Çərşənbə axşamı, 09 İyun 2020 21:52

"Ölkəmizdə vətəndaşın ləyaqəti dövlət adından pozulur" - BƏYANAT

Almaniyada fəaliyyət göstərən "Kölgə" Yardım Birliyi son günlər Azırbaycanda yaşanan polis zorakılığına etiraz olaraq, bəyanat yayıb. Xeberinfo.de həmin bəyanatı təqdim edir: 

"Azərbaycanda polis zorakılığına, işgəncəsinə və vətəndaşlara qarşı təhqiredici davranışlarına qarşı “Kölgə“ YB-nin etiraz

B Ə Y A N A T I

 Almaniyada azərbaycanlılar tərəfindən siyasi məhbuslara və ailələrinə dəstək məqsədilə yaradılmış “Kölgə“ Yardım Birliyi Azərbaycan polisinin vətəndaşlara qarşı bütün zorakılıq və işgəncə hallarını pisləyir, hüquqa zidd hesab edir və cinayətkarların dərhal cəzalandırılmasını tələb edir.

8 iyun 2020-ci il tarixdə ölkəmizin baş kəndində Çevik Polis Alayı dövlət adından vətəndaşın evinə basqın edib, qanuna tam zidd olaraq, insanlara qarşı əxlaqsızlıq edərək, video görüntülərini ictimailəşdirməklə hüquq və azadlıqları, bütün dəyərləri ayaqlar altına atmış oldu. “Kölgə“ YB hesab edir ki, bu əxlaqsız və alçaq davranışı qəsbkar tayfa rejimi Azərbaycan dövləti adından edib. Rejim bu rəzil addımla dövlət və xalq əlaqələrini tam kəsmiş oldu.

Vətəndaşın ləyaqəti, sağlamlığı və mülkü Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur. Dövlətin ilk vəzifəsi məhz budur. Lakin ölkəmizdə vətəndaşların ləyaqəti dövlət adından pozulursa, insanlar dövlətin heç bir orqanına və dövlətbaşa inanmırsa, heç kimin sağlamlığına zəmanət yoxdursa, Azərbaycan dövləti tarixə qovuşub, anlamındadır.

Dünənə qədər rəsmi idarələrdə məmurlar tərəfindən insanların təhqir olunması, alçaldılması, saxta ittihamlarla həbs olunması gizli saxlanılır və etiraf olunmurdusa, bu gün dövlət açıq şəkildə bunları xalqa və beynəlxalq ictimaiyyətə nümayiş etdirir. Bu cəsarət hakimiyyətin azğınlığını göstərir.

Dünənə qədər hökumət vətəndaşın Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətindən çəkinirdisə, bu gün etdiyi cinayətləri özü çəkib Avropaya, Qərbə göstərir. Hökumət bu addımı ilə demək istəyir ki, mən heç kimdən və heç bir təşkilatdan çəkinmirəm, istədiyimi istədiyim yerdə edərəm.

“Kölgə“ YB düşünür ki, ölkəni bu alçaq və rəzil quldur dəstəsindən – YAP-dan ancaq xalq birliyi xilas edə bilər. Buna görə də xalqın birləşməsini və rejimə qarşı davamlı mübarizəsini zəruri hesab edir.

“Kölgə“ YB İdarə Heyəti

09.06.2020, Almaniya"

Oxunuş sayı 1435 dəfə
Şərh vermək üçün giriş edin
Top