Bazar, 22 Mart 2020 21:52

"Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq tələb edirik" - BƏYANAT

Almaniyada yaşayan mühacir azərbaycanlılar tərəfindən yaradılan “Kölgə” Yardım Birliyi Tofiq Yaqublunun həbsini pisləyən bəyanat yayıb. Bu barədə "Kölgə"nin sözçüsü, siyasi mühacir, jurnalist Röya Rəfili Xeberinfo.de-yə məlumat verib.  

Bəyanatda bildirilir: “Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində martın 22-də növbəti saxta ittiham irəli sürülüb. Ona qarşı “zor tətbiq etmək” bəhanəsi ilə cinayət işi açıblar. “Kölgə” Yardım Birliyi Tofiq Yaqubluya qarşı aparılan bu təxribatı kəskin pisləyir və onun dərhal azadlığa buraxılmasını tələb edir”.

Birlik həmçinin son günlər baş verən digər həbslərə də diqqət çəkərək, ölkədə yeni siyasi həbs dalğasının başlanmasının da narahatedici olduğunu vurğulayır və hakimiyyətdən həbslərin durdurulmasını tələb edir: “Bir neçə gün əvvəl Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev şəhərin mərkəzində pulsuz maska payladığına görə 30 sutka müddətinə inzibati qaydada həbs edilib. Həmçinin AXCP Ali Məclisinin üzvü Anar Məlikov karantin rejiminin pozulmasına görə ittiham edilərək, 10 sutka müddətinə inzibati qaydada həbs olunub. Partiya rəsmiləri onun sosial şəbəkədəki yazılarına görə həbs edildiyini bildirirlər. “Kölgə” Yardım Birliyi olaraq, Tofiq Yaqublunun və siyasi motivlə həbs edilən digər iki nəfərin azadlığa buraxılmasını tələb edirik. Həmçinin dövlət başçısı İlham Əliyevin Novruz bayramındakı təbrik çıxışında müxalifəti düşmən elan etməsini çox gülünc davranış hesab edirik. Ancaq bununla belə, onun dediklərinin arxasında ciddi həbs planının olduğunu da güman edirik. Son üç həbs də bunu sübut edir. Düşünürük ki, siyasi rejim ölkə müxalifətini, mübarizənin ön cəbhəsində olanları və nəticədə bütövlükdə xalqı susdurmaq istəyir. Baş verənlər artıq İlham Əliyevin müxalifəti təcrid etmək zərurəti barədə mesajının reallaşmasıdır və yeni repressiya dalğasının başlanmasıdır. Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq tələb edirik!”

Oxunuş sayı 381 dəfə
Şərh vermək üçün giriş edin
Top