Çərşənbə axşamı, 16 İyun 2020 15:10

Sərhəddə baş verən silah hücuma görə Azərbaycan dövləti məsuldur - BƏYANAT

Rusiya-Azərbaycan sərhəddində qalan azərbaycanlılara qarşı rus polisinin hücumu ilə bağlı "Kölgə" YB etiraz bəyanatı yayıb. Xeberinfo.de həmin bəyanatı təqdim edir: 

"Rusiya Xüsusi Təyinatlı Polis Dəstəsinin Rusiya-Azərbaycan sərhəddində azərbaycanlılara qarşı silahlı hücumuna

“Kölgə“ Yardım Birliyinin etiraz

BƏYANATI

Covid-19-la əlaqədar Rusiya Federativ Respublikasında fəhləlik edən təqribən 600 azərbaycanlı Azərbaycana qayıtmaq üçün aylar idi ki, Rusiya-Azərbaycan sərhəddində gözləyirdilər. Azərbaycan tərəfi vətəndaşlarını doğma vətənlərinə buraxmır, onların teleylərilə maraqlanmırdı. Bu barədə dəfələrlə mətbuatda videogörüntülər yayılmış, 600 azərbaycanlının həyati təhlükələri haqqında həyəcan siqnalı çalınmışdı. Lakin Azərbaycan dövləti vətəndaşlarına sahib çıxmamış, ölkə qapılarını onların üzünə bağlamışdır.

Qeyd edək ki, Azərbaycan vətəndaşları, xüsusən tələbələr Türkiyə Cümhuriyyətində də eyni halı yaşamışdılar.

Beləliklə, dünən (15.06.202) gecə saatlarında (saxta qurtuluş günü hədiyyəsi olaraq) sərhəddə qalan azərbaycanlılar etiraz etdikləri üçün Rusiya Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) onlara qarşı fiziki güc tətbiq etmiş, silah işlətmişdir. Yayılan məlumatlara görə, 3 azərbaycanlı həyatını itirmiş, yüzlərlə soydaşımız yaralanmışdır.

“Kölgə” bu hadisədə Azərbaycan dövlətini və şəxsən İlham Əliyevi məsul bilir, sərhəddə qalan azərbaycanlıların ölkəyə gətirilməsini Azərbaycan hökumətindən tələb edir.

Eyni zamanda rus polisinin vəhşiliyini pisləyir, cinayətkarların dərhal cəzalandırılmasını zəruri hesab edir.

Diqqətə çatdırır ki, bu, Rusiyanın bizə - Azərbaycana qarşı etdiyi ilk vəhşilik deyil. Rusiya dəfələrlə azərbaycanlılara qarşı bu kimi qəddarlığa imza atıb və “şimal ayısı”nın bütün cinayətləri cavabsız qalıb.

“Kölgə” bəyan edir ki, OMON bu vəhşiliyi Rusiya Dövləti adından etdiyi üçün, beynəlxalq təşkilatlar Rusiya Federativ Respublikasının bu addımına hüquqi qiymət verməlidir.

“Kölgə” vətəndaşlarımıza qarşı belə beynəlxalq cinayətlərin olmaması üçün hökumətdən tələb edir:

  1. Azərbaycan Hökuməti dərhal Rusiya Federativ Respublikasından məlum hadisə ilə bağlı izahat tələb etsin;
  2. Sərhəddə qalan azərbaycanlılar dərhal ölkəyə gətirilsin və onların təhlükəsizliyi təmin edilsin;
  3. İlham Əliyev ölkəni digər dövlətlər qarşısında təslimçi vəziyyətə, vətəndaşları səfil və çarəsiz günə saldığı üçün xalqdan üzr istəməklə, bütün komandası ilə istefa versin.

“Kölgə” YB

16.06.2020,

Almaniya"

Oxunuş sayı 1436 dəfə
Şərh vermək üçün giriş edin
Top