Çərşənbə, 10 İyun 2020 03:51

Saxta Qurtuluş Günü Azərbaycan xalqının səfil və rəzil günə düşməsinin başlanğıcıdır - QƏTNAMƏ

Azərbaycanın tarixinə daha bir qara gün saldınız. 8 iyun polisin vətəndaşa qarşı zorakılığ və işgəncəsi kimi yadda qalacaq

Almaniyada yaşayan bəzi azərbaycanlılar tərəfindən siyasi məhbuslara dəstək məqsədilə yaradılmış “Kölgə” Yardım Birliyi 15 iyun – Milli Qurtuluş Gününə etiraz olaraq, aksiya başladır. Əvvəlki illərdə eyni gündə və eyni məqsədlə etiraz aksiyası Azərbaycanın Berlindəki səfirliyi qarşısında təşkil edilirdi. Bu il Covid-19-la əlaqədar karantin rejimi olduğu üçün aksiyanın virtual təşkili nəzərdə tutulur.
Qeyd edək ki, aksiyanın əsas şuarları “Saxta Qurtuluş Gününə Son“ və “Polis zorakılığını və işgəncəsini durdurun“ olacaq.
Aksiyanın QƏTNAMƏSİni təqdim edirik:
15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə sədr seçilib. O, dövrün siyasi vəziyyətindən yararlanaraq, özünü xilaskar kimi təqdim etməklə, 1997-ci ildə adını əbədiləşdirmək məqsədilə Parlamentin, 15 iyunun – Milli Qurtuluş Günü və rəsmi dövlət bayramı olması haqqında, qərar verməsinə nail olub. Uzun illər sovet hakimiyyətinin KQB sistemində, Kommunist Partiyası sıralarında və SSRİ-nin rəhbər sturukturlarında işləyən H.Əliyev qazandığı təcrübə hesabına, siyasi vəziyyəti böyük ustalıqla öz xeyrinə dəyişə bilmişdir. Xalqın etimadından sui-istifadə edərək, hakimiyyəti mənimsəmiş, bütün siyasi rəqiblərini həbs, işgəncə və bu kimi yollarla sıradan çıxarmış və sonra oğlu İlham Əliyevə ötürmüşdür.
H.Əliyev Azərbaycan xalqına və dövlətinə xəyanət etmiş, Konstitusiyanı pozaraq, sülalə hakimiyyətinin əsasını qoymuşdur. Bu gün ölkədə rüşvətin, korrupsiyanın, yerlibazlığın və bu kimi dövləti cinayətlərin yayılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, ikinci dəfə Azərbaycanda iqtidara gəlməklə və bu halı Milli Qurtuluş kimi təqdim etməklə, Azərbaycanın milli maraqlarını ayaqlar altına atıb. Saxta Qurtuluş Günü Azərbaycan xalqının səfil və rəzil günə düşməsinin başlanğıcıdır.
Biz - mühacirətdə yaşayan azərbaycanlılar bu gündən imtina edirik və bütün xalqı da imtinaya səsləyirik. 18 Oktyabr - Azərbaycanın Müstəqillik Günü sadə iş günü olduğu halda, Milli Məclis sədrinin seçildiyi gün, niyə rəsmi dövlət bayramı kimi qeyd edilməlidir? Ömrünün 70 ilini Azərbaycan xalqının ziyalısını, mütəfəkkirini sürgünə göndərən, qətl edən Kommunist Partiyasına xidmət edən Heydər Əliyev, bir günün içində azərbaycanlıların xilaskarına necə çevrilə bilər? 15 iyunda Əliyev xalqı kimdən xilas etdi ki, bu günün adını da Milli Qurtuluş qoydu?! Saxta qurtuluşa, yalançı inkişafa yox deyirik. Biz ölkəmizi belə saxta bayramlardan, saxta inkişaflardan azad etmək istəyirik və mütləq azad edəcəyik.
Əliyev rejiminə səslənirik, Azərbaycan xalqını bundan artıq aşağılamayın, dövləti bundan fazla talan etməyin. İnsanları məhdudiyyət, qorxu, həbs və ölümlə idarə edə bilməyəcəksiz. Baxın, diktator rejimlərin sonu çox faciəli olur. Mütləq, bu faciəni siz də yaşayacaqsız. Ölkədə yaratdığınız özbaşınalıq, talançılıq, əxlaqsızlığın kəndiri sizin öz boynunuza dolanıb, bunlar çoxaldıqca intihar kəndiriniz də daralır. Bu gün övladına bir tikə çörək apara bilməyən atanın intihar səbəbi sizin harınlığınızdır, saxta qurtuluşun yaratdığı faciədir. Günahsız məhbusların ahı, gecələri aclıqdan qarınlarına “daş bağlayan“ vətəndaşların fəryadı, canını qoruya bilmədiyiniz, qanını torpaqlarımızla birlikdə düşmənə peşkəş etdiyiniz şəhidlərimizin ruhları sizin kabusunuz olacaqlar. Xalq Heydər Əliyevin heykəllərini aşırtmadan, hökuməti xalqa qaytarın.
Azərbaycanı düşmən qarşısında təslimçi və zəlil hala salmısınız. Milyardlar xərclədiyinizi iddia etdiyiniz ordu, düşməni qorxuya salmırsa, əksinə Ermənistanın baş naziri Şuşada “at oynadırsa“, Şuşanı qondarma respublikanın başkəndi elan edirsə, iddialarınız yalandan başqa bir şey deyil. Azərbaycan polisi vətəndaşın evinə girib, çılpaq və nümayişkəranə aparırsa, məqsədiniz Azərbaycanı bütövlükdə ermənilərə təslim etməkdir. Bu günə qədər ölkədə sabitlik yaratdığınızı iddia edirdiniz. Lakin vətəndaş sizə güvənmir, canını və malını öz evində təhlükəsiz hesab etmir, Azərbaycan polisi işğalçı və terrorçu erməni əsgərindən daha qorxulu olub. Vətəndaş əmlakının, canının güvəndə olmadığı qorxusuyla yaşayırsa, siz hansı sabitlikdən danışırsız? Budurmu, qurtuluş, budurmu Heydər Əliyevin xilas və inkişaf yolu?!
Azərbaycanın tarixinə daha bir qara gün saldınız. 8 iyun polisin vətəndaşa qarşı zorakılığ və işgəncəsi kimi yadda qalacaq.
Saxta Qurtuluşa son, diktatora istefa! Polis zorakılığını durdurun! Siyasi məhbusları dərhal azad edin! Bunlar bizim şuarımız olacaq, siz qana bulaşmış əlinizi bu xalqdan çəkənə qədər. Bu şuarlarla bütün dünyada sizi rüsvay edəcəyik.
Rədd olsun diktaror Əliyev! Rədd olsun saxta Qurtuluş! Rədd olsun qəsbkar və cinayətkar hakimiyyət! Rədd olsun İlham!

Oxunuş sayı 1625 dəfə
Şərh vermək üçün giriş edin
Top