bir neçə məntəqənin, yaxud dairənin ləğvi ilə ört-basdır etmək mümkün deyil: "Bütünlüklə seçkinin nəticəsi ləğv edilməlidir. Bir neçə məntəqənin ləğvi çıxış yolu deyil, bu, şounun davamıdır. Hakimiyyət və MSK açıq-aşkar saxtakarlıqla dolu seçki keçirib, saxta deputatlar seçiblər. Biz hamılıqla seçkinin nəticəsinin ləğvini və yeni seçkilərin keçirilməsini tələb etməliyik. "Kölgə" təşkilatı olaraq, biz bunu tələb edirik".
E.Əsgərov əlavə edib ki, bu seçki həm də hakimiyyətin islahat vədinin boş söz yığını olduğunu aydın şəkildə ortaya qoydu: "Cəmiyyətdə müəyyən kəsim İlham Əliyevin islahat vədinə inanmağa başlamışdı. Bu dərəcədə həyasızlıq və saxtakarlıq dolu seçki islahat vədinin də mənasız söhbət olduğunu sübut etdi. Ölkədə isə həqiqi islahatlara ehtiyac var və Əliyev diktaturası bunu etmək gücündə deyil".

Oxunuş sayı 935 dəfə
Şərh vermək üçün giriş edin
Top