Bazar ertəsi, 11 May 2020 21:22

On avroluq mübarizə ...

Dəfələrlə geniş yazmaq istəmişəm ölkədən kənarda yaranan təşkilatların maraqları və intriqaları barədə. Ancaq qısaca bir neçə cümlə yazanda belə təşkilat rəhbərlərinin trol dəstəsi tökülür adamın üstünə. Tam olaraq trol da sayılmırlar, bəziləri fanatdır, böyük əksəriyyət də rəhbərlikdən asılı kütlə...
Almaniyaya gələndən uzun müddət izlədim, Avropadakı müxalifyönlü təşkilatlar barədə faktları, iddiaları, rəyləri, mənə çatanların hamısını dinlədim və keçirəcəyi aksiyasına qoşulmaq üçün normal təşkilat tapmadım. 2018-ci ilin ortalarında isə DAS adlı yeni təşkilat yarandı. Bir müddətkənardan izlədim, iddialı idilər, normal görüntü də vardı ortada. Həmin ilin avqustunda Berlində Almaniyanın kanslerinə etiraz üçün də yığışdılar, xanım Merkelin diktator Əliyevlə görüşünə etiraz edilirdi. Mitinqə həm də maraq üçün qatıldım və üç yüzdən artıq iştirakçının olduğunu gördüm. Mitinqin normal olduğunu görsəydim, təşkilata qoşulacağıma söz vermişdim. Aksiya barədə təəssüratım yüksək oldu və təşkilatın koordinatoru Cavid Cabbarlıya təşkilata üzv olmaq üçün ərizəmi verdim. Ümid edirdim ki, yeni yaranan təşkilat həqiqi mübarizə tərəfdarıdır, şəxsi və qarışıq maraqları olmayacaq. Sonra təşkilatın daha bir mitinqində iştirak etdim. Ancaq qısa zaman ərzində təşkilatda baş verən xoşagəlməz (bu barədə geniş yazmaq lazım gəlir, bir cümləlik problem deyil) olayları, faktları görüb kənarda qalmağı üstün tutdum. Ancaq dəfələrlə təşkilatın “vatsap qrupu”nda təşkilatda baş verənlərə etiraz etmişəm, təklif etmişəm ki, normal müzakirə olsun, çoxsaylı suallara, iddialara təşkilat rəhbərliyi aydınlıq gətirsin. Hər dəfə də trol ordusunun hücumu ilə qarşılaşmışam. Hə, qısa müddət ərzində koordinator Cavid Cabbarlı artıq təşkilatdan istefa vermişdi. O, mənim həmkarım və dostumdur, Kanal13-də birgə çalışmışıq, buraya gəldikdən sonra da dostluğumuz davam edir. Onun istefasından sonra təşkilatın gerçək maraqları üzə çıxdı və bu, hakimiyyətlə mübarizə-filan deyildi. Amma bir az ümidim vardı ki, nəsə dəyişə bilər. Getdikcə başa düşdüm ki, təşkilat nəinki hakimiyyətə qarşıdır, əksinə, hakimiyyətin maraqlarının müdafiəsi ilə məşğuldur. Bəli, iddia edirəm ki, DAS hazırda məhz hakimiyyətin maraqlarını müdafiə etməklə məşğuldur və bu, boş bir iddia deyil. Məsələn, DAS-ın son bir ildə aksiya keçirdiyi məkanlar arasında Azərbaycan səfirliyi yoxdur. DAS öz üzvlərinin səfirlik qarşısında aksiya keçirməsinə qadağa qoyub, aksiyalar kiçik qəzet redaksiyaları qarşısında keçirilir və təşkilatın əsas qurucuları (əcaba kimlər?) bu aksiyalarda da görsənmirlər. Hətta təşkilat üzvlərinin aksiya keçirmək qərarları da rəhbərlik tərəfindən nəzarətdə saxlanılır, bu nəzarət təşkilatın adının hakimiyyətlə toqquşmamaq istəyi ilə bağlıdır. Rəhbərlik aksiya etmək istəyən üzvlərə zəng edib türmə rəisi tonuyla “Sən kimsən ki, bizdən icazəsiz aksiya keçirmək istəyirsən?!”,- deyə hədələyici çıxış da edir. Dəfələrlə olub. Bu, daha çox Berlindəki səfirliyin qarşısında aksiya istəyi ilə bağlı olub. Ötən il 10 may, 4 iyun, 15 iyun ərəfəsində də təşkilat kiçik şəhərlərdə hansısa qonşunun həyət divarının qarşısında aksiyalar keçirməklə məşğul idi. Bu günlərin heç biriylə bağlı aksiya elanı olmadı. Dözmədim, 15 iyunla bağlı polisdən aksiya icazəsi aldım. Sonra da “vatsap qrupuna” yazdım ki, saxta qurtuluşa etiraz etmək üçün səfirliyin önündə aksiyamız var. Təşkilat aksiyaya dörd, ya beş nəfərlə dəstək verdi. Və təbii ki, aksiyanın təşkilatçısı DAS deyildi. Burada isə təşkilatla bağlı səslənən əsas iddia səfirliklə razılaşma və binanın qarşısında aksiyaların keçirilməməsi ilə bağlıdır. Bunu isə mən demirəm, yəni təkcə mən demirəm. Təşkilatdan istefa verən, təşkilatda olan və olmayan çox sayda insanın fikridir. Digər iddia isə ondan ibarətdir ki, təşkilat digər yerlərdə aksiya keçirmək üçün üzvlərindən haqq alır, yəni icazə pulladır. Ancaq yenə də aksiyalarda təşkilatın adı hallanmır, “bir qrup siyasi mühacir etiraz edir”... Təşkilatda olduğum bir ildən artıq müddətdə gerçək maraqları aydınlaşdırdıqdan sonra təşkilatdan uzaqlaşdım...
Həmin vaxt artıq Cavid Cabbarlı bir neçə dostu ilə birlikdə “Kölgə” adlı yardım birliyi qurmuşdular, ölkədəki siyasi məhbusların ailələrinə dəstək göstərirdilər. Hələ DAS-da olduğum müddətdə bu yardıma qoşulmuşdum, “Kölgə” üzvləri on avrodan başlayan məbləğdə yardım kampaniyasına qoşulub, hər ay bir neçə ailəyə dəstək olurdular. “Kölgə” təkcə maddi yardım etmirdi, ölkədəki siyasi proseslərə münasibət, aksiyalar da gündəmdə idi. Ancaq burada da maneələr vardı. Təşkilatın təyin etdiyi aksiyalara DAS öz üzvlərini gəlməyə qoymurdu, üzvlərə iştirak qəti şəkildə qadağan edilirdi. Nədən görəsən? Kiçik bir təşkilatla niyə belə düşmən olsunlar ki? Səbəb çox idi... “Kölgə” sənəd satmırdı, kiməsə pulla burada yaşayış izni alacağını vəd etmirdi, normal fəaliyyəti vardı. “Kölgə”dəki insanların bir neçəsi DAS-dakı problemləri görüb istefa vermiş şəxslər idi və onların yeni təşkilat ortaya qoyması DAS-dakı kütlənin gözünü aça bilərdi. “Kölgə” epozodik aksiyalar keçirib görüntü yaratmırdı, normal etiraz ortaya qoyurdu, və daha neçə səbəb... Bu gözügötürməzlik “Kölgə”yə üzvlərin qəbulunda da özünü kəskin şəkildə göstərdi. Təşkilata qoşulan, siyasi məhbuslar üçün bir ayara gələn neçə insan sonradan DAS bosslarının iradları ilə oradan uzaqlaşdılar. Onlar cəmi on avro yardım edirdilər və bu pullar qəpiyinə qədər siyasi məhbus ailələrinə verilirdi. “Kölgə”nin hesabatları DAS-dan fərqli olaraq şəffaf idi. Hər ay üzvlərə və hətta ictimaiyyətə hesabatı açıqlanır...
Hə, deməli bu insanlar siyasi məhbuslara veriləcək yardımın da öz eqoları naminə qarşısını almağa çalışırlar. “Kölgə”ni pisləməklə, qaralamaqla özlərinin böyük olacağını düşünürlər. Halbuki özləri də çox yaxşı bilirlər ətraflarına toplaşanların orada olma səbəbini. Hə, bu səbəb hakimiyyətə qarşı gəlmək, hakimiyyətə etiraz etmək-filan deyil. Bunlarınkı eqo mübarizəsidir, cılızlıqdır, on avroluq mübarizədir. Burada çox ağız dolusu “Vətən” deyənin mübarizəsinin məhz on avroluq olduğunun, bir cib avro üçün olduğunun da şahidi oldum. Bu da çox ağır söhbətdir...

Siyasi mühacir, jurnalist Röya Rəfili

Oxunuş sayı 616 dəfə
Şərh vermək üçün giriş edin
Top